Hikmət Babaoğlu: “Azərbaycanda dini radikalizmi sosial sifariş kimi ortaya çıxaracaq hər hansı bir səbəb yoxdur”
Məlum olduğu kimi, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.
Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunması məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, məlum cinayəti törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bəllidir ki, bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və əhalini qorxutmaq məqsədilə törədilib.
Bəziləri Gəncə hadisələrinin dinlə bağlı olduğunu iddia edirlər. Ancaq unutmaq lazım deyil ki, islam mərhəmət və şəfqət dinidir. Bu səbəbdən də terror hadisələrinin dini şüarlar altında pərdələnməsi cəhdləri yolverilməzdir.
Xatırladaq ki, bir neçə gün öncə respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda iştirak edən Prezident İlham Əliyev bildirib ki, terror aktlarının dini şüarlar altında törədilməsi islam dininə qarşı ən böyük cinayətdir: “Çünki islam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bildiyiniz kimi, ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub, İslam Həmrəyliyi Oyunları keçirilib. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülüb. Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə ən yüksək qiymət verir. Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına bizim tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Yəni bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər”.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Gəncədə baş verən hadisələrin dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə, bu hadisəni törədən terrorçular dini özlərinə pərdə edən radikal qruplaşmalardır: “Artıq hər kəsə bəllidir ki, Azərbaycanda din, fikir və söz azadlığı var. Mömin insanlar öz ibadətlərini yerinə yetirmək üçün hər bir şəraitlə təmin olunublar. Dövlətin dinə münasibəti həm hüquqi, həm də real ictimai münasibətlər səviyyəsində ən yüksək səviyyədədir. Bu səbəbdən də Azərbaycanda dini radikalizmi sosial sifariş kimi ortaya çıxaracaq hər hansı bir səbəb yoxdur. Radikalizm bütövlükdə Azərbaycan cəmiyyətinin sifarişi deyil. Belə olan halda, din adı altında terror törədənlər məqsədli şəkildə bunu edirlər və ayrı-ayrı xarici qruplaşmalar tərəfindən maliyyələşdirilən dəstələrdir. Bu səbəbdən də Azərbaycan ictimaiyyəti baş verən hadisəni elə bu cür qiymətləndirir”.
Millət vəkilinin sözlərinə görə, terrorizmin üç növü var. Onlar fiziki, ideoloji və informasiya terroru sayılır: “Məhz Gəncədə baş verən terror zamanı terror şəbəkəsi üç növdən Azərbaycan cəmiyyətinə qarşı istifadə edib. İdeoloji, mənəvi baxımdan dinimizi öz əməllərinə alət etdilər. Fiziki terror Azərbaycan vətəndaşının təhlükəsizliyini təhdid etməyə və eyni zamanda, dövlətimizin etibarını gözdən salmağa xidmət edirdi. Nəhayət, informasiya terroru isə sosial şəbəkələrdən və internet resurslarından Azərbaycan cəmiyyətinə məlum hadisəni yanlış şəkildə təqdim etməyə çalışdılar. Ancaq onlar Azərbaycanda savadlı, yetkin cəmiyyətin və güclü hüquq-mühafizə orqanlarının olduğunu unutdular. Savadlı cəmiyyətin və güclü hüquq-mühafizə orqanlarının birgə səyi radikal qrupların niyyətini puç etdi. Beləliklə, terrorçular öz məqsədlərini Azərbaycanda realizə edə bilmədilər. Hesab edirəm ki, bu sahədə Azərbaycan mediasının öz rolu oldu. Azərbaycan cəmiyyəti bu sınaqdan üzüağ çıxmağı bacardı”.
Günel CƏLİLOVA