Məhəmməd Əsədullazadə: “Ermənistan əhalisi çıxış yolunu Qərbə inteqrasiyada görür”
Ermənistan cəmiyyəti daxilində bu ölkənin ənənəvi müttəfiqlərinə etibar azalıb. Bunu erməni mətbuatına açıqlamasında Avropa İttifaqının nümayəndəsi Pyotr Svitalski deyib.
Avropalı diplomat qeyd edib ki, Ermənistan əhalisinin 70 faizi Avropa İttifaqına etibar edir: “Ermənistanda əhalinin 70 faizi Avropa İttifaqına güvənir. Sevindirici haldır ki, Ermənistan üzünü Avropa İttifaqına çevirib və Avrasiya İttifaqına güvən azalıb. Çünki ermənilər Avropa İttifaqının onların ölkəsinə maliyyə yardımı ayırmasından məmnundurlar”.
P.Svitalskinin sözlərinə görə, Ermənistanda Aİ-yə olan etimad səviyyəsi 2017-ci ildə 5 faiz artıb. Ancaq Avrasiya İqtisadi Birliyinə inam azalaraq 48 faizə düşüb: “Ermənilərin 80 faizinin Aİ ilə münasibətləri yaxşı səviyyədədir. Onların 69 faizi Aİ tərəfindən maliyyə dəstəyini dəyərləndirir. Digər 66 faiz isə bu dəstəyin effektivliyinə inanır. Necə deyərlər, erməni xalqı fəaliyyətimizi dəyərləndirsə, işimizi davam etdirəcəyik”.
Göründüyü kimi, Ermənistanın var olmasının kökündə Rusiya dursa da, bu heç də o demək deyil ki, onlar bu dövlətin yanındadırlar. Fürsət düşən kimi onlar Avropaya can atırlar. Digər tərəfdən, ermənilərin xislətinə xas olan bir xüsusiyyət də ondan ibarətdir ki, kim pul verirsə, onun yanında dururlar.
Bütün hallarda, erməni cəmiyyətində Aİ-yə münasibətdə bu yanaşma Ermənistan-Rusiya münasibətlərinin gələcəyi üçün nə vəd edir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın 20 ildən artıqdır Rusiyanın forpostu olması bu ölkənin müstəqilliyinin faktiki şəkildə itirilməsi deməkdir: “Bu müddət ərzində erməni əhalisi, demək olar ki, iqtisadi və sosial səfalət içərisində yaşamağa məcbur olub. Demək olar ki, Ermənistanın bütün infrastrukturu Rusiyanın inhisarında olaraq, əhalinin məşğulluq səviyyəsi çox aşağı səviyyədədir. Əhali bu çətin vəziyyəti Rusiyanın Ermənistanı nəzarətdə saxlamağında görür. Ermənistanda Qarabağ klanını təmsil edən Robert Köçəryan və Serj Sarkisyan rejimi ölkədə öz hakimiyyətlərini qorumaq üçün Ermənistanı Rusiyanın inhisarına vermişdilər. Bu illər ərzində Rusiyaya qarşı qəzəb formalaşıb. Ona görə də bu problemdən çıxmaq üçün siyasi və ictimai çevrədə geniş işlər aparılıb. Məhz Nikol Paşinyanın etirazlar fonunda Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırması birbaşa Rusiyaya qarşı yönəlmişdi. Əsas məqsəd Rusiyanın Ermənistanda təsirini zəiflədərək Qərbə inteqrasiyanı təmin etməkdir. Ermənistan əhalisi də məhz çıxış yolunu Qərbə inteqrasiyada görür. Avropa İttifqanın Ermənistanda nümayəndəsinin fikirləri həqiqəti əks etdirir. Hesab edirəm ki, Rusiya Ermənistandan çıxarsa, Azərbaycan işğal olunmuş əraziləri azad edəcək. Nikol Paşinyanın Qərbpərəst siyasəti Rusiyanı nararhat etməkdədir. Rusiya ictimai-siyasi çevrələrində Ermənistana və baş nazir Paşinyana qarşı kampaniyalar davam edir. Hesab edirəm ki, yeni hakimiyyətin əsas məqsədi Rusiyasız Ermənistan qurmaqdır. Bu da yaxın perspektivdə iki ölkə arasında dərin uçurum yaradacaq. Biz növəti mərhələdə İrəvan-Moskva siyasi qarşıdurmasının şahidi olacağıq. Putin çalışacaq ki, Ermənistanda yeni syasi müxalifət ortaya çıxarıb, əksinqilab edərək Ermənistanın yeni hakimiyyətinə zərbə vursun”.
Vidadi ORDAHALLI