Yeganə Hacıyeva: “Çünki təhlükəsizlik baxımından onların açıqlanıb sənəd halına salınmasına lüzum görülməyib”
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın təkbətək görüşü başa çatıb. Görüş 2 saat 10 dəqiqə çəkib. İlkin olaraq prezidentlərin tet-a-tet görüşünün 1,5 saat davam edəcəyi gözlənilirdi.
ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü dəyərləndirərkən bildirib: "Bu, yaxşı başlanğıc idi". Qeyd edək ki, bu ifadə prezidentlərin təkbətək görüşü ilə bağlı söylənilən yeganə sözdür. Başqa heç bir təfərrüat açıqlanmır. Qeyd edək ki, bu, V.Putinlə D.Trampın ilk təkbətək görüşüdür.
Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə etdiyi bildirilir. Helsinkini görüş yeri kimi Finlandiya Prezidenti Sauli Niinisto təklif edib. Bundan əvvəl mümkün görüş yeri kimi Vyana və Brüsselin adları çəkilirdi. Lakin sonda həm ABŞ, həm də Rusiya üçün çox "rahat" məkan seçilib. Tramp Finlandiya paytaxtına NATO-nun Brüsseldəki görüşündən, Putin isə futbol üzrə Dünya çempionatının bağlanış mərasimindən sonra gedib.
Xatırladaq ki, dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış Mixail Qorbaçovla Corc Buş arasında ilk görüş də 1990-cı ildə Helsinkidə baş tutub.
Ən maraqlısı isə budur ki, sonra birgə bəyanat imzalanmadı. Tərəflər yalnız birgə mətbuat konfransı keçirməklə kifayətlənmiş oldular. Adətən belə hallar mühüm razılaşmaların əldə edilmədiyi görüşlərə xas olur. Görüşdən sonra birgə bəyanatın imzalanmaması nəyə dəlalət edə bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, bütün dünyanın nəzərinin cəmləşdiyi bu görüşlə bağlı gözləntilər həddən artıq çox idi: “ABŞ və Rusiya KİV-lərinin təbliğatı ona yönəlib ki, məlum görüş barədə səmərəsiz rəy yaradılmasın. Mən deyərdim ki, dünyanın böyük zərurət duyduğu bu görüş hətta bir qədər gecikib. Çünki iki dünya gücünün Yaxın Şərq, İran, Mərkəzi Asiya və həmçinin, Cənubi Qafqaz siyasətində uzlaşma ehtiyacı yaranıb. İki dövlət arasındakı münasibətlər o qədər sərin məcraya yönəlib ki, hətta Sovetlər dönəminin “soyuq müharibə” aurasını xatırlatdı. Dünyanın bir çox zəruri sayılan sülh və əminamanlığının təmini məhz bu iki ölkə arasında əldə olunan razılaşmadan keçir. Rusiyanın bu görüşdən konkret gözləntiləri sanksiyaların aradan qaldırılmasının yollarını axtarmaq və İran mövzusunda razılaşmanın əldə edilməsindən ibarət olub. Moskva, həmçinin, Mərkəzi Asiya və Xəzər regionu, Yaxın Şərq üzrə razılığın əldə olunmasında maraqlı olub. ABŞ isə sanksiyalar mövzusunda danışıqlar aparmağı lazım bilməyib. Çünki bu məsələdə onun hələ ki, güzəştə gedəcəyi nəsə yoxdur. ABŞ-ın razılıq əldə etmək istədiyi ən birinci məqam İranla bağlı olub. Vaşinqtonu, eyni zamanda, Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizləri də maraqlandırıb. Bu regionda tərəflər daha çox nəqliyyat dəhlizləri ilə bağlı mübarizə aparırlar. Son illər ərzində biz Mərkəzi Asiyanı əhatə qruplaşmalarının fəaliyyətinin Rusiya sərhədlərinə yaxınlaşdığının şahidi oluruq. Bura xüsusilə də Talibanın fəaliyyətini aid edə bilərik. Tərəfləri narahat edən mövzulardan biri də bu istiqamət olub. Konkret olaraq deyə bilərəm ki, görüşdə razılaşdırılmış məqamlar İran və Mərkəzi Asiya ilə bağlı olub. Bu da siyasətlərin uzlaşması kimi başa düşülə bilər. Yəni konkret razılaşmadan söhbət getmir. Sanksiyalar və Suriya məsələsi ilə bağlı isə tərəflər prinsipial mövqelərində qalıblar. Birgə bəyannamənin olmamasına gəldikdə isə, bu, görüşdə əldə olunan razılaşmaların motivi ilə bağlıdır. Çünki təhlükəsizlik baxımından onların açıqlanmasına və sənəd halına salınmasına lüzum görülməyib. Bu görüşü tam səmərəsiz də saymaq olmaz. Bunun nəticəsini biz yaxınlarda hiss edəcəyik. Əsasən də Mərkəzi Asiya və İranla bağlı yeniliklərin şahidi olacağıq. Çünki bu istiqamətlər üzrə ortaq məxrəcin tapıldığı qənaətindəyəm”.
Məhəmmədəli QƏRİBLİ