Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövcud vəziyyətin təhlili işğalçı Ermənistanın diplomatik sahədə yeni əsassız gedişlərinin Azərbaycan tərəfindən çox uğurla neytrallaşdırıldığını göstərir. Hətta qarşı tərəfdə indi etiraflar səslənir ki, Bakının diplomatik gedişləri İrəvanı getdikcə daha çətin vəziyyətə salır.
Bütün bunlar da düşmən tərəfinin manevr imkanlarını məhdudlaşdırır. Azərbaycan isə yaranmış durumda mövqeyini kifayət qədər aydın şəkildə ortaya qoyaraq konfliktin dinc müstəvidə həllinin tezləşmiəsini, əldə edilən razılıqların icrasının vacib olduğunu bəyan edir. Xarici işlər naziri Elmar Məmmədyarov bu xüsusda bildirir: “2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin. Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Yox, Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər. Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.
Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr bütün bunlar müqabilində öncə sərsəm mövqe nmüayiş etdirməyə başladırlar. Məsələn, belə bir məqam gündəmə gətirildi ki, işğal olunmuş ərazilərdəki separatçı rejim danışıqlar prosesinə qatılmalıdır. Amma Bakı əvvəlcədən bunun mümkünsüz və savaşa yol açan bir hal olduğunu bəyan etdi. Ardınca hərbi və diplomatik müstəvidə edilən gedişlər rəsmi İrəvana bir növ dərs oldu. Bunu elə erməni mediası özü də təsdiqləyir. Məsələn, “1in.am” portalı bu xüsusda yazır: “Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfər edib. Buna paralel olaraq, məlum olub ki, Brüsseldə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Bu, Ermənistanda “məxməri inqilab”ın baş verməsindən və Azərbaycanda prezident seçkilərinin keçirilməsindən sonra xarici işlər nazirlərinin ilk görüşüdür. Bu, eyni zamanda, Nikol Paşinyanın 9 mayda Xankəndidə Dağlıq Qarabağın danışıqlar prosesinə geri dönməsi haqqında verdiyi bəyanatdan sonra Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşüdür. Nikol Paşinyanın bu bəyanatı ikimənalı deyil, birmənalı olub və mahiyyətcə imperativ - ilkin şərt əhəmiyyətli idi. O nəzərdə tuturdu ki, Dağlıq Qarabağın iştirakı təmin edilməyəcəksə, bu andan başlayaraq Ermənistan Qarabağ münaqişəsinin həllində iştirak etməyəcək. İndi isə Ermənistan, faktiki olaraq, XİN başçılarının görüşündə iştirak edir, bu da Nikol Paşinyanın imperativ - ilkin şərt əhəmiyyətli bəyanatından geri çəkilmədir. Artıq təəssürat yaranır ki, erməni tərəfi Qarabağın danışıqlar prosesinə geri döndərilməsi tələbindən imtina edib. Xarici işlər naziri Zöhrab Mnasakanyanın “Şant” televiziya kampaniyasının “Horizont” verilişinə verdiyi son müsahibə də belə təəssürat yaradır. O, danışıqlar prosesini kifayət qədər geniş şərh edir, lakin bu şərhdə Ermənistanın Qarabağın danışıqlar prosesinə geri qaytarılması prinsipini rəhbər tutmağa davam etməsi haqqında hər hansı bir bəyanat səslənmir. Onun fikirlərində Qarabağın danışıqlar prosesinin tamhüquqlu tərəfi edilməsi barədə bir söz belə yoxdur. Bunun Nikol Paşinyanın baş nazir seçilməsinin ertəsi günü verdiyi birinci konseptual bəyanatı olması haqqında da bir söz belə yoxdur. Bu müddətdə nə dəyişib, nə üçün Ermənistan dolayısı ilə bu tələbdən imtina edir? Bu suallara birbaşa cavab, əlbəttə, yoxdur - ən azı ictimai səviyyədə. Lakin bu suallara dolayı cavablar ötən həftə baş tutan görüşdə və onun haqqında verilən məlumatda gizlənmiş ola bilər. Bir neçə gün bundan öncə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşevlə görüşüb və bu görüş gedişində, rəsmi məlumata əsasən, “Moskvanın bütün tərəflərin maraqları nəzərə alınmaqla Qarabağ münaqişəsinin dinc yolla və mərhələli tənzimlənməsi lehinə olan mövqeyi yenidən təsdiq edilib”. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin press-relizində qeyd edilir ki, “Rusiyanın regionda sabitlik, bütün tərəflərin maraqları nəzərə alınmaqla, Qarabağ probleminin dinc, mərhələli tənzimlənməsini dəstəkləyən mövqeyi təsdiqlənib”.
Burada bizim üçün ən diqqətçəkici və ən təhlükəli olanı danışıqlar prosesində Qarabağdakı rejimin iştirakını istisna edən mərhələli həllə vurğu edilməsidir. Belə ki, mərhələli həll variantında Qarabağ danışıqların subyekti kimi iştirak etmir, onun obyekti olur.
Putin-Tramp görüşü, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü və Nikol Paşinyanın Brüssel səfəri öncəsi Rusiyanı Təhlükəsizlik Şurasının katibi səviyyəsində Qarabağ münaqişəsinin mərhələli həlli variantını xatırlatmağa nə məcbur etdi? Rusiyanın təzyiqilə danışıqlar prosesində Dağlıq Qarabağın iştirak etməsi tələbindən geri çəkilmə baş verirmi?
Bütün bunlar da hələlik cavabı olmayan suallardır və onlara cavablar, yəqin ki, yaxın günlərdə ortaya çıxacaq. Bu kontekstdə Rusiyanın ekspert dairələrinin, o cümlədən Aleksandr Duqinin Serj Sarkisyanın baş nazir postunda qalması üçün Rusiyanın razılığının alınması qarşılığında, 5 rayonun geri qaytarılmasına Ermənistandakı “məxməri inqilab”adək razılıq verməsi haqqındakı bəyanatları tamamilə başqa məna kəsb edir. Serj Sarkisyan artıq baş nazir deyil, lakin xarici siyasət məsələlərində əvvəlki hakimiyyətin kursunu davam etdirəcəyini bəyan edən Nikol Paşinyan baş nazirdir. Bu, Ermənistan üçün təhlükəlidir, Azərbaycan üçün isə yeni qələbədir”. Beləliklə, erməni mediasının yazdıqlarından çox aydın görünür ki, Azərbaycan Qarabağ məsələsində İrəvanı yenidən məğlubiyyətə uğradıb. Digər tərəfdən Rusiyanın burada gedişləri Ermənistan üçün yeni sərt zərbə olub və elə bu da Bakının uğuru sayılır. Rusiya politoloqu, sosioloq və filosof, “Beynəlxalq Avrasiya hərəkatı”nın lideri Aleksandr Duqinin Ermənistan nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər də əslində proseslərin məhz Bakının istədiyi məcrada inkiaşf etdiyini göstərir. Öncə “Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı foruma toxunan Duqin bildirir: “Faktiki olaraq bu forum Cənubi Qafqazda yaranmış geopolitik gerçəkliklər kontekstində Bakının Rusiyaya yaxınlığını vurğulayıb. Ermənistanda yeni baş nazir Paşinyanın hakimiyyətə gəlişindən sonra keçmiş rəhbərliklə əldə edilmiş anlaşmalar - Qarabağ ətrafındakı yeddi-beş rayonun Azərbaycana qaytarılması - Qarabağda sabitliyin təminatına açar idi, amma bu anlaşmalar ləğv olunub. Serj Sarksiyan uzun müddət bu danışıqları aparıb və bu, Rusiyanın Azərbaycanla münasibətlərini möhkəmləndirməyə imkan verərdi, amma Ermənistana qarşı deyil, bütün xalqların xeyrinədir. Bütün bunlar dayandırılıb və ləğv edilib. Rusiya Ermənistanın müttəfiqi olmaqla, əslində müxtəlif strateji məsələlərdə Azərbaycana getdikcə daha çox yaxınlaşır. Paşinyann siyasəti bu sazişləri zərbə altında qoyub ki, bu da öz növbəsində durumun gərginləşməsinə səbəb ola bilər. Bu konfransı buna görə keçirmişik. Bu konfransda ermənilərə və Ermənistana ünvanlanan heç bir tənqid olmayıb, söhbət əməkdaşlıqdan və yalnız Ermənistan hökumətinin qatıldığı sazişlərin yerinə yetirilməsindən gedib. Yeni hakimiyyət bu rayonların Azərbaycana dinc və qeyri-hərbi yollarla qaytarılmasını şübhə altına qoyub“. Ekspert vurğulayır ki, Rusiyanın Azərbaycanla yaxınlaşması ölkəmizin suveren qərarıdır: “Amma bu yaxınlaşma dinc olsun deyə buna Ermənistan da qatılmalıdır, bu yaxınlaşma Ermənistana qarşı deyil. Cənab Paşinyan Serj Sarkisyanın yolunu davam etdirsə, Bakı və Moskva arasında yaxınlaşma ancaq sürətlənəcək və inanın, bu, Ermənistana qarşı deyil. Rusiya sülh istəyir, bütün tərəflərin maraqlarını nəzərə almaqla tənzimləməyə getmək istəyir. Beş rayonun qaytarılması bütün tərəfləri qane edir, çünki bundan Ermənistanın da öz mənfəəti var. Siz təkcə bu rayonları vermirsiniz, həm də Azərbaycan Prezidenti əvəzində həm iqtisadi əməkdaşlıq üçün güzəştlər təqdim etməyə, həm də Ermənistan-Türkiyə sərhədinin açılmasına şərait yaratmağa hazırdır. Ermənistan blokadadan çıxacaq, düşmənçilik yox olacaq. Mən Ermənistan tərəfinin bütün bunları necə şərh etdiyinə, sadəcə, mat qalmışam”. Ekspertin Lələtəpəyə gedişləri və bunun erməni cəmiyyətində narazılıq doğurması ilə bağıl suala cavabı isə xeyli sərt olub: “Birinci növbədə, yəqin bilirsiniz, Rusiyanın fikrincə, bütün Qarabağ Azərbaycanın ərazisidir, beynəlxalq hüquq belə təsbit edir. Və düşünürəm ki, ölkəmin Azərbaycan ərazisi saydığı əraziyə səfər etmək yetərincə adi məsələdir. İkincisi, bu, Lələtəpə yüksəkliyinə səfər idi, hərbi xarakter daşımırdı, əlimdə silah yox idi və hərbi əməliyyatda iştirak etmirdim. Anlamaq istəyirdim ki, proseslər necə inkişaf edir, nə qədər dağıdıcı, təhlükəlidir, gələcək hadisələr necə ola bilər. Demək istəyirəm ki, bu ərazini Azərbaycan ərazisi kimi tanıyırıq və hüquqi baxımdan heç bir pozuntu etməmişəm”. Bütün bunlar Qarabağ məsələsinə Rusiyada baxışların dəyişdiyini və belə vəziyyətin Azərbaycanın real diplomatik uğuru olduğunu açıq nümayiş etdirir. İrəvanın isə bunlara uzun müddət müqavimət göstərə bilməsi mümkünsüz sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.