Azər Həsrət: “Cəmiyyəti xaosa sürükləmək məqsədilə neqativ fikirlər yayan, tirajlayan, bu və ya digər şəkildə çağırışlar, məlumatlar istehsal edən istənilən internet resursu, sayt, bloq və sosial şəbəkə səhifəsi mütləq şəkildə anındaca qapadılmalıdır” Müşfiq Ələsgərli: “O saytların, bloqların fəaliyyəti Azərbaycan cəmiyyətində sabitliyin pozulmasına, iğtişaş yaratmağa, qanunazidd əməllər törətməyə yönəlibsə, onlar bloklanmalıdır”
Azərbaycanı istəməyən daxili və xarici qüvvələr son həftələr yenidən aktivləşiblər. Özü də onlar bəzi saytların, bloqların və sosial şəbəkələrin imkanlarından istifadə edirlər. Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı düşmən kəsilən bəzi saytlar, bloq və sosial şəbəkə istifadəçiləri xalqı çaşdırmaq, ədavət, qarşıdurma, xaos yaratmaq yolunu tutaraq, qanunvericiliyə zidd fikirlər yaymaqdan çəkinmirlər.
Qeyd edək ki, bu qara qüvvələr bütün qarayaxma, şər-böhtan, qızışdırıcı üsullardan istifadə edərək cəmiyyətdə qarışıqlıq yaratmağa cəhdlər edirlər. Məlum olduğu kimi, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ölkənin paytaxtında və bir çox bölgəsində enerji təminatı dayandırılmışdı. Enerji təminatının dayandığı vaxtlarda da həmin qüvvələr müxtəlif neqativ fikirlər yayır, insanları təxribata səsləyən yazılar paylaşırdılar. Hadisənin ardınca isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə qarşı həyata keçirilən silahlı hücumdan sonar da bəzi saytlar, bloqlar və sosial şəbəkə istifadəçiləri təxribatçı fikirlər yaymaqda davam etdilər. Bəzi saytlar, bloq və sosial şəbəkə istifadəçiləri Azərbaycan dövlətçiliyinin əleyhinə işlədilər. Onların insanları təxribata, cinayətə sürükləyən çağırışlarının əsasını Azərbaycan dövlətini parçalamaq, xalq və dövlət arasındakı etibarlı əlaqəni, körpünü zədələmək təşkil edirdi. Ölkədə xaos, qarışıqlıq yaratmaq istəyən qüvvələr bəzi sayt, bloq və sosial şəbəkə səhifələrində camaatı məmurları öldürməyə səsləyirdilər. Açıq şəkildə bəyan edirdilər ki, siz də rayonunuzun icra başçısını, məmurları öldürün, qətlə yetirin, dövlət məmurunu öldürən şəxs üçün “cənnətin qapıları açıqdır” deyə şüar səsləndirənlər də vardı. İki-üç gün əvvəl Gəncədə bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydana toplaşaraq asayişi, sabitliyi pozmağa cəhd göstərdi, “dindar” adı ilə pərdələnərək küt, kəsici və deşici alətlərlə polislərə hücum etdi, nəticədə asayiş pozucuları, təxribatçılar tərəfindən iki yüksək çinli polis zabiti qətlə yetirildi. Bu təxribatçılara da bəzi saytlar, bloqlar və sosial şəbəkə istifadəçiləri açıq-aşkar dəstək göstərdilər. İnsanları silahlı dəstələr düzəltməyə, ölkədəki əminamanlığı pozmağa, təxribata səsləyən, çağıran bəzi sayt, bloq və sosial şəbəkə istifadəçilərinin fəaliyyətinin qarşısını necə almaq olar? Azərbaycan əleyhinə düşmən mövqeyi sərgiləyən bəzi sayt, bloq və sosial şəbəkə səhifələrinin ifşa edilməsi istiqamətində nə kimi işlər görülməlidir?
Tanınmış media eksperti, Əməkdar jurnalist Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən saytların, bloq və sosial şəbəkə istifadəçilərinin əməllərinə hüquqi müstəvidə qiymət verilməlidir. Bu qüvvələrin açıq şəkildə təxribat törətmək, xaos, qarışıqlıq yaratmaqla bağlı çağırışlar etdiyini deyən A.Həsrət hesab edir ki, o saytlara, bloqlara və sosial şəbəkə istifadəçilərinə qarşı hüquq-mühafizə orqanları lazımi tədbirlər görməlidirlər. “Əlbəttə ki, bu neqativ işi həyata keçirən, qızışdırıcı, təxribatçı, xaos yaratmağa hesablanan çağırışlar edən resursların əməllərinin ifşa edilməsi məsələsində qanunun gücündən istifadə edilməlidir. Yəni cəmiyyəti xaosa sürükləmək üçün neqativ fikirlər yayan, tirajlayan, bu və ya digər şəkildə çağırışlar, məlumatlar istehsal edən istənilən internet resursu, sayt, bloq və sosial şəbəkə səhifəsi mütləq şəkildə anındaca qapadılmalıdır. Eyni zamanda da sosial şəbəkələrdən bu məqsədlə istifadə edən fərdlər və təşkilatlar dərhal məsuliyyətə cəlb edilməlidirlər. Ona görə ki, onların məlum çağırışları gətirib Gəncədəki facilərə səbəb ola bilər. Bu cinayətlərin, faciələrin təkrarlanmaması üçün bu cəzaların tətbiq edilməsi lazımdır, vacibdir. Buna görə də bizi heç kəs tənqid edə bilməz”-deyə A.Həsrət bildirdi.
Bundan başqa, A.Həsrət qeyd etdi ki, insanları təxribata, asayişi pozmağa, silahlı dəstə yaratmağa çağıran qara qüvvələrə qarşı mübarizədə vətəndaşlar da dövlətə dəstək verməlidirlər: “Onlarla mübarizə işi yalnız dövlətin üzərinə düşmür, burada həm də ictimaiyyət, ictimai sferada aktiv olan, cəmiyyətdə gedən prosesləri sağlam təhlil edən insanların da çiyinlərinə böyük vəzifələr düşür. Yəni təxribatçılar, cəmiyyətdə qarşıdurma, xaos, qarışıqlıq yaratmaq istəyən insanlar, təbii ki, bu əməllərini ölkənin hər yerində həyata keçirmək istəyirlər. Bu isə o deməkdir ki, zərbə təkcə dövlətə dəymir, həm də vətəndaşlara dəyir. Ona görə də, düşünürəm ki, dövlət və vətəndaş əl-ələ verərək bu qara qüvvələrə qarşı birgə mübarizə aparmalıdır. Ölkəmizin mövcud qanunları var, Azərbaycan Respublikasının Konstitusiyası var, ifadə, söz azadlığı, bir sözlə, hər cür azadlıqlar qanun çərçivəsində təmin edilir. Qanun çərçivəsindən kənara çıxan istənilən şəxslə bağlı dövlət müvafiq tədbirlər görməli, addımlar atmalıdır. Yəni bu, cəza tədbirləri də, çəkindirici tədbirlər də ola bilər və s. Eyni zamanda, vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Onlar nə etməlidirlər? Əlbəttə, dövlət hər tərəfə nəzarət edir və buna imkanları, resursları var. Ancaq dövlətin diqqətindən yayınan məqamlar da olur ki, həmin məqamların aşkarlanması, dövlətin diqqətinə çatdırılması məsələsində vətəndaşlar da fəallıq etməlidirlər. Vətəndaşlar sosial şəbəkə üzərindən qızışdırıcı, təhrikedici xəbərlər yayan adamların deşifrə edilməsi, aşkarlanması və ifşa edilməsi, tanıdılması, cəmiyyətin ayıq salınması işini görməlidirlər. O cür insanların neqativ əməlləri ilə bağlı cəmiyyətin maariflənməsində hər birimiz fəal olmalıyıq. Digər tərəfdən, bu cür çağırışları edən və edə biləcək potensial internet saytları ilə bağlı müəyyən fəaliyyətlər həyata keçirilməlidir. Bilmirəm bizdə var, ya yox? Yoxdursa, təklif edərdim ki, Dövlət Təhlükəsizliyi Xidməti nəzdində bu cür internet saytları və sosial media fəalları ilə bağlı ayrıca bir monitorinq qrupu fəaliyyət göstərsin. Onlar gündəlik o resursların monitorinqini aparıb təhlillər həyata keçirməli və gələcəklə bağlı proqnozlarını ortaya qoymalıdırlar ki, Gəncədə baş verən hadisələr kimi hadisələr baş verəcəyi təqdirdə artıq qəfil yaxalanmayaq. Yəni proqnozlaşdırılsın ki, bu kimi hadisə filan yerdə ola bilər, bu hadisənin arxasında hansı qüvvələr dayana bilər, əhalinin davranışı necə olmalıdır və s. Bunların öncədən hazırlıqlı olmağımız üçün böyük əhəmiyyəti var”.
Jurnalist Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli də hesab edir ki, bu cür sayt, bloq və sosial şəbəkə istifadəçiləri ilə bağlı sərt tədbirlər görülməlidir. “Bilirsiniz ki, Baş Prokurorluq öz üzərinə düşən məsuliyyətə uyğun olaraq bəzi saytların rəhbərlərini çağırıb və onlara xəbərdarlıq edib ki, bu cür xaos yaradan, qarşıdurmaya səbəb olan informasiyalar, çağırışlar yaymağı dayandırsınlar. Bilirsiniz ki, 2017-ci ildə Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əlavə və dəyişikliklər edilib. Həmin qanun bizim inzibati resurslara bu cür saytları bloklamaq, onların fəaliyyətini dayandırmaq kimi səlahiyyətlər verir. Bu cür insanlarla bağlı həmin qanundan istifadə olunmalıdır. Sosial media da KİV-in bir qoludur və orada yayılan məlumatlar, çağırışlar da hüquqi məsuliyyət doğurur. Sözügedən qanun əsas verir ki, təxribat yayan, insanları neqativ əməllərə, qarşıdurmalara səsləyən saytlara, bloqlara və sosial şəbəkə səhifələrinə qarşı hüqiqi müstəvidə sərt mövqe göstərilsin. Bu imkanı bizə ancaq Azərbaycan qanunvericiliyi deyil, beynəlxalq qanunvericilik də verir. O saytların, bloqların fəaliyyəti Azərbaycan cəmiyyətində sabitliyin pozulmasına, iğtişaş yaratmağa, qanunazidd əməllər törətməyə yönəlibsə, onlar bloklanmalıdır.
Bu media qurumları ilə bağlı hüquq-mühafizə orqanları lazımı addımlar ata bilərlər. Yəni variantlar çoxdur. Ən düzgün variant isə Azərbaycan ictimai rəyinin düzgün formalaşdırılması, düzgün istiqamətə yönləndirilməsidir” - deyə M.Ələsgərli bildirdi.
O hesab edir ki, qara qüvvələrlə mübarizədə vətəndaşlar da aktiv olmalıdırlar. Bunun üçün əhalinin maarifləndirilməsinə ehtiyac olduğunu deyən M.Ələsgərli qeyd etdi ki, ölkədə xaos yaratmaq istəyən qüvvələr hər zaman sosial şəbəkələrdən, internet resurslarından istifadə edirlər: “Bilirsiniz ki, ölkəmizdə baş verən hadisə dünyada ilk hadisə deyil. Hətta “Ərəb baharı” aksiyası da həyata keçirilərkən sosial şəbəkələrdən istifadə olunmuşdu. İnternet üzərindən yalan məlumatlar yaymaqla ərəbləri ayağa qaldırdılar və saysız insan həyatını itirdi, böyük faciə baş verdi. İkincisi, Türkiyədə “Gəzi parkı” məsələsində “YouTube” üzərindən yanlış məlumatlar yaydılar. Yəni ərəb ölkələrində baş verən hadisəni Türkiyədə baş verən hadisə kimi təqdim edib qardaş ölkəni qarışdırmaq istədilər. Azərbaycanda baş verən hadisə ilə bağlı həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti, həm KİV rəhbərləri fasiləsiz olaraq maarifləndirici iş aparırlar. Gecə saat 1, 2, 3-də sosial şəbəkə üzərindən xəbərdarlıqlar, düzgün məlumatlar yayırlar. Mətbuat Şurasının sədri Əflatun Amaşov da, KİV rəhbərləri də tez-tez əhaliyə məlumat verir, hadisənin əsl mahiyyətini açıb göstərirlər. Yəni hansı xəbər resursları, hansı saytlar, bloqlar ki, çaxnaşma yaratmaq istəyir, bunlar barədə əhali məlumatlandırılmalıdır və məlumatlandırılır da”.
İradə SARIYEVA