Şəmsəddin Əliyev: “Hadisə iştirakçılarından biri anasını qətlə yetirib, anasına əl qaldıran şəxsdən ictimai münasibətlərə zidd hər bir hərəkəti gözləmək mümkündür”
Məlum olduğu kimi, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.
Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində qətlə yetirilib.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Gəncədə baş verən hadisələrin iştirakçıları barədə maraqlı faktlar üzə çıxıb. İğtişaşların gedişində hüquq-mühafizə orqanları əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərin tərcümeyi-hallarında maraqlı faktları aşkar olunub. Belə ki, şübhəlilərdən biri - 30 yaşlı Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. O, 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə Rusiyada oğurluğa görə ilyarım həbs cəzası alıb.
İkinci şübhəli Fərrux Qasımov da kriminal aləmin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-ci ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib. Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər yayanlardan biri də Mahir Bayalıyevdir. O, öz sosial hesabından “Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır” kimi təxribatçı xarakterli statuslar yazıb. Bu məlumatın dərcinin ertəsi günü isə o, Ağsuda keçmiş arvadını bıçaqlayıb. Başqa sözlə, Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlər olub və dini fanatizm pərdəsi altında gizlənirlər.
Beləliklə, Gəncə hadisələrinin iştirakçıları qatı cinayətkarlardır. Onlar gözlərini qırpmadan öz doğmalarını qətlə yetiriblər və eyni zamanda oğurluqla da məşğul olublar.
“Polisə Dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məlum hadisənin törədilməsində şübhəli bilinən şəxslər ictimai asayişi qoruyan polis əməkdaşlarına qarşı ağır cinayətə yol veriblər. Eyni zamanda, həmin şəxslər Gəncədə kütəvi iğtişaş törədiblər: “Onlar dövlətə, dövlətçiliyə, hakimiyyətin səlahiyyətli nümayəndələrinə qarşı çıxıblar. Araşdırma zamanı müəyyən olunub ki, polis əməkdaşlarını qətlə yetirən şəxslərin qaranlıq keçmişi olub. Onlardan biri doğma anasını qətlə yetirib. Anasına əl qaldıran şəxs vətənpərvərlik ruhuna malik deyil, eyni zamanda, cəmiyyətin maraqları onun üçün önəmli deyil. Bu şəxslərdən ictimai münasibətlərə zidd hər bir hərəkəti gözləmək mümkündür. Hadisə iştirakçıları ağır cinayətlər törətdiyi üçün həbs olunsalar belə, islah olunmayıblar. Cəzanın məqsədi onları islah etməkdir. Hesab edirəm ki, bu cür şəxslər azadlığa çıxandan sonra onlara xüsusi nəzarət tətbiq olunmalıdır. Bu qayda əksər dünya ölkələrində tətbiq olunur”.
Həmsöhbətimizin sözlərinə görə, hər bir şəxs polis əməkdaşlarına cinayətkarlıqla mübarizədə dəstək olmalıdır: “Gəncə hadisələri zamanı xidməti vəzifələrini icra edən polis əməkdaşlarının əksəriyyətinin üzərində xidməti vasitələr olmayıb. Baxmayaraq polislərin həyatı üçün real təhlükə olub, ancaq onlar xidməti vasitələrdən istifadə etməyiblər. Hadisə zamanı dövlət əleyhinə, qiyama çağırışlar olub, eyni zamanda, ağır cinayət törədilib. Hesab edirəm ki, Azərbaycan polisinin səlahiyyətinin genişləndirilməsinə ehtiyac var. Ekstremal vəziyyət zamanı polislər iğtişaşçılarla sözlə, digər vasitələrlə danışmaq məcburiyyətində olublar. Ancaq beynəlxalq normalarda qeyd olunur ki, kütlə ilə qarşıdurma zamanı polis əməkdaşları vətəndaşların gərginliyini danışıq yolu ilə yatırtmaq mümkün olmazsa, o zaman onlar silah tətbiq etmək imkanına malikdirlər. Biz də bunu edə bilərdik. İki polis əməkdaşımızın şəhid olması bütün dünyaya səs saldı. Xatırladım ki, bu günlərdə Azərbaycan polisinin 100 illiyi qeyd olundu. Hətta şəhid olan polis əməkdaşlarından biri fəxri medalla təltif olunmuşdu”.
Günel CƏLİLOVA