Vüqar Qədirov: “Bu, Azərbaycan üçün milli maraqlarının müdafiəsində və xüsusilə Dağlıq Qarabağ konfliktinin həllində yeni imkanlar yaradır”
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu deyib:
“Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”. Prezident vurğulayıb ki, beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib”.
Dünyanın super dövlətlərindən olan ABŞ-la Azərbaycan arasındakı münasibətlərin yeni mərhələyə daxil olmasını necə dəyərləndirmək olar?
Politoloq Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, Cənubi Qafqaz istənilən qüvvə üçün önəmli əhəmiyyət daşıyır: “Bu bir həqiqətdir ki, uzun illər ABŞ-ın Cənubi Qafqazda iqtisadi, siyasi və təhlükəsizlik maraqları və xarici siyasətinin ana xətti Rusiyanın Qafqazdakı təsir dairəsini zəiflətmək məqsədi üzərindən qurulub. Tramp administrasiyasının ABŞ-ın bundan öncəki prezidenti Barak Obama dövründən fərqli olaraq, Azərbaycanla münasibətlərə daha da dinamik yanaşdığı üzə çıxır. Bir sözlə, ABŞ Cənubi Qafqaz siyasətində müəyyən korrektələr etməyə çalışır. Obama administrasiyasının qarşılıqlı münasibətlərdə əsas tutduğu prioritetlərdən fərqli olaraq, Tramp administrasiyası hələ ilk günlərdən yürütdüyü xarici siyasətində Azərbaycanı ABŞ-ın Cənubi Qafqazda ən böyük ticari və mühüm strateji tərəfdaşı, qlobal enerji təhlükəsizliyində etibarlı, sərfəli enerji tədarükçüsü kimi prioritet ölkə elan edib.
Donald Trampın milli təhlükəsizlik strategiyasında Cənubi Qafqaz önəmli yer tutur. Trampın nəzarəti altında Amerika yenidən Cənubi Qafqazda möhkəmlənməyə çalışır.
Son illər ABŞ-ın Rusiya, İran, Mərkəzi Asiya və Yaxın Şərq siyasəti fonunda dəyişən və sərtləşən yeni geosiyasi müstəvidə Cənubi Qafqaz strateji əhəmiyyət daşıyır. Bu regionun digər iki ölkəsindən fərqli olaraq, məhz Azərbaycan yürütdüyü balanslı, çoxvektorlu siyasət sayəsində yeni manevr imkanları əldə edib. Bu, Azərbaycan üçün milli maraqlarının müdafiəsində və xüsusilə Dağlıq Qarabağ konfliktinin həllində yeni imkanlar yaradır. Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda Donald Tramp bu məqamı xüsusi qeyd edib. Prezident çıxışında doğru olaraq Tramp tərəfindən ona ünvanlanan məktublarda maraqlı notların olduğuna diqqəti yönəldib.Azərbaycanla bağlı Amerika Birləşmiş Ştatlarının iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətləri inkişaf etdirməsi ABŞ-ın Cənubi Qafqaz regionuna təsirinin güclənməsinə xidmət edən siyasətdir. Təbii ki, daim balanslı siyasət yürüdən Azərbaycan üçün bu marağın artmasında da fayda var. Bizim ABŞ-la münasibətlərimizin yeni mərhələyə qədəm qoyması Dağlıq Qarabağ problemində açar rolunu oynaya bilər”.
Məhəmmədəli QƏRİBLİ