İlham Quliyev: “Azərbaycan mediası təxribatçıların alətinə çevrilmədi” Sevinc Seyidova: “KİV Gəncədə baş verən hadisələrlə bağlı öz missiyasını yerinə yetirmək sınağından uğurla çıxmağı bacardı” Akif Aşırlı: “Yerli media cəmiyyətə doğru, düzgün və operativ məlumatlar çatdırdı”
Bəllidir ki, iyulun 10-da, saat 20 radələrində bir qrup radikal dini yönümlü şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi pozmağa cəhd göstəriblər. Təəssüflər olsun ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini icra edən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov radikal ünsürlər tərəfindən qətlə yetirildi.
Statusundan asılı olmayaraq, hər kəs Gəncədə baş verən hadisəni müzakirə edir. Dövlətimizə qarşı edilən bu əməli hər kəs pisləyir.
Maraqlıdır, məlum olaya ölkə mediasının mövqeyi necə oldu? Bu hadisədə Azərbaycan mediası özünü necə göstərdi?
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Gəncədə yaşanmış terror hadisəsi təəssüf doğurur: “Yüksək vəzifəli polis əməkdaşına qarşı qətl hadisəsinin törədilməsi hiddətdoğurucu bir haldır. Məlum hadisənin ilk günündən Azərbaycan mediasının təmsilçiləri birmənalı olaraq dövlətin yanında oldular və təxribata uymadılar. Cəmiyyətin doğru-dürüst, rəsmi təsdiqlənmiş informasiyaya çıxışının təmin olunması üçün əllərindən gələni etdilər və edirlər. Azərbaycan mediası Gəncədə törədilmiş iğtişaşı pisləyir. Nüfuzlü medianın təmsilçiləri cəmiyyəti ayıq-sayıq olmağa çağırır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, proseslərin ilk günündə heyəti bir nəfərdən ibarət olan internet resurslarında xoşagəlməz hallar müşahidə olundu: “Hətta Baş Prokurorluq məlum hadisə ilə bağlı açıqlama da yaydı. Qanunsuz çağırışlar edən, təsdiqlənməmiş məlumatlar yayan xəbər saytlarının adları açıqlandı. Etiraf edək ki, o saytlar ciddi media orqanı deyil. Ciddi media cameəsinin o tip saytların varlığı barədə məlumatı yoxdur. İstənilən halda, media strukturu hesab olunduğu üçün, aidiyyəti qurumlar tərəfindən xəbərdarlıq olunaraq onları doğru yola səslədilər”.
İ.Quliyev hesab edir ki, heç bir media strukturu təxribatçıların alətinə çevrilmədi.
“Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova qəzetimizə açıqlamasında bildirdi ki, Gəncə hadisələri baş verən andan media bu problemin işıqlandırılması, həqiqətlərin ölkə ictimaiyyətinə çatdırılmasında əsl peşəkarlıq nümayiş etdirdi: “Sevindirici hal odur ki, belə çətin vəziyyətlərdə medianın əksər hissəsi bir ailə olmağı bacarır. İstər informasiya agentlikləri, istərsə də çap mətbuatında dərc olunan məqalələrə nəzər salsaq, Gəncə hadisələri ilə bağlı hazırlanan materiallarda ilk öncə dövlətçilik maraqlarının ön plana çəkildiyinin şahidi olarıq.
Ümumiyyətlə, KİV iğtişaşları törədən terrorçuları dəstəkləyən mərkəzlərin gizli niyyətlərinin ortaya çıxmasında, onların əsl məqsədlərinin ifşasında, cəmiyyəti maarifləndirmə işində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi bacardı. Artıq bu gün Azərbaycan mətbuatında dövlət maraqlarının müdafiəsi işində vahid mövqe formalaşıb desək yanılmarıq.
KİV Gəncədə baş verən hadisələrlə bağlı öz missiyasını yerinə yetirmək sınağından uğurla çıxmağı bacardı”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizimlə söhbətində vurğuladı ki, Azərbaycan mediası bu cür hallara hazırdır: “Yerli media cəmiyyətə doğru, düzgün, operativ məlumatlar çatdırdı. Media cəmiyyətin bu sahədə informasiya təminatını normal şəkildə ödəyə bildi. Həm klassik media, həm də saytlar mütəmadi olaraq Gəncədə baş verən hadisələrin əsl mahiyyətinin ortaya çıxarılması üçün ciddi şəkildə təhlillər apardılar. Eyni zamanda, informasiya siyasətini düzgün şəkildə həyata keçirdilər. Bu hadisədə televiziya, xəbər saytları və çap mediası əhaliyə tam məlumatı ötürə bildilər”.
Günel CƏLİLOVA