Fikrət Sadıqov: “Çünki məlum hadisələr kifayət qədər təşkilatlanmış və məqsədyönlü bir aksiya idi”
Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Müasir dövrdə Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünyada nüfuzunu xeyli artırıb. Ölkənin regionda lider dövlətə çevrilməsini şərtləndirib.
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasını dünyadakı bəzi anti-Azərbaycan qüvvələri həzm edə bilmirlər. O baxımdan bu, Gəncədə baş verən məlum iğtişaşın xaricdən idarə olunmasına, qanlı hadisəni törədən ibtidai təfəkkürlü adamların məkrli, anti-Azərbaycan qüvvələrin əlaltıları olmasına heç bir şübhə yeri qoymur. Azərbaycanda xaos yaratmaq istəyən düşmən qüvvələr bu yolu seçiblər. Ancaq nəzərə almırlar ki, Azərbaycan 90-cı illərdəki kimi zəif deyil. Bu kimi təxribatlarla Azərbaycanı sarsıda bilməzlər. Çünki ən çətin dövrlərdə belə, Azərbaycan bu sınaqlardan uğurla çıxıb, bütün çətinliklərin öhdəsindən gəlib. İndiki dövrdə isə əvvəlki illərlə müqayisədə Azərbaycan daha güclüdür. Bütün hallarda, Gəncədə baş verən hadisələrdə bəzi xarici dairələrin nə kimi rolu var? Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov xarici qüvvələrin iğtişaşlarda əlinin olmasını istisna etmədi: “Faktiki olaraq Gəncədə icra başçısına qarşı yürüş edilirsə, deməli, hakimiyyətə qarşı çıxılır. Hadisənin təkbaşına, kiminsə, nəsə xoşuna gəlməməsi əsasında baş verməsi tamamilə əsassızdır. Düşünürəm ki, hiss olunduğu kimi, Gəncə hadisələrində hansısa xarici qüvvənin əli var və Azərbaycanda iğtişaş törətmək istəyirlər, eyni zamanda stabilliyi pozmaq fikrindədirlər. Çünki Gəncə icra başçısına qarşı terror aktı baş verəndə hiss olundu ki, bunun davamı görünür. Bir sıra kriminal ünsürlərlə radikal dini ekstremist qüvvələrin birləşməsi elə onu təsdiq etdi ki, bunun arxasında müəyyən qüvvələr var. Sözügedən qüvvələr Azərbaycanda iğtişaş törətmək, stabilliyi pozmaq, ölkədə hökumətə qarşı çıxış etmək məqsədi güdürlər. Bununla bağlı araşdırmalar aparılır. Hesab edirəm ki, bunun arxasında kimlərin dayanması gec-tez məlum olacaq. Bütün hallarda, bir şey məlumdur ki, müəyyən dəstək və xaricdən yardım olmasaydı, Gəncədə belə hadisələr baş verə bilməzdi. Çünki məlum hadisələr kifayət qədər təşkilatlanmış və məqsədyönlü bir aksiya idi. Çox təəssüflər olsun ki, məlum iğtişaşlar nəticəsində 2 nəfər polis zabiti həlak oldu. Digər tərəfdən, dövlət başçısının dediyi kimi, bir sıra məmurların, görünür, hərəkətləri xoşagəlməz təəssürat yaradır. Ona görə də kompleks şəkildə bütün bu məsələlər araşdırılmalıdır. Ondan sonra müəyyən nəticəyə gəlinməlidir. Araşdırma nəticəsində hansı xarici qüvvənin burada əli olduğu tam bəlli olacaq”.
Vidadi ORDAHALLI