Məhəmməd Əsədullazadə: “Azərbaycan Şərqlə Qərb arasında strateji bir körpüdür”
Məlum olduğu kimi, Belçikanın paytaxtı Brüsseldə NATO-nun 29-cu sammiti başlayıb. Sammitdə 54 rəsmi nümayəndə heyəti iştirak edir.
Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb. Tədbirin ilk günündə üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər veriblər. NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanması nəzərdə tutulur. Daha sonra Gürcüstan və Ukrayna rəhbərliyi ilə görüşdə regional çağırışlar müzakirə olunacaq. Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq. Bu görüşdə NATO ölkələrinin liderləri ilə yanaşı, NATO-nun "Qətiyyətli dəstək" missiyasi üzrə tərəfdaşları da istirak edirlər. Sammit iştirakçılarının 2020-ci ildən sonra əfqan qüvvələrinin maliyyələşməsini artırmağa razı olacaqları da gözlənir.
Bu arada Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil edilib.Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib. Qəbuldan əvvəl birgə foto çəkdirilib.
Bütün hallarda, NATO kimi mötəbər bir qurumun sammitinə Prezident İlham Əliyevin dəvət olunması Azərbaycana verilən önəmin göstəricisidir. Azərbaycanın regionda artan geosiyasi nüfuzu, bir sıra layihələrin həyata keçirilməsində, məsələlərin həllində oynadığı rol ölkə başçısının siyasi nüfuzunu daha da artırır. Bu həm də alyansla Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə öz təsirini göstərir. Bütün bunların fonunda, Prezident İlham Əliyevin NATO sammitinə dəvət olunması faktı nə deməkdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “NATO ilə ölkəmiz arasında əməkdaşlıq daim yüksək səviyyədə olub. Əfqanıstanda ölkəmizin sülhməramlı missiyası məhz NATO heyətinin tərkibində fəaliyyət göstərir. Bundan əlavə, Əfqanıstana hərbi yüklərin daşınması Azərbaycan üzərindən həyata keçirilir. Bütün bunlarla yanaşı, Cənubi Qafqaz regionuna alyansın diqqəti fonunda və geosiyasi müstəvidə ölkəmizin vacib rolu xüsusi qeyd edilməlidir. Azərbaycan Şərqlə Qərb arasında strateji bir körpüdür. Ona görə də NATO-nun Mərkəzi Asiyaya çıxışı məhz ölkəmiz üzərindən həyata keçirilir. Daim beynəlxalq təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq yüksək səviyyədə olub. Brüsseldə NATO-nun 29-cu sammitinə dövlət başçısı İlham Əliyevin dəvət olunması ölkəmizin tərəfdaş olaraq alyans üçün önəmli olduğunun göstəricisidir. Sammitin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi NATO-nun bir daha ölkəmizə önəm verdiyinin göstəricisidir. Qeyd edim ki, gələcək perspektiv üçün NATO-nun Cənubi Qafqazla bağlı geniş planı var. Bu təşkilat regionun ümumi təhlükəsizliyini öz çətiri altına almaqla yeni bir təhlükəsizlik çətiri formalaşdırmaq istəyir. Göründüyü kimi, Rusiyanın satilleti olan Ermənistanın cəhdlərinə baxmayaraq, ölkəmizin ərazi bütövlüyü prinsipi tam ədalətli şəkildə burada təsbit olunub. Artıq NATO-nun yeni şərtləri və siyasi çağırışlarında Ermənistanın işğalçı siyasətinə yer yoxdur. Ölkəmizin bu sammitdə tərəfdaş kimi iştirakı, ərazi bütövlüyümüzün tam dəstəklənməsinin bəyannamədə vurğulanması ölkəmiz üçün yeni siyasi imkanlar vəd edir”.
Vidadi ORDAHALLI