Yeganə Hacıyeva: “Aİ son illər Azərbaycanın məhz Avropa qurumlarında bu istiqamətdə mütəmadi hücumlara məruz qalan dövlət olmasının fərqindədir”
Brüsseldə Avropa İttifaqı (Aİ) və Azərbaycan hökuməti tərəfdaşlıq prioritetlərini paraflayıblar. Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfdən xarici əlaqələr üzrə ali komissar Federika Mogerini imzalayıblar.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak ediblər. Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Avropa Komissiyasına Azərbaycanla hərtərəfli saziş əsasında Aİ və üzv ölkələr adından danışıqlar aparmaq üçün mandat verib.Yeni saziş 1996-cı ildə qəbul olunmuş tərəfdaşlıq və əməkdaşlıq barədə sazişi əvəz etməlidir. Tərəfdaşlıq prioritetləri ilə bağlı əldə olunan razılaşmanın nə kimi əhəmiyyəti var?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Aİ-Azərbaycan münasibətlərinin tarixinə qısa nəzər salsaq, tərəflər 1996-cı ildən və əməkdaşlıq barədə saziş əsasında münasibətlər qurublar: “Hazırda Azərbaycan və Aİ-nın 14 üzv ölkəsi ilə hökumətlərarası komissiya, 2 üzv ölkəsi ilə işçi qrupu fəaliyyət göstərir.
2009-cu ildə Azərbaycan Aİ-nin Şərqi Avropa Qonşuluğu proqramı çərçivəsində Şərq Tərəfdaşlığı Təşəbbüsünə qoşulub. Şərqi Avropa Qonşuluq Siyasəti Aİ tərəfindən tərəfdaş ölkələr üçün vahid formatın təsis edilməsini, bütün sahələr üzrə standartların yaxınlaşdırılmasını nəzərdə tutan platforma kimi nəzərdə tutulur və Azərbaycan, Gürcüstan, Ukrayna və digər iştirakçı ölkələri əhatə edir. Aİ ilə viza və readmissiya haqqında iki saziş mövcuddur. Uzun illərdir Azərbaycan Aİ-nin TRACECA - Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin inkişafı proqram layihələrində, INOGATE - Avropaya dövlətlərarası neft və qazın ixracı proqramı layihələrində uğurla iştirak edir və bunları həyata keçirir”.
Politoloqun sözlərinə görə, müxtəlif sahələr üzrə olan əməkdaşlıq Aİ-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə və Aİ tərəfindən Azərbaycana Assosiativ üzvlük təklifinin yaranmasına zəmin yaratdı: “2013-cü ildə isə Azərbaycan Aİ-nin Assosiasiya sazişi təklifini qəbul etmədi, əvəzində Aİ-yə qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq sazişi təklif etdi. 2016-cı ilin sentyabrından Aİ ilə Azərbaycan arasında mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində fəaliyyət kimi Azərbaycan və Aİ komissiyalarının alt komitələrində birgə fəaliyyətə start verildi. Bu fəaliyyət münasibətlərin beş əsas istiqamətini - qanunvericilik, nəqliyyat, struktur dəyişikliyi, enerji və mübadilə və s. proqramları əhatə edirdi.
2016-cı ilin oktyabr ayında isə Aİ komissiyaları strateji tərəfdaşlıq sazişinə aid danışıqların başlanmasına dair mandat aldı və bu iki il ərzində ticarət, energetika, nəqliyyat, ekologiya, təhlükəsizlik, insan haqları, təhsil və digər sosial məsələlər üzrə iclasları baş tutdu. Azərbaycanla Aİ arasında Strateji Tərəfdaşlıq haqda sazişin imzalanmasına dair fəaliyyətin həyata keçirilməsi tam gücü ilə davam etdi. Bu saziş tərəflər arasında 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq barədə sazişi əvəz etməklə, Azərbaycanla Aİ arasında enerji, təhlükəsizlik, iqtisadi, siyasi sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq” .
Y.Hacıyeva dedi ki, Strateji Tərəfdaşlıq Sazişi, detallarına varsaq, özlüyündə bir sıra sistemli islahatları təşviq edəcək proqramların həyata keçirilməsini nəzərdə tutur: “Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin standartlarına, beynəlxalq ticarət normalarına uyğunlaşdırılması, yüksək səviyyədə iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, siyasi və təhlükəsizlik dialoqunun aparılması, təhsil, təcrübə mübadiləsi və Azərbaycan mallarının Aİ bazarlarına daxil olması proqramlarının və s. həyata keçirilməsini özündə ehtiva edir.
Bu günlərdə imzalanan Aİ və Azərbaycan tərəfdaşlığın prioritetləri haqqında sənəd isə əhatəli və çox mühümdür. Qeyd edim ki, bu sənədin imzalanması ilə Aİ və Azərbaycan arasında tərəfdaşlığın prioritetləri haqqında danışıqlar başa çatdı. Sənəd tərəfdaşlıq prioritetlərinin yaxın bir il üçün əməkdaşlıq istiqamətlərini müəyyən edir və tərəflər aşağıdakı prioritetləri müəyyən ediblər: institutların möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizə, dövlət idarəetməsində islahatlar və cinayətkarlığa, terrorçuluğa qarşı mübarizə üçün potensial yaradılmasından ibarət olan yaxşı idarəçilik, iqtisadi inkişaf və iqtisadiyyatın sabit şəkildə şaxələndirilməsi, ÜTT-yə üzvlüyün dəstəklənməsi və işgüzar investisiya mühitinin yaxşılaşdırılmasını nəzərdə tutan bazar imkanlarının yaradılması.
Həmçinin, prioritetlər “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi nəzərə alınmaqla, Azərbaycanın ticarət, logistika və nəqliyyat qovşağı kimi fəaliyyət göstərmək imkanına iqtisadi, siyasi və təhlükəsizlik dəstəyindən ibarət olan enerji səmərəliliyi, ətraf mühit və təhsil, insan kapitalına dəstək, Aİ və Azərbaycan vətəndaşları üçün görüşməsi və təcrübələrini bölüşməsi üçün daha çox imkan verilməsini əhatə edən mobillik və insanlar arasında əlaqələrin qurulması istiqamətində öhdəlikləri nəzərdə tutur.
Gördüyünüz kimi, tərəflər arasında münasibətlərdə və ən əsası, qarşılıqlı öhdəliklərdə prioritet olan mövzular sırasında demokratiya və insan haqları mövzusuna ümumiyyətlə toxunulmayıb.
Məsələ ondadır ki, son illər qlobal siyasi müstəvidə "demokratiya", "insan haqları" mövzusunun dövlətlərə və hökumətlərə kənar təsir vasitəsi kimi geniş istifadə olunması təcrübəsi mövcuddur.
Xüsusilə enerji, iqtisadi və təhlükəsizlik sahələrində strateji coğrafi mövqelərə malik, separatizm və işğaldan əziyyət çəkən ölkələrə qarşı da geniş istifadə olunmaqdadır .
Avropa İttifaqı, həmçinin, bu mövzular ətrafında yaradılmış süni ajiotajın müxtəlif iqtisadi lobbi qruplarının müəyyən sazişlər öncəsi dividend qazanmaq istiqamətində, qurumun özünə qarşı istifadə olunduğunun fərqindədir. Bu mövzular ətrafında baş verənlərin uzunmüddətli hesabda Aİ maraqlarına hədə olaraq istifadə olunan manevrlərə əsas verməsi artıq bir neçə ildir Avropa qurumlarının strateji və təhlükəsizlik sahəsini araşdıran qurumlarının hesabatlarında öz əksini tapıb.
Aİ son illər Azərbaycanın məhz Avropa qurumlarında bu istiqamətdə mütəmadi hücumlara məruz qalan dövlət olmasının fərqindədir. Odur ki, bu mövzular və bu istiqamətdə olan öhdəliklər Aİ və Azərbaycan arasında əməkdaşlığın prioritetləri sırasına daxil edilməyib”.
Məhəmmədəli QƏRİBLİ