Nəzakət Məmmədova: “Avropa artıq Kataloniya separatizminin nəticələrini öz üzərində hiss etdikdən sonra separatizmə qarşı daha kəskin mövqe ortaya qoydu”
Avropa İttifaqının diplomatiya rəhbəri Federika Mogerini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb.
Bu barədə Avropa İttifaqının diplomatiya xidmətinin rəhbəri Federika Mogerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayılıb. “Görüş əsnasında F.Mogerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini bir daha dəstəkləyib. Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir", - deyə bəyanatda vurğulanıb.
Məlum olduğu kimi, danışıqlarla bağlı ilkin şərti Paşinyan irəlü sürürdü. O, hakimiyyətə gələndən sonra Qarabağ danışıqlarına yeni bir rəng verməyə can atdı. İlkin şərt kimi isə qondarma qurumun danışıqlar prosesində müstəqil tərəf kimi iştirakını irəli sürdü. Mogerininin məhz Paşinyanla görüşdə danışıqların ilkin şərt irəli sürmədən davamı ilə bağlı səsləndirdiyi bəyanatı Azərbaycanın mövqeyinə nə dərəcədə uyğun saymaq olar?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Avropa Birliyinin komissarı xanım Mogerininin Ermənistanın baş naziri Pasinyanla görüşündə ilkin şərt irəli sürülmədən danışıqlara başlanılmasını tövsiyə etməsi ilk növbədə onun təmsil etdiyi təşkilatın çətiri altında birləşmiş nüfuzlu Avropa ölkələrinin Ermənistana iradı və onu danışıqları pozmamağa çağırışıdır: “Avropa Birliyi regionda sabitlikdə son dərəcə maraqlıdır. Eyni zamanda, ABŞ-dan fərqli olaraq, Avropa Rusiyanın Cənubi Qafqazdakı maraqlarını da nəzərə alır. Bunun bir neçə səbəbi var: əvvəla Avropa siyasi mədəniyyətində problem kimi o məsələləri görürlər ki, onu maliyyə ilə həll etmək olur. Avropa Birliyi ABŞ-dan, Rusiyadan fərqli olaraq, mübahisəli məsələləri qoşun yeritməklə yox, dinc yolla, dövlətləri külli miqdarda maliyyə vəsaiti ayırıb öz tərəfinə çəkməklə həll etməyə üstünlük verir. AB-nin xarici işlər və təhlükəsizlik üzrə komissarının Paşinyana yeni hökumətin apardığı islahatlara dəstək üçün texniki və maliyyə yardımı göstərməyə hazır olması da birliyin Ermənistan üzərində təsirini bu yolla bərqərar etmək istədiyini göstərir. Digər tərəfdən, AB-nin regionda Rusiyanın maraqlarını nəzərə almasının başqa bir səbəbi Avropanın Rusiyadan olan enerji asılılığıdır. Avropa Rusiya ilə münasibətlərini Cənubi Qafqazda və digər regionlarda bu səbəbdən kəskinləşdirmək istəmir”.
N.Məmmədova hesab edir ki, artıq ortada bir Ukrayna təcrübəsi var: “Ukraynanın AB ilə Assosiasiya Sazişi imzalaması səbəbindən Rusiya və Avropa Birliyi arasında münasibətlər kəskinləşdi. Avropa ölkələrinin mövqeyi bu məsələdə parçalandı. Buna görə də tərəflər öz aralarında daha bir ziddiyyət yaranmasını istəmirlər deyə, nə Rusiya Ermənistanın AB ilə saziş imzalamasına Ukraynada olduğu kimi kəskin münasibət bildirdi, nə də AB Ermənistanın yeni rəhbərliyinin Rusiyanın maraqlarına qarşı aşkar surətdə çıxmasını istəyir.
Digər tərəfdən, Minsk Qrupu Rusiyanın təklifi ilə imzalanmış Bişkek protokolundan sonra ATƏT nəzdində yaradıldı. Burada danışıqların indiki formatda aparılmasını istəyən ölkələrdən biri Rusiyadır. Eyni zamanda, Avropa ölkələrindən Fransa iştirak edir. AB danışıqların indiki gedişatından və formatından razıdır. Odur ki, Paşinyanın indiki təklifini dəstəkləmək həm Fransanın, həm də Rusiyanın həmsədr kimi fəaliyyətini inkar etmək olardı. Odur ki, Mogerini AB-nin bu məsələdəki konstruktiv mövqeyini Paşinyana çatdırdı. Digər tərəfdən, ATƏT universal təşkilat olmaqla yanaşı, adından göründüyü kimi, Avropada təhlükəsizliyə birbaşa məsuliyyət daşıyır və onun Minsk Qrupunun indiyədək müəyyən etdiyi formatı həmsədrlərdən başqa heç kəs dəyişə bilməz. Əks halda, bu, Paşinyanın etdiyi kimi, qeyri-konstruktiv cəhd kimi qiymətləndirilə bilər. Üstəlik, Rusiya da Paşinyanın cəhdlərindən narazıdır və bunu həm XİN-dəki məlum insidentin baş verdiyi brifinqdə, həm də Dugin və Dumanın deputatlarının, digər şəxslərin iştirak etdiyi Cocuq Mərcanlıdakı konfransda ifadə edib. ATƏT ABŞ, Avropa ölkələri və Rusiyanın BMT-dən sonra konsensus əsasında birləşdiyi ikinci təşkilatdır. Hətta BMT-də daimi üzv kimi çox zaman ABŞ və Rusiyanın müəyyən məsələlərə dair veto qoyması müşahidə olunursa, ATƏT-də adətən bu ziddiyyətlər daha az hallarda baş verir. Belə bir təşkilat çərçivəsində Rusiya, AB və ABŞ-ın ümumi razılığı əsasında davam edən Minsk Qrupunu yeni formata təhrik etmək Paşinyanın gücü həddində deyil. Burada əsas məqamlardan biri də İran amilidir. Belə ki, danışıqlar indiki formatdan kənara çıxsa, Qarabağ və Naxçıvanda Ermənistanla Azərbaycan arasında, İranın şimal sərhədlərində gərginlik yarana bilər. Bu elə bir dövrdür ki, hazırda ABŞ-la AB arasında İranla nüvə sazişindən çıxdıqdan sonra fikr ayrılığı yaranıb. ABŞ Avropa şirkətləri ən uzağı 6 ay ərzində İrandan çıxmasa, sanksiya tətbiq edəcəyini bildirib. Üstəlik də Tramp bu günlərdə NATO sammitində Avropa ölkələrindən üzvlük haqqının artırılması tələbini təkrarlayıb və Merkel ona əks cavab verib”.
Politoloqun sözlərinə görə, Avropa üçün belə bir həssas dövrdə ənənəvi tərəfdaşı İranın şimalında gərginlik yaranması, onun dünya və həm də Rusiya ilə Ermənistan vasitəsilə olan əlaqəsinin kəsilməsi də İranın təcridinə hesablanıb: ”AB İranın Avropaya çıxışı üçün tranzit ölkələrdən biri olan Ermənistanda sabitliyin olmasında maraqlıdır. Üstəlik, bu ölkədə çevriliş- dən sonra ABŞ təsirinin artması və İran-Ermənistan münasibətlərinin zəifləməsi AB-ni çox narahat edir.
Ən əsası isə, AB Ermənistanın birliklə Tərəfdaşlıq Sazişi bağladığı Şərq Sammitində münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə dair sənəd qəbul etdi. Avropa artıq Kataloniya separatizminin nəticələrini öz üzərində hiss etdikdən sonra separatizmə qarşı daha kəskin mövqe ortaya qoydu və ərazi bütövlüyünün toxunulmazlığını bir daha təsdiqlədi. Ən əsası isə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində, habelə Çindən Avropayadək uzanan nəqliyyat-kommunikasiya, ticarət tərəfdaşlığında mühüm rol oynayır və Qarabağ məsələsində onun haqlarının tanınması vacibdir. Bütün bu geosiyasi, iqtisadi-ticarət planları Ermənistanın danışıqları pozması və hərbi əməliyyatların başlanması nəticəsində təhlükə zonasına çevrilən Cənubi Qafqazda təhdidlə üzləşə bilər. Bu isə AB-nin planlarına ziddir və Mogerininin Paşinyana xəbərdarlığı bu baxımdan önəmlidir”.
Məhəmmədəli QƏRİBLİ