Azərbaycanın hərb müstəvisində işğalçı Ermənistanı indi daha qısa müddətdə məğlubiyyətə uğratmaq iqtidarında olması, belə vəziyyətdən İrəvanın lazımi nəticələr çıxarmasının vaciblyinə dair düşmən ölkəyə edilən xəbərdarlıqların sayı getdikcə artır. Xüsusən də iyulun 2-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri fonunda İrəvanın lazımi nəticə çıxarmasının vacibliyi vurğulanır.
Xatırladaq ki, təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək. Ekspertlər bunu Bakının İrəvana mühüm xəbərdarlığı sayır. Bakı isə bununla göstərir ki, yaxın tezlikdə Qarabağ məsələsinin dinc müstəvidə həlli üçün zəruri addımlar atılmasa, güc faktorundan istfiadə olunacaq. Məsələnin bu tərəfinə nəzər salan Rusiyanın “rosbalt” portalı yazır: “Cənubi Qafqazda silahlanma qovğası Bakının açıq üstünlüyü ilə gedir. Bu, İərvanı həm dinc tənzimləməyə tələsdirə, həm də savaşa apara bilər. Bakıdakı geniş əhatəli parad Azərbaycan Ordusunun nə ilə zəngin olduğunu sərgiləyib.
Azərbaycan Prezidenti keçən həftə bütün dünyaya nümayiş etdirib ki, ölkəsi Ermənistanın işğal etdiyi əraziləri qaytarmaq uğrunda müharibəyə hazırdır. Bakıdakı parada başqatdı deyil, xeyli sayda qorxunc gerçək və müxtəlif (təkcə Rusiyanın deyil!) istehsalçıların silahlarını çıxarıblar. İlham Əliyev təkcə bölgədə hərbi tarazlığı gözləmək və erməniləri qorxuya salmaq məqsədilə deyil, Cənubi Qafqazın miqyasına görə çox böyük miqdarda müasir yüksəktexnologiyalı silah yığıb. Bakı “tarazlıq” çərçivəsini aşaraq çox nəhəng məbləğ sərf edib. Və madam bu cür silah var, İrəvan, ən azı, ilkin şərtlərsiz danışıqlar masasının arxasına qayıtmasa, o hökmən atəş açacaq. Bundan başqa, Azərbaycan özünün hərbi cəbbəxanasının bir qismini sərgiləyəndən sonra genişmiqyaslı təlimlərin keçirilməsinə başlayıb – bu, iyulun 2-dən 6-a qədərki dövrə elan olunub. Manevrlərin gedişində əsasən işğal edilmiş ərazilərin azad edilməsi üzrə genişmiqyaslı hücum əməliyyatları, şərti düşmənin təxribat fəaliyyətinin önlənməsi işlənib hazırlanır.
Bakıda hərbi paraddan söz düşmüşkən, orada Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlində işğal etdiyi 11 min hektar ərazini azad etdiyini bildirən Prezident İlham Əliyev çıxış edib. O deyib:“Azərbaycan hazırda uyğun ərazidə strateji kommunikasiyalara və yollara nəzarət edir”. Əliyev vurğulayıb: “Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qabil olan güclü ordudur. Ordumuz bundan sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə daim hazır olmalıdır”.
Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin məlumatını təkzib etməyib, amma bunu inamla təsdiq də etməyib: yalnız deyib ki, “Sərhədin Naxçıvan hissəsində Azərbaycan silahlı qüvvələrinin toplanması qeydə alınır”, amma orada durum yetərincə sabitdir və atəşkəs rejiminin çoxsaylı pozulması olmayıb. O bildirib ki, Qarabağ münaqişəsi güc yolu ilə həll oluna bilməz və “Ermənistan heç vaxt savaşa başlamayacaq”. Baş nazir bununla yanaşı hesab edir ki, ölkəsi hadisələrin istənilən inkişafına hazır olmalıdır.
“Əlbəttə! Azərbaycanın, heç olmasa paradda sərgilədiyi hərbi potensialı təxmini dəyərləndirməyi bacaran hər kəs deyər: Mi-24, Mi-24G, Mi-35M, Bell-412 (ABŞ) helikopterləri, MİQ-29 qırıcıları, Su-25 hücumçuları, tank əleyhinə raket sistemli “Spayk” çoxfunksiyalı zirehli maşınları, özü yeriyən minaatan qurğular, pilotsuz uçuş aparatları, zenit-raket komleksləri, yaylım atəşi sistemləri və Azərbaycanın özündə istehsal edilən zirehli maşınlar daxil olmaqla xeyli başqaları düşməni əzməyə yetər. Bəzi qorxulu silahlar isə ümumən müxtəlif qaynaqlardandır: Rusiya, ABŞ, Çexiya, İsrail, Türkiyə və sair. Ümumiyyətlə, “Polonez”lər, “Qrad”lar, “Xrizantem”lər, “Xeron”lar və “sairlər” Bakı üzrə keçib və bu cəbbəxana tezliklə həm də Almaniyanın ölümdaşıyan məhsulu ilə tamamlana bilər. Gördüyümüz kimi, Azərbaycanda silah və hərbi texnika tədarükünün şaxələnməsi prinsipi praktikada tətbiq edilib. Bu fonda Ermənistanın 2016-cı ilin sentyabrında öz silahını sərgiləməyi yoxsul görünür, amma o vaxt İrəvanda hərbi paradın “mismarı” Rusiyanın “İsgəndər” əməliyyat-taktiki raketləri və “Qasırğa” yaylım atəşi sistemi olub.
Düşünürük ki, “bölgədə qüvvələr balansı” açıq şəkildə Azərbaycanın xeyrinə pozulub, amma Ermənistan yenə də Rusiyadan 300 km mənzilədək yerüstü hədəflərə yüksəkdəqiqlikli zərbə endirməyə qabil Su-30SM qırıcıları almağa ümid edir. Lakin bu cür “bəxtiyeyinliyin” Ermənistandakı Qərbyönlü hakimiyyət dəyişikliyindən sonra davam edib-etməyəcəyini sezmək çətindir. Moskvanın ermənilərə silah tədarükündə, belə deyək, “cəza kimi” taym-aut götürməsi, ya da Azərbaycanla mümkün müharibədə özünün neytrallığıilə şantaj edərək Paşinyan və komandasını “yenidən tərbiyə etməsi” məntiqli olardı. Axı təlimlər tam şəkildə hərbi əməliyyatlara keçə bilər. Belə vəziyyətdə məlumdur ki, KTMT blokunun iştirakçıları İrəvana canlıyananlıq etmir və çətin ki, ona köməyə tələssinlər. Və o zaman, öz növbəsində, Rusiya ilə münasibətləri əziz tutan Bakı ilə münasibətləri korlamaq istəməyən Rusiya cəfa çəkməli olacaq. Deməli, bu durumda Bakı Ermənistana rəsmən hücum etməyəcək və müharibə tam müəyyən xarakterdə olmayacaq: bir növ, “separatçı Qarabağ”la, amma eyni zamanda (qeyri-rəsmi) onun təhlükəsizliyinə zamin Ermənistanla.
Bütün bunlar İrəvan tərəfdən ilkin şərtlərsiz ən yüksək səviyyədə təcili Azərbaycan-Ermənistan danışıqlarının keçirilməsinin xeyrinə danışır. Amma sonuncu dirəşir və əlbəttə, Bakını münasiqşəni dinc yolla tənzimləməmək istəksizliyində ittiham edir (yeri gəlmişkən, devrilmiş Serj Sərksiyan Ermənistanın başçısı olanda bu məsələdə müsbət irəliləyişlər qeydə alınıb). Xüsusən “Lragir” nəşri əminliklə bildirir ki, “Əliyev öz mövqeyini daha da sərtləşdirib və tənzimləmə üzrə danışıqlardan artıq, demək olar, danışmır”. Sadəcə ona görə ki, bu ona gərək deyil: “Azərbaycan güzəştdən imtina edir – xüsusən də Qarabağın statusu məsələsi üzrə”.
Gerçəklikdə müharibə nə Rusiyaya, nə Azərbaycana, nə Ermənistana, nə də işğal latındakı separtçı rejimə lazımdır, amma sonucuların “bəlkələri” çox uzana bilməz. Belə ki, İrəvanı səmərəli danışıqlara məcbur edəcəklər (Paşinyanın Rusiya ilə “qırmızı xətti” keçib-keçməyəcəyi və Ermənistan prezidentinin bu günlərdə ABŞ dövlət katibi Maykl Pompeo ilə nələri müzakirə etdiyi mühümdür), ya da Bakı Azərbaycan-Qarabağ qarşıdurma xəttində hərbi əməliyyatlar üçün Moskvadan “yaşıl işıq” israr edəcək. Yada salaq ki, “DQR“ KTMT üzvü deyil. Amma müharibənin Azərbaycan və Ermənistan sərhədlərinə qədər sürüşmə təhlükəsini istisna etmək olmaz, Gümrüdə Rusiya hərbi bazası da mənzillənib: çox ciddi amildir, ancaq həlledici deyil.
Qeyd edək ki, yuxarıda sözü gedən hərbi təlimlərin lap ərəfəsində Azərbaycan Ordusunun 2016-cı ilin aprelində dördgünlük müharibə zamanı azad etdiyi Cocuq Mərcanlı kəndində olduqca çoxmənalı - “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adıyla konfrans keçirilib. Rusiyanın məşhur siyasətçiləri, ictimai xadimləri, ekspertləri də daxil olmaqla, çıxış edənlər çox olub. Azərbaycanın konfransın bütün gedişatını və iştirakçıların kuluarlardakı birbaşa danışıqlarını təfərrüatı ilə izləyənlərin məlumatına görə, “Vahid Rusiya”dan Dövlət Dumasının deputatı Aleksey Yezubovun çıxışında münaqişənin tənzimlənməsi üzrə Rusiya prezidentinin fikri səslənib. O məlumat verib: “Putin, Əliyev və Sarkisyanın hazırladığı “Yol xəritəsi”nə əsasən Ermənistan işğal edilmiş beş rayonu Azərbaycana qaytarmalıdır. Putin bəyan edib ki, bu, Rusiyanın dəyişilməz mövqeyidir”. Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim Vahid Rusiya Partiyasının üzvü Dmitri Savelyev bildirib ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Cocuq Mərcanlıda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, inkişaf işlərini təqdir edən rusiyalı deputat qeyd edib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır: "Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq". İndi Paşinyanın da Moskvaya uçmaq vaxtıdır – “zəmanət” dalınca”. Beləliklə, adıçəkilən saytda qeyd edilənlərdən aydın örünür ki, Bakı diplomatik, hərbi müstəvidə kifayət qədər üstün bir mövqeyə sahiblənib. Düşmən bundan nəticə çıxarmasa, onu hərb yolu ilə başa çalmaq lazım gələcək. Erməni şərhçi Sarkis Artsruni bu xüsusda bildirir: “Əlbəttə, Ermənistan maksimum çalışmalıdır ki, 2016-ı ilin “aprel müharibəsi”ndəki nümunə təkrarlanmasın. “Aprel müharibəsi” Ermənistan ordusunun hərtərəfli müflisliyini, döyüş bacarığının olmamasını, həmçinin, xarici siyasətdəki zəiflikləri ortaya çıxardı”. Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan isə iddia edir ki, Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün hərəkətə keçəcək. Bu səbəbdən o, məsələnin sülh yolu ilə həlli üçün İrəvanın təcili hərəkətə keçməsinin zəruriliyini ön plana gətirir. Bildirir ki, əks təqdirdə İrəvanı sarsıdıcı zərbələr gözləyir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.