Qabil Hüseynli: “Yeni baş nazirin davranışları Kremldə artıq narahatlıq yaradır”
Ermənistanın yeni baş naziri Nikol Paşinyan ilk xarici səfərini Gürcüstana etdi. O bundan siyasi şou düzəltməyə də çalışdı. Tiflisdə niyə ilk olaraq Gürcüstana gəldiyini özünün gürcü xalqına sevgisi ilə əsaslandırmağa çalışıb. Bu fikrə başqa bucaq altında baxdıqda aydın olur ki, N.Paşinyanın Gürcüstan səfəri geosiyasi və siyasi-iqtisadi zərurətlə deyil, sentimental duyğularla bağlıdır.
Siyasətdə bu kimi ifadələrin nə zaman və hansı məqamda işləndiyi məlumdur. Doğrudan da Ermənistanın baş naziri hansı səbəblərdən Gürcüstana səfər etdiyini deyə bilməz. Çünki iki ölkə arasında münasibətlər dolaşıqdır və ortada bir neçə anlaşılmazlıq var. Onlardan biri də erməni kilsəsi ilə bağlıdır. Başqa faktor Cavaxetiyada erməni separatçılarının daim mərkəzi hökumətə başağrısı yaratması ilə əlaqəlidir. Paşinyan hakimiyyətə gələndən sonra Rusiyada da olub. Ancaq onun səfəri rəsmi xarakter daşımayıb, hansısa tədbir çərçivəsində olub. İndisə məlum olub ki, Paşinyan iyulun 10-12 aralığında Brüsselə rəsmi səfərə yollancaq. Paşinyanın rəsmi səfərləri gündəliyindən ölkəsilə yaxın olan Rusiyanı çıxarması nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Nikol Paşinyanın Qərbyönümlü siyasətçi olmasını, hakimiyyətə gəlməsi üçün Qərb fondlarından yardım almasını, hakimiyyətə gələndən sonra Qərbmeylli siyasət yürüdəcəyi vədini verdiyini təsdiq edən faktlar bir-birinin ardınca çoxalır: “Məsələn, o, hakimiyyətə gələrkən Soros Fondundan ciddi surətdə maliyyələşdirildiyi haqda məlumatlar erməni mətbuatında geniş şərh edilirdi. Üstəlik də Paşinyan çəkinib eləmədən Qarabağ klanının axırına çıxacağını bəyan edərək Rusiyaya qarşı olan siyasətçiləri özünün komandasına toplayıb. Paşinyanın başqa yolu da yoxdur. Çünki o, Qərbmeylli siyasətdən daha çox yararlanacağı və Ermənistana ciddi investisiyaları cəlb edəcəyi qənaətindədir. Bunu ona Qərb ölkələrində yerləşən, xüsusilə ABŞ-dakı Erməni Milli Konqresi təlqin etməkdədir. Bu fonda, erməni diasporunun aparıcı qanadlarından Paşinyana şirnikləndirici vədlər edilir və hətta onun Qərbə üz tutacağı halda ciddi maliyyə qaynaqları ilə təmin olunacağını söz verirlər. Üstəlik, onu hakimiyyətə gətirən elektoral baza da Qərbyönümlü siyasətin tərəfdarıdır. Onlar ölkədə demokratik dəyərlərin bərqərar edilməsi və Qərblə möhkəm əlaqələrin qurulmasını istəyirlər. ABŞ başda olmaqla, Qərb ölkələri Paşinyan hakimiyyətini ciddi surətdə müdafiə etmək, Ermənistanı Rusiyadan mümkün qədər qoparmaq niyyətindədirlər. Paşinyanın NATO-nun Brüsseldəki zirvə toplantısına dəvət edilməsi də bu niyyətdən xəbər verir. NATO rəhbərliyi hansı addımı atdığının fərqindədir. Paşinyanın Rusiya ilə münasibətlərinin isti olmadığını və onun Qərbmeylli olduğunu NATO və digər Qərb təsisatları fürsət hesab edirlər. Paşinyan da bu vəziyyətdən yararlanmağa çalışır. Paşinyanın Moskvaya rəsmi səfər etməməsinin kökündə də məhz bu faktorlar durur. Yeni baş nazirin davranışlarının Kremldə artıq narahatlıq və bundan doğan qəzəb yaradacağı gözlənir. Bütün bunlara rəğmən, avqustun sonunda Azərbaycan Prezidenti Rusiyaya rəsmi səfərə gedəcək. Bu görüşdən ciddi gözləntilər ola bilər”.
Məhəmmədəli QƏRİBLİ