Fikrət Yusifov: “Bu əməkdaşlıq çərçivəsində Azərbaycan öz iqtisadi maraqlarını daha qabarıq şəkildə ortaya qoya bilər”
Rusiya, Azərbaycan, Türkiyə və İran arasında dördtərəfli əməkdaşlıq iqtisadi cəhətdən regionda ən güclü potensiala malikdir. Xəbər verildiyi kimi, bunu Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmiş “Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi” konfransının yekunlarını şərh edərkən deyib.
D.Savelyevin sözlərinə görə, Avropa Türkiyənin Avropa İttifaqına daxil olmasına maneələr törətdiyi vaxtda Moskva Ankaraya Avrasiya İttifaqı ilə gömrük sazişi imzalamağı təklif edir: “Azərbaycan isə həm Türkiyənin uzunmüddətli strateji tərəfdaşı olduğu üçün, həm də Rusiya ilə sıx iqtisadi və tarixi əlaqələrə malik olduğu üçün Rusiya-Azərbaycan-Türkiyə üçbucağında qarşılıqlı səmərəli əməkdaşlıq imkanları yaranır”.
Rusiyalı deputat bildirib ki, daha bir geosiyasi vektor Rusiya-İran münasibətləridir. Duma rəsmisi xatırladıb ki, Rusiya Azərbaycan və İranla Xəzər dənizinin statusu ilə bağlı bir sıra razılaşmalar əldə edib, Azərbaycanın ərazisindən keçən və Avropa ilə Asiya arasındakı həddən artıq yüklənmiş ticarət yollarına alternativ olan “Şimal-Cənub” nəqliyyat dəhlizinin tikintisi başa çatdırılıb: “Azərbaycan İran və Rusiya ilə nəqliyyat infrastrukturu və Xəzərin statusu ilə bağlı məsələlərdə əməkdaşlığa maraq göstərir və beləliklə, rəsmi Bakı Rusiya-Azərbaycan-İran müstəvisində vacib iştirakçıya çevrilə bilər”.
Ümumilikdə, sözügedən 4 ölkə arasında iqtisadi əməkdaşlıq formatı bütün tərəflərin sahib olduğu potensialdan, resurslardan səmərəli şəkildə istifadə etməsinə yardım edə bilər. Hansı ki, adıçəkilən ölkələr çoxşaxəli potensiala malikdirlər. Sadəcə, bununla bağlı potensial imkanları düzgün dəyərləndirmək lazımdır.
Maraqlıdır, bəs ekspertlər Rusiya, Azərbaycan, Türkiyə və İran arasında dördtərəfli iqtisadi əməkdaşlıq formatının imkanlarını necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov buna bir neçə kontekstdən yanaşdı: “Rusiya, Azərbaycan, Türkiyə və İran regionun iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələridir. Bu dörd ölkənin birgə əməkdaşlığı onlardan hər birinin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə xidmət edir. Unutmayaq ki, İran və Rusiyanın iqtisadiyyatı, bir qayda olaraq, Qərbin sanksiyalarından əziyyət çəkir və bu sanksiyaların bundan sonra nə qədər davam edəcəyi də bəlli deyil. Belə bir durumda Türkiyə və Azərbaycanla regional əməkdaşlıq həm Rusiya və həm də İran iqtisadiyyatına daha çox fayda verə bilər. Elə bu səbəbdən də hər iki ölkə qardaş Azərbaycan və Türkiyə ilə iqtisadi müstəvidə bir araya gəlməyə üstünlük verir. Hesab edirəm ki, bu əməkdaşlıqdan Azərbaycan da, Türkiyə də kifayət qədər fayda görür. Gələcəkdə əməkdaşlığın belə geniş formatda davam etdirilməsi hər bir ölkə üçün maraqlı olaraq qalacaq. Yaranmış vəziyyətdə bu əməkdaşlıq çərçivəsində Azərbaycan öz iqtisadi maraqlarını daha qabarıq şəkildə ortaya qoya bilər”.
Vidadi ORDAHALLI