Elşən Həsənov: “Başqa ölkənin öz ərazisində etdiyi qanuni hərəkətlərdən “donos” yazmaq isə onlara nicat verməyəcək”
Ermənistan xarici işlər nazirinin sözçüsü Tiqran Balayan Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki fəallığını xüsusi narahatlıqla şərh edib. O, erməni jurnalistlərinə verdiyi açıqlamada bildirib ki, Azərbaycanın həmin addımları guya götürdüyü öhdəliklərə ziddir:
“Biz bu məsələni ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in digər üzvlərinin qarşısında qaldırmışıq. Həmsədrlər bu istiqamətdə gərgin işləməlidirlər, çünki Azərbaycan faktiki olaraq ATƏT-ə hörmətsizlik nümayiş etdirərək, onun səylərini iqnor etmiş olur”. Məlum olduğu kimi, son dövr ərzində Azərbaycan Ordusunun Naxçıvan istiqamətində müəyyən fəallığı nəzərə çarpır. Bu xüsusda ordumuz Azərbaycanın ərazisi çərçivəsində itirilən bəzi torpaqlara nəzarəti bərpa etmiş olub. Günnüt əməliyyatından sonra isə Naxçıvanda irimiqyaslı hərbi təlimlər həyata keçirilib. Bütün bu addımları atmağa Azərbaycanın tam haqqı çatır. Çünki müstəqil ölkə olaraq biz öz sərhədlərimiz daxilində istədiyimiz kimi hərəkət edə bilərik. Burada ATƏT-in Minsk Qrupu həmsədrlərinə qarşı hansısa diqqətsizlik və ya hörmətsizlik edildiyindən danışmaq olarmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Azərbaycanın Naxçıvan istiqamətində atdığı addımlar heç bir konvensiyalara zidd deyil: “Biz başa düşürük ki, Ermənistan tərəfi son vaxtlar ciddi narahatlıq keçirir. Bunun da kökündə ölkələrinin daxilindəki hakimiyyət boşluğundan irəli gələn narahatlıq dayanır. Onlar hakimiyyət boşluğunu bəhanə edib, Qarabağla bağlı sülh danışıqlarını maksimum uzadaraq vaxt udmaq istəyirlər. Görürlər ki, Azərbaycan tərəfi məsələni konkret qoyur, ona görə də son vaxtlar müharibə şousu yaratmağa çalışırlar. Azərbaycanın hətta öz torpaqlarını azad etmək üçün müharibə etməyə belə haqqı çatır. Naxçıvanda ordu hissələrimizin fəallığına gəldikdə isə, bunun ATƏT-ə heç bir aidiyyəti yoxdur. Ermənistanın bu narahatlıqla bağlı şikayət ediləcək ünvan kimi məhz ATƏT-i seçməsi də maraqlı görünür. Bütün beynəlxalq konvensiyaları tapdalayan Ermənistandır. Həmin ölkə həm BMT qətnamələrini icra etmir, həm də birbaşa ATƏT-in Minsk Qrupunun səylərinə uzun illərdir hörmətsizlik edir. İndiki vəziyyətdə isə öz yerlərinə bizi qoymaq istəyirlər. Əslində, biz ATƏT-in Minsk Qrupunun fəallaşmasının tərəfdarıyıq və daim bu yöndə iradlarımızı bildirmişik. Yaxşı olar ki, Ermənistan məhz ATƏT formatında aparılan danışıqlarda konstruktivlik barədə düşünsün. Başqa ölkənin öz ərazisində etdiyi qanuni hərəkətlərdən “donos” yazmaq isə onlara nicat verməyəcək. Son vaxtlar Ermənistan hakimiyyətində yaşanan sistemsiz fəaliyyətin bir sübutu da Tiqran Balayanın verdiyi bu lazımsız açıqlamadır”.
Məhəmmədəli QƏRİBLİ