Qasım Hacıyev: “Bu lövhə ilə bizim mütəxəssislərimiz tanış oldular və gördülər ki, burada böyük saxtakarlığa yol verilib” “Məscidin üzərində olan əsas lövhələri gizlədib, məhv edib, onun yerinə erməni dilində lövhə asıblar”
İşğal altında olan torpaqlarımızda yüzlərlə tarix, mədəniyyət, dini abidə erməni vandalizminin qurbanı olub. Ermənilər Azərbaycan torpaqlarını işğal etdikdən sonra burada mövcud olan abidələrə qarşı da soyqırım siyasəti həyata keçirməkdən çəkinməyiblər. Bütün beynəlxalq konvensiyaların şərtlərini pozaraq ermənilər Azərbaycan xalqına aid abidələri ya tamamilə məhv edib, ya da onları saxtalaşdıraraq erməniləşdiriblər. Erməni məkrinin qurbanı olan abidələrimizin başına gətirilən oyunlar həqiqətən də tükürpədicidir.
Şuşanın məşhur tarixi Yuxarı Gövhərağa Məscidi də erməni saxtakarlığına tuş gəlib. Bir müddət əvvəl erməni mətbuatı Yuxarı Gövhərağa Məscidini “fars” məscidi adı ilə təmir etdiklərini bəyan etdilər, bununla da guya ki, humanist xalq olduqlarını dünyaya çatdırmaq istədilər. Son günlər isə ermənilər Gövhərağa Məscidinin üzərinə əməlli-başlı əl gəzdiriblər. Biz bunu sosial şəbəkələrdə yayılan fotoşəkildən aydınca görə bilərik. Fotoşəkli əldə etdikdən sonra oxunması üçün AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin mütəxəssislərinə təqdim etdik. Şöbə əməkdaşları bildirdilər ki, lövhə üzərinə erməni əlifbası ilə “Qədim tarixi abidə -Yuxarı Məscid, 1883, dövlət tərəfindən qorunur” sözləri yazılıb. Abidənin hansı xalqa məxsus olduğu isə qətiyyən göstərilmir.
Ermənişünaslıq şöbəsinin rəhbəri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, məscidin üzərində olan tarixi yazı tamamilə silinib. Onun sözlərinə görə, məscidin üzərindən “Yuxarı Gövhərağa Məscidi” sözünün çıxarılmasının özü böyük saxtakarlıqdır. Onun sözlərinə görə, ermənilərin bu saxtalaşdırma addımı da onların gerçək xislətini ortaya qoyur: “Bu lövhə ilə bizim mütəxəssislərimiz tanış oldular və gördülər ki, burada böyük saxtakarlığa yol verilib. Bu lövhədə qravar əlifbasından istifadə edilib. Ermənilər bu əlifbanın qol-qanadını əyərək onu “qədim”ləşdirməyə çalışıblar. Ermənilər bu məsciddə qarşı indiyə qədər bir neçə saxtalaşdırma işi həyata keçiriblər. Bilirsiniz ki, orada iki Gövhərağa Məscidi var. Biri Yuxarı Gövhərağa, o biri isə Aşağı Gövhərağa Məscididir. Ermənilər saxtalaşdırma edərək o məscidin üzərindən Gövhərağa sözünü götürərək onu yuxarı və aşağı məscid adlandırıblar. Hətta bu barədə erməni tarixçiləri də yazıblar. Məscidin üzərində olan əsas lövhələri gizlədib, məhv edib, onun yerinə erməni dilində lövhə asıblar. Başqa abidələrimizə qarşı həyata keçirdikləri saxtakarlığı Gövhərağa Məscidinə qarşı da ediblər. Onlar harada əllərinə fürsət düşürsə, ondan istifadə etməyə çalışırlar. Hətta alban dövründən qalan abidələrin üzərindəki xaç işarələrini də dəyişdirib erməniləşdirirlər. Onların Yuxarı Gövhərağa Məscidinə qarşı həyata keçirdikləri bu işlər böyük təxribat və saxtakarlıqdır. Onlar bu məscidin üzərindəki yazını silməklə və onun əvəzinə erməni dilində saxta sözlər yazmaqla çox böyük cinayətlərə yol açıblar”.
Ermənilərin vaxtıilə Şahbulaq abidəsinin üzərinə kimyəvi maddə tökərək onun tarixini tunc dövrünə aparıb çıxardıqlarını xatırladan Q.Hacıyev bildirdi ki, onların ən böyük cinayətlərindən biri işğal etdikləri ərazidəki Azərbaycana aid abidəni fars və erməni abidəsi kimi qələmə vermələridir. “Onların əməlləri bununla bitmir. Guya bu abidənin “dövlət” tərəfindən qorunduğunu yazmaqla özlərini humanist kimi qələmə verirlər. O abidə hansı dövlət tərəfindən qorunur? Qondarma “Dağlıq Qarabağ Respublikası” dövlət deyil, separatçı bir rejimin müvəqqəti qərarlaşdığı bir məkandır. Onlar bu torpağı işğal ediblər və uzun illərdir onu işğalda saxlayırlar. Şuşada 18-ə yaxın məscid vardı. İkisi Gövhərağa Məscidi idi və bu məscid memar Səfixan Qarabağinin layihəsi əsasında inşa edilib. Bu abidələrin nə mədəniyyət, nə din, nə də digər baxımdan ermənilərə, farslara heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycan xalqına aid abidələrdir” - deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA