Mehdi Mehdiyev: “Bu, ordunun aparılacaq döyüş əməliyyatlarında birgə fəaliyyət göstərməsinə, koordinasiya olunmuş şəkildə peşəkarlığının artırılmasına xidmət edir” Yaşar Aydəmirov: “Hər an döyüş başlana bilər”
Məlum olduğu kimi, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək.
Təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin, genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin, radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.
Onu da qeyd edək ki, iyunun 26-da keçirilən möhtəşəm hərbi paraddan sonra genişmiqyaslı hərbi təlimlərin keçirilməsi işğalçı Ermənistanı vahiməyə salıb. Artıq ermənilər də anlamağa başlayıblar ki, Azərbaycan mənasız danışıqların davam etdirilməsi ilə barışmayacaq. O baxımdan həm sistemli olaraq ordu müasir silahlarla silahlandırılır, həm də genişmiqyaslı hərbi təlimlər keçirilir. Bu baxımdan keçiriləcək növbəti hərbi təlimlərin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən hərbi ekspert Mehdi Mehdiyevin sözlərinə görə, hərbi təlimlər bütün qoşun növlərinin peşəkarlıq səviyyəsinin daha da artırılmasına xidmət edir: “Məlum olduğu kimi, yeni artilleriya və raket silahları alınıb. Öz istehsalımız olan digər silahlar da var. Bütün silahları tətbiq etməklə döyüş hazırlığının səviyyəsinin artırılması, həmçinin, qoşun növlərinin yeni müstəvidə qarşılıqlı əlaqələrinin yaradılmasının böyük əhəmiyyəti var. Bu, ordunun aparılacaq döyüş əməliyyatlarında birgə fəaliyyət göstərməsinə, koordinasiya olunmuş şəkildə peşəkarlığının artırılmasına xidmət edir. Bəlli olduğu kimi, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə israrlıdır. Bu səbəbdən də sözügedən təlimlərə zəruri ehtiyac var. Nə qədər təlim çox olsa, bir o qədər zabitlərin, əsgərlərin peşəkarlıq səviyyəsi artacaq. Müasir döyüş texnikaları heyətinin səviyyəsinin artırılması ona görə vacibdir ki, sabah torpaqların hərb yolu ilə azad olunması zərurəti yaranarsa, o zaman hərbçilər tam peşəkarcasına hərəkət edəcəklər”.
Sözügedən məsələni dəyərləndirən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun fikrincə, Azərbaycan Ordusu qısa müddətdə torpaqları işğaldan azad etməyə hazırdır: “Hər an döyüş başlana bilər. Nəinki Ermənistan, hətta başqa dövlətlər də bilməlidirlər ki, Azərbaycan həm Dağlıq Qarabağ ərazisini, həm də Qərbi Azərbaycanı qısa müddətdə işğaldan azad etməyə hazırdır. Yəni uzun-uzadı döyüş əməliyyatları olmayacaq. Sadəcə, iki tabor o vaxt, 2016-cı ildə əks həmlə edərək düşməni sarsıtmağı bacardı. Buna görə düşmən ordusunda çox sayda vəzifəli şəxs vəzifəsindən azad olundu, kəşfiyyat pis günə düşdü, rabitə heçə endi. Azərbaycan birləşmələri daha böyük qüvvə ilə əks-hücuma keçsə, Ermənistan ciddi sarsılacaq. İrəvan üçün bu, fəlakət olacaq”.
Vidadi ORDAHALLI