Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır. Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı deyib.
O, buna uyğun olaraq Azərbaycanın böyük rol oynadığı "Lapis lazuli" dəhlizini xatırladıb.
Dövlət Departamentinin rəsmisi qeyd edib: "Əfqanıstan Prezidenti Əşrəf Qaninin ölkədə sülhün qorunması və "Taliban"la mübarizə üzrə mövqeyini dəstəkləmək üçün biz hamımız bura toplaşmışıq. Biz Əşrəf Qaninin Əfqanıstanda nail olduğu atəşkəs rejiminə güclü dəstək vermək üçün buradayıq. Biz dinc sakinlərin və "Taliban"la mübarizə aparanların tərəfindəyik".
A.Uels bildirib ki, ABŞ Əfqanıstanda "Taliban"la mübarizəyə və sülhün qorunmasına verdiyi dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdardır.
“Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclasının Bakıda keçirilməsi Azərbaycanın regionda vacib rolunu göstərir”. Bunu da ABŞ dövlət katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini deyib.
O, Əfqanıstana kömək göstərilməsini dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, bu görüşün vacibliyi onun Əfqanıstan Prezidenti Əşrəf Qəni tərəfindən atəşkəs elan olunmasından dərhal sonra keçirilməsidir: “ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyanatla çıxış edərək deyib ki, Tramp Qəninin “Taliban” radikal hərəkatı ilə atəşkəs qərarının uzadılması qərarını dəstəkləyir”.
Qeyd edək ki, A.Uels Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edib.