Ermənistan daxilində baş verənlər bu ölkədə yaxın tezlikdə normal hakimiyyətin fəaliyyətə başlaya biləcəyini ciddi sual altına alır. Belə vəziyyət isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarını əngəlləyən əsas faktorlar sırasındadır. Hazırda işğalçı ölkədə qeyri-müəyyən vəziyyətin nə zaman yekunlaşacağı bəlli deyil. Bu isə Qarabağ danışıqlarının dinc yolla həllinə getdikcə daha böyük ölçüdə maneə yaratdığından, Azərbaycan indiki vəziyyətlə barışa bilməz.
Digər tərəfdən Bakı onu da nəzərə alır ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr, o cümlədən baş nazir Nikol Paşinyan Qarabağ məsələsində heç də konstruktiv olmayan mövqe sərgiləyir. Bütün bunlar öz növbəsində konfliktin güc yolu ilə həll ehtimalını daha böyük sürətlə artırır. Bakı bu xüsusda İrəvana artıq növbəti mesajlarını da verir. Belə ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək. Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub. Ekspertlər isə vurğulayır ki, döyüş şəraitinə maksimal həddə yaxınlığı olan bu təlimlər birbaşa İrəvana mesajdır. Məsələ burasındadır ki, Azərbaycan Ordusu son aylar bir-birinin ardınca cəbhə xəttinə yaxın poliqonlarda hərbi birləşmələr səviyyəsində intensiv təlimlər keçiriridi və bu təlimlər Ermənistanda ciddi təşviş yaradıb. Belə ki, aprel ayından başlayaraq Azərbaycan Ordusunun raket-artilleriya, tank və mühəndis-istehkam bölmələri taktiki təlimlər keçirib. Təlimlər demək olar ki, ara verməyib və Ermənistanda bunu Azərbaycanın irimiqyaslı müharibəyə hazırlaşması kimi qiymətləndiriblər. Bir neçə dəfə erməni tərəfi Azərbaycan Ordusunun cəbhə xəttinə yaxın təlim poliqonlarına hərəkət edən texnikasının və canlı qüvvəsinin dronla çəkilmiş görüntülərini yayıb. Ümumiyyətlə, Azərbaycan Ordusunun birləşmələrinin adi gündəlik təlim-məşq tapşırıqları üçün kazarmalarını tərk etməsi dərhal Ermənistanda panik reaksiyalara səbəb olur. İndi isə 20 minlik canlı qüvvənin, onlarla tankın və digər zirehli texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilən raket-artilleriya komplekslərinin və zərbə pilotsuz uçan aparatların tətbiqi ilə irimiqyaslı təlimlər barədə anons verilib. Gözləniləndir ki, bu təlimlər Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən yeni silah sistemlərindən möhkəm panikaya düşən Ermənistanda müharibə təşvişini daha da artırsın.
Digər tərəfdən, təlimlərin ssenarisi məhz işğal edilmiş ərazilərin irimiqyaslı hücumla geri alınması üzərində qurulub. Yəni Ermənistanda bu baxımdan haqlıdırlar ki, mümkün hərbi əməliyyatlar 2016-cı ilin aprelində olduğu kimi lokal xarakter daşımayacaq, irimiqyaslı olacaq və Azərbaycan Ordusunun indiki imkanları qarşısında düşmənin müqavimət şansı demək olar qalmayıb.
Erməni tərəfini narahat edən təlimlərin Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə Bakıda keçirilmiş hərbi paraddan sonraya təsadüf etməsidir. Qeyd edək ki, parad Ermənistanın ekspert çevrələrində ciddi təşviş yaradıb. Erməni ekspertlər üçün, xüsusən SOM-1 qanadlı raketi xoşagəlməz sürpriz olub. “Ermənistanın hərbi sənaye kompleksi” bloqunun aparıcısı Samvel Aqbabyan bildirir ki, Azərbaycan milyardlarla dolları müasir silahlara və hərbi texnikaya parad üçün xərcləmir. Bu silahlar Qarabağ probleminin hərbi yolla həll edilməsi üçün alınır. Aqbabyana görə, Azərbaycanın operativ-taktiki və tank əleyhinə raket kompleksləri, raket-artilleriya silahları və zərbə dronları Ermənistan və Dağlıq Qarabağdakı rejim üçün xüsusi təhlükəsizlik təhdidi yaradır: “Bu silahlar yüksək texnologiyalara əsaslandığına və uzaq məsafədən hədəfləri vurduğuna görə Azərbaycan silahlı qüvvələrinə imkan verəcək ki, birbaşa atəş təmasına girmədən effektiv hərbi əməliyyatlar aparsın”. Aqbabyan “Kavkazskiy uzel” portalına açıqlamasında, xüsusən diqqəti Bakıdakı paradda ilk dəfə nümayiş etdirilmiş SOM-B1 aviasiya operativ-taktiki raketinə cəlb edib: “Hələlik bu raketin Azərbaycan HHQ-nin hansı aviasiya platformasından tətbiq ediləcəyi aydın deyil. MiQ-29 və Su-25 qrıcıları, döyüş təyyarələri, mənə məlum olduğu qədər, SOM-B1 raketləri üçün uyğunlaşdırılmayıb. Amma belə hesab etməyə əsas var ki, Azərbaycanın Su-25 döyüş təyyarələri Türkiyədə SOM-B1 qanadlı raketlərini daşımaq üçün modernləşdirilib”.
Samvel Aqbabyana görə, Qarabağda erməni qüvvələri optik videomüşahidə sistemləri ilə təchiz olunduğu üçün 2016-cı ilin aprelində olduğu kimi qəfil hərbi əməliyyatlar ehtimalı azdır. Ona görə də demək olar ki, irimiqyaslı müharibə yetişir və bu müharibə kütləvi raket-artilleriya, aviasiya zərbələri ilə müşaiyət olunacaq. Digər hərbi analitik Leonid Nersisyan isə bildirir ki, Bakıda SOM-1B raketinin nümayiş etdirilməsi Ermənistan üçün “xoşagəlməz xəbər” oldu: “250 kilometr mənzilli qanadlı raket, üstəlik olduqca aşağı hündürlükdən uçan raket Ermənistan üçün xoşagəlməz xəbər oldu. HHM sistemi bu cür hədəflərlə mübarizə apara bilər, amma bu sadə məsələ deyil. Bunun üçün radiolokasiya stansiyalarının geniş şəbəkəsi və zenit-raket komplekslərinin heyətlərinin yüksək peşəkarlığı gərəkdir. Ancaq belə raketlərdən ən prioritet hədəfləri qoruyacaqlar”. İndi paradda nümayiş etdirilən silahların təlimlərdə istfiadəsi, erməni tərəfinə görə, onlar üçün müsbət heç nə vəd etmir. Bunu rus ekspert Aleksandr Perenciyev də təsdiq edir: “Paradda Azərbaycan güclü hərbi texnika və orduya malik olduğunu bir daha göstərdi. Bu həm də o zaman baş verir ki, Qarabağ münaqişəsinin dinc yolla həlli perspektivi böyük deyil. Perspektivlər barədə o vaxt danışmaq olar ki, heç olmazsa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Ermənistan tərəfindən işğal edilən Qarabağa bitişik 7 Azərbaycan rayonunun qaytarılması məsələsi üzrə “yol xəritəsi” layihəsi olsun. Yalnız bu halda layihənin müzakirəsi başlayacaq, yalnız bu halda iki Cənubi Qafqaz dövləti və xalqı arasındakı əlaqələrdə sülhün bərqərar edilməsinin imkanları və yollarını qiymətləndirmək olacaq”. Rusiyalı politoloq Yevgeni Mixaylov isə, öz növbəsində, paradın ilk növbədə Azərbaycan xalqına xaricdən gələn istənilən təhdidə qarşı güclü qoruyucu alətinin olmasını göstərdiyini bildirir: “Aydındır ki, son bir neçə ildə Azərbaycan Silahlı Qüvvələrinin müsbətə doğru dəyişdiyini görən rəsmi Bakının tərəfdaşlarının heç biri onların qısa zamanda istənilən regional problemi həll edə biləcəyinə və ya potensial düşmənə xeyli problem yarada biləcəyinə şübhə etmir”. O bildirib ki, təkcə hərbi paradın keçirilməsi siyasi və iqtisadi problemlər yaşayan Ermənistanı qıcıqlandırır: “Bu Cənubi Qafqaz respublikası gah nala, gah mıxa vurur. Rəsmi İrəvan artıq çoxəsrlik müdafiəçisi və sponsoru olan Rusiyadan uzaqlaşır. Ölkənin yeni başçısı Nikol Paşinyan Azərbaycan üzərində müvəqqəti üstünlüklər və strateji zəfər qazanma imkanı əldə etmək üçün Qərb və ABŞ qarşısında açıq-aydın quyruq bulayır. Ermənistan öz addımları ilə Rusiyanı Azərbaycanın öz torpaqlarını hərbi yolla qaytarmaq üzrə fəaliyyətinə göz yummağa meylləndirir”.
Belə vəziyyətdə ekspertlər həm də ona diqqət çəkir ki, Azərbaycan Prezidenti paradda çıxışı zamanı İrəvana lazım olan mesajları verib. Onun mesajları çox aydın idi: biz münaqişəni sülh yolu ilə həll etməyə hazırıq, amma mənasız və destruktiv təkliflərdən ibarət olan danışıqlara vaxt sərf etməyəcəyik. Ermənistanın yeni hakimiyyəti isə daha destruktiv və ağlabatmayan təkliflərlə çıxış edir. Bu fonda danışıqlar prosesi dalana dirənir. Ona görə də sülh danışıqlarının alternativi olan hərbi variant kifayət qədər realdır. Azərbaycandan fərqli olaraq, Ermənistan müharibəyə hazır deyil və heç bir zaman da hazır olmayacaq. Ermənistanın iqtisadi inkişaf səviyyəsi Azərbaycanın iqtisadi inkişaf səviyyəsindən bir neçə dəfə aşağıdır və heç müqayisə olunmağa layiq deyil. Bu baxımdan, iflasa uğrayan Ermənistanın komprimisə getməkdən başqa şansı yoxdur. Əks təqdirdə o, ordumuzun güclü zərbəsi ilə qarşılaşacaq. Azərbaycan Ordusu isə bu gün onun qarşısında qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Ordumuz döyüş qabiliyyəti, əsgər və zabitlərin peşəkarlığı, müasir silahlardan istifadə bacarığı, nizam-imtizam və digər keyfiyyətlərinə görə kifayət qədər güclü ordudur. Bunu düşmən də bilir və ona görə seçim ermənilərindir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.