Ermənistanda yeni hakimiyyətin əvvəlki iqtidar nümayəndələrinə qarşı həbs və digər formada təzyiq metodu getdikcə daha geniş vüsət almağa başlayır. Hətta iş o yerə çatıb ki, bu günlərdə keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan polis tərəfindən saxlanıb. O, qanunsuz silah saxlamaqda ittiham olunur. Düzdür, sonradan həbsdən azad edilsə də, Aleksandr Sarkisyan barəsində araşdırmalar davam edir və onun yenidən həbsi istisna edilmir.
Ermənistanın dövlət mühafizə xidmətinin rəis müavini, Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş Vaçaqan Kazaryan da həbs olunub. O, gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur. 20 iyunda Kazaryanın evində keçirilən əmliyyat-axtarış tədbirləri nəticəsində 35 milyon dram, 1 milyon 110 min dollar, 230 min 500 avro nağd pul tapılıb. “Unibank”dakı hesabında isə Kazaryanın 436 milyon dram vəsait saxladığı aşkarlanıb. Bu gedişlə həbslərin Serj Sarkisyanın özünə qədər uzanması da tamamilə gözlənilən sayılır.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da vəziyyəti yaxşı deyil. 2008-ci ilin 1 mart hadisələrinin araşdırılması fonunda onun da həbsə gedəcəyi gözləntilər arasındadır. Məlum hadisələr vaxtı daxili qoşunların o vaxtkı komandiri Qriqor Qriqoryanın nümayişçilərə atəş açmaq əmrini o zamankı prezident Robert Köçəryanın verdiyini bildirməsi bu şəxsin vəziyyətini ağırlaşdırır. Erməni şərhçi Sarkis Artsruni bildirir ki, Qriqor Qriqoryan Robert Köçəryana qarşı ifadə verib, sonuncunun həbsi hər an baş verə bilər: “Düzdür, Robert Köçəryan hətta ölkədə meydana çıxan keyfiyyətcə yeni durumda da öz fəaliyyət üslubunu dəyişmir. İkinci prezidentə elə gəlir ki, özünün qanlı fəaliyyətinin izlərini silmək qəsdilə KİV-i əvvəlkitək susmağa vadar edə bilər. Alınmayacaq. General Manvel Qriqoryan da yeni durumu qeyri-adekvat dəyərləndirib və indi onun kədərli odisseyasının gedişinin necəliyi məlumdur. Robert Köçəryan 1999-cu ilin oktyabrında törədilən cinayətinin daxili mənfəətdarıdır, çünki yalnız Vazgen Sərkisyan və Karen Dəmirçiyanın cəsədləri üzərindən hakimiyyəti öz əlində cəmləşdirə bilib, kriminal oliqarxiya qarəti vasitəsilə milyarder ola bilib. Robert Köçəryanın həyata keçirdiyi bütün cinayətlərə üz tutmağı bənd-bənd davam etdirəcəyik: heç bir cinayət cəzasız qalmır".
Ermənistanın "Qraparak" qəzeti isə bildirir ki, ölkədə yüksək vəzifəli bəzi məmurları da yaxşı heç nə gözləmir. Qeyd olunur ki, onlar illərdir əmək haqqından başqa, çoxmilyonluq "mükafatlar" qazanıblar. Nəşr bildirib ki, hüquq-mühafizə orqanları hazırda keçmiş məmurların hesablarına edilən pul köçürmələrini araşdırır. Materialda bəzi məmurların hər ay 15 min dollara qədər bonus aldıqları qeyd edilib. Ümumilikdə, söhbət dövlət qulluqçularının bank hesablarında yerləşdirilən bir neçə milyon dollarlıq bonus ödənişlərindən gedir. Belələrinin bir çoxunun həbsi gözlənilir. Bu arada daha bir maraqlı məlumat odur ki, müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan da tutulub. Manvel Qriqoryanın həyat yoldaşı qanunsuz silah saxlamaqda ittiham olunur. Qeyd edək ki, Nazik Amiryan bir neçə gün istintaqdan yayınıb və onun barəsində axtarış elan olunub. Atası həbs olunduqdan sonra Eçmiədzin şəhərinin meri vəzifəsindən istefa verən Karen Qriqoryan da tutulub. Belə bir vaxtda Armavir vilayətinin sakinləri Manvel Qriqoryanın yaxın qohumu olan merin istefası tələbilə yolları bağlayıblar. Etirazçılar əyalət rəhbərinin də cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Etirazçıların sözlərinə görə, əyalət rəhbəri Manvel Qriqoryanın qardaşı oğludur. Əmisinə arxayın olan mer insanlara qarşı xüsusi amansızlığı ilə tanınır. Sakinlər deyir ki, Qriqoryanlar onları illərdir qorxu və təhdid altında saxlayır, istədikləri kimi rəftar edirlər. Qeyd olunur ki, vilayətindəki bütün evlər, iaşə obyektləri, torpaqların sahibi ya Zarzand, ya da əmisi Manveldir. Etirazçıların sözlərinə görə, Zarzand Qrioryan əmisinin surətidir. Bu ailə acgöz və talançıdır. Mer dövlətdən və diaspordan onların sosial qayğısının həlli ilə bağlı külli miqdarda pullar alıb. Lakin indiyədək bir insanın belə problemi aradan qalxmayıb. Bu isə indi etirazlara yol açıb. Amma ekspertlərin sözlərinə görə, hökumət problemləri həll etmək əvəzinə, kütlənin başını səs-küylü korrupsiya qalmaqalları ilə qatmağa çalışır. İnsanlar Nikol Paşinyan hakimiyyətinin vəd etdiyi islahatların nəticəsini görmür. Hazırda bütün Ermənistanda zərbəçi templərlə korrupsiya mübarizəsi gedir. Demək olar ki, hər gün dövlət vəsaitlərinin oğurlanması və məmurların tutulması barədə xəbərlar yayılır. Politoloq Armen Badalyanın fikrincə, hələ də inkişafın istiqaməti və Paşinyan hakimiyyətinin hansı iqtisadi siyasəti planlaşdırdığı bəlli deyil.
Nahid SALAYEV