Qərb sanksiyalarından hələ də ciddi əziyyət çəkən Rusiya üçün maraq doğuran məqamlardan biri ixrac imkanları və marşrutlarının şaxələndirilməsidir. Bu xüsusda indi Azərbaycanın həyata keçirdiyi layihələr, artan tranzit əhəmiyyəti Rusiya üçün daha böyük önəm kəsb etməyə başlayır. Bunu “Rus konteyner şirkəti” Səhmdar Cəmiyyətinin baş direktoru İvan Qrişaqin də təsdiq edir.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə arasında hökumətlərarası saziş əsasında çəkilmiş Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun böyük potensialı var: “Yaxın vaxtlarda biz bu potensialı işə salmaq istəyirik. Biz görürük ki, Rusiya və sazişin iştirakçısı olan ölkələr arasında münasibətlər Bakı-Tiflis-Qars sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Biz Avropa ilə Asiyanın qoşulması yolu ilə yaxın vaxtlarda birbaşa xarici investisiyaların gələcəyini də gözləyirik”. “Rus konteyner şirkəti”nin mütəxəssisləri Bakı-Tiflis-Qars dəmir yolu marşrutunu Rusiyanın Privoljsk, Ural və Sibir federal dairələrindən Türkiyənin Aralıq dənizindəki limanlarına, daha sonra Afrika və Yaxın Şərq ölkələrinə yükdaşımalarının ən qısa yolu kimi qiymətləndirir.
Bundan başqa o da məlumdur ki, Rusiya Bakı-Tiflis-Qarsla dəmir məmulatlarının daşınmasında da maraqlıdır. Bu xüsusda Azərbaycan tərəfi artıq rus metallurgiya şirkətlərinin nümayəndələri ilə danışıqlar aparıb. Danışıqlar zamanı Rusiyadan sözügedən dəmir yolu ilə hər ay 70 min ton dəmir məmulatlarının göndərilməsi istəyi bildirilib. Eyni zamanda Rusiya taxta, dəmir məmulatlarının Qarsa, oradan isə qida məhsullarının Rusiyaya daşınmasında maraqlıdır. Elə Ankara da Bakı-Tiflis-Qarsdan Rusiya ilə iqtisadi münasibətlərini daha da dərinləşdirmək üçün xüsusi maraq göstərir. Qeyd edək ki, Türkiyə bu dəmir yolu xəttilə indiyə qədər 50 min ton yük ixrac edib. Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt bildirib ki, Bakı-Tiflis-Qarsla Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Çindən Türkiyənin bir sıra şəhərlərinə əlaqə yaradılıb. Onun sözlərinə görə, Bakı-Tiflis-Qars istifadəyə verildikdən bu günə qədər Türkiyədən bu dəmir yolu xəttilə 50 min ton yük ixrac edilib.
Məsələ ilə bağlı “Global Risk Insights” analitik mərkəzi isə bildirir ki, Bakı-Tiflis-Qars böyük coğrafiyada tranzit dövriyyəsinin həcmini artırmağa kömək edəcək. Qeyd edilir ki, Çinlə Avropanı birləşdirən üç əsas dəmiryolu marşrut xəttindən biri Qazaxıstanın və ya Türkmənistanın dəmir yolu sistemləri vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizidir: “Qazaxıstan və Türkmənistandan yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana daşınır. Buradan isə mallar Cənubi Qafqazdan və Türkiyə ərazisindən keçən dəmir yolu şəbəkəsinə yüklənir. Rusiyadakı yükdaşıma həcmləri əhəmiyyətli dərəcədə artsa da, yeni nəqliyyat marşrutlarının yaradılması Çin üçün maraqlıdır. Cənubi Qafqazdakı BTQ dəmir yolu üzərində işlərin başa çatması Qazaxıstan və Türkmənistan vasitəsilə yükdaşımanı daha da cəlbedici edib. Həmçinin İranın Cənubi Qafqaz və Mərkəzi Asiya ilə genişlənən dəmir yolu əlaqələri də ticarət imkanlarını daha da artırır”. Hazırda Bakı-Tiflis-Qars Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur. İlkin mərhələdə bu yolla 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton yük daşımaq planlaşdırılır. Sonra yükdaşımalarının həcmini daha da artırmaq nəzərdə tutulur. “Rus konteyner şirkəti” Səhmdar Cəmiyyəti analitiklərinin proqnozlarına görə, gələcəkdə dəmir yolunun sərnişindaşıma və yükdaşıma qabiliyyəti artırılaraq, ildə təqribən 2-3 milyon sərnişinə və 15 milyon tondan çox yükə çatdırıla bilər. Bütün bunlar Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir. Ən azı o baxımdan ki, postneft dövründə iqtisadiyyatın şaxələndirilməsi əsas hədəflərdən biridir. Bu fonda nəqliyyat sektorunda islahatların aparılması və infrastrukturun qurulması da təsdiqləyir ki, beynəlxalq yükdaşımalarda ölkəmizin payının artması mühüm əhəmiyyət kəsb edir. Bu, ölkəyə əlavə valyutaların daxil olmasına şərait yaradır. Ölkəmiz qeyd olunan fonda bir sıra qlobal nəqliyyat layihələri həyata keçirir. Bakı-Tiflis-Qarsdan başqa “Şərq-Qərb“, “Şimal-Cənub“ nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, “Şimal-Cənub“dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada həm də Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir. Eyni zamanda, logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi nəticə etibarilə ölkəmizin strateji nəqliyyat mərkəzinə çevrildiyini göstərir. Digər tərəfdən nəqliyyat dəhlizləri imkan verir ki, azərbaycanlı sahibkarlar öz məhsullarını dünya bazarına daha asan və az xərclə çıxarsınlar. Artıq bunun müsbət nəticələri qeyri-neft sektorunun ixrac həcminin sürətli artımı fonunda özünü qabarıq formada göstərir.
Tahir TAĞIYEV