Paşinyan hökumətinin növbəti yalanı artıq üzə çıxıb. Ermənistan baş nazirinin müşaviri Artak Manukyan “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, ölkədə korrupsiya faktlarının ifşası nəticəsində 35 milyon dollar aşkar edilərək dövlət büdcəsinə yönəldilib.
Ancaq Maliyyə Nazirliyindən bu bəyanatı təkzib edərək bildiriblər ki, Ermənistan büdcəsinə korrupsiya faktları ilə bağlı aşkarlanan maliyyə vəsaiti daxil olmayıb.
Paşinyan hökumətinin aşkar olunan yeni yalanı barədə fikir bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu faktların baş verəcəyi gözləniləndir: “Nikol Paşinyanın təşkil etdiyi inqilab da saxta idi. O guya xalqın yanında olduğunu, onların mövqeyindən çıxış etdiyini bəyan edirdi. Ancaq onların hər biri bir mərkəzdən idarə olunur. Onların məqsədi Ermənistan hakimiyyətini ələ keçirib, var-dövlətə sahib olmaqdır. Paşinyanın xalq hərəkatı deyə başlatdığı inqilabın əsas məqsədi xalqın yanında olmaq deyil, öz mənafelərini təmin etmək idi”.
QAT sədri hesab edir ki, yaxın müddətdə Paşinyan hökumətinin korrupsioner olduğu üzə çıxacaq: “Korrupsiya hallarının ifşası nəticəsində tək 35 milyon dollar aşkar olunmayıb, eyni zamanda daha çox fakt müəyyən olunur və olunmaqda davam edir”.
A.Nağının fikrincə, aşkar olunan faktlar Paşinyan hökumətinin uzun müddət davam edə bilməyəcəyinə səbəb olacaq.
Siyasi şərhçi Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın atdığı addımlar bir neçə faktora xidmət edir: “Birincisi, addımının məqsədi diqqəti Ermənistanın ağır iqtisadi durumundan yayındırmaqdan ibarətdir. Ermənilər bunu etiraf edirlər. Çünki Paşinyanın təqdim edə biləcəyi hər hansı bir iqtisadi proqram yoxdur. Yalnız möcüzələr nəticəsində qeyd olunan ölkədə iqtisadi irəliləyişə nail olmaq olar. Bəllidir ki, bu ölkənin iqtisadi resursları yoxdur, həm də mövcud olan müəyyən sahələr Rusiya şirkətlərinin idarəçiliyindədir. Bu aspektdən, Paşinyanın möcuzə göstərmək imkanı yoxdur. Həmçinin, Ermənistanın işğalçılıq siyasəti bu ölkəni bütün proseslərdən təcrid vəziyyətində saxlayır. Bu səbəbdən də Paşinyan vaxt udmaqla yalnız siyasi şoular düzəltməklə məşğuldur”.
Günel CƏLİLOVA