Qabil Hüseynli: “İki qardaş ölkə arasında intensiv əməkdaşlıq həm ordumuzun döyüş bacarığını artırır, həm də regional sülhə və təhlükəsizliyə töhfə vermiş olur”
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda iştirak edib.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyiblər.
Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
Paradda, həmçinin, Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.
Paradda diqqətçəkən məsələlərdən biri də qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyətinin iştirakı oldu. Məlumdur ki, Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələri arasında sıx əməkdaşlıq çoxdan mövcuddur və paradda bu açıq nümayiş etdirildi. Silahlı Qüvvələrimiz arasında bir neçə dəfə birgə təlimlər də keçirilib. Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələri arasındakı sıx əməkdaşlıq tendensiyası regiondakı sülh və təhlükəsizliyin təmin olunmasına nə kimi töhfə verə bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası fəaliyyət göstərir: “İki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də geniş və qarşılıqlı əməkdaşlıq mövcuddur. Ötən il ərzində Azərbaycanda üç dəfə – iki dəfə Bakıda, bir dəfə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığımızı gücləndirən amildir. Eyni zamanda, hərbi-texniki sahədə birgə fəaliyyətimiz davam edir. Türkiyə Azərbaycan müstəqillik qazanandan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. İndiki dövrdə Azərbaycan oturuşmuş dövlətdir. Müasir dövrün tələblərinə cavab verən orduya malik ölkə kimi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yeni mərhələdədir. Birgə təlimlərin keçirilməsi, qardaş ölkənin zabit və əsgərlərinin paradda bizim Ali Baş Komandanın önündən hərbi nizamla keçməsi münasibətlərimizin hansı səviyyədə olmasının göstəricisi sayıla bilər. Türkiyənin NATO, Azərbaycanın isə Qoşulmama Hərəkatının üzvü olmasına baxmayaraq, hərbi əməkdaşlığımız ən yüksək səviyyədədir. Bu bir daha Azərbaycanın ərazi bütövlüyünü tanımayan Ermənistana və xaricdəki müəyyən siyasi dairələrə ciddi mesajdır.
Bu gün Silahlı Qüvvələrimizin nümayəndələri Türkiyədən ancaq öyrənmirlər, həm də öyrədirlər. Çünki Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri və zabit heyəti zəngin potensiala malikdir. Biz son hərbi paradda bunun bir daha şahidi olduq. Təbii ki, belə hərbi əməkdaşlıq regiondakı təhlükəsizliyə və sülhün təmin olunmasına böyük töhfə verir. Bilirsiniz ki, bizim regionda sülhə, təhlükəsizliyə mane olan ölkə Ermənistandır. Həmin ölkə həm Türkiyəni, həm də Azərbaycanı təhdid edir. Buna görə də əməkdaşlıq gücləndikcə, Ermənistan narahat olur. İki qardaş ölkə arasında intensiv əməkdaşlıq həm ordumuzun döyüş bacarığını artırır, həm də regional sülhə və təhlükəsizliyə töhfə vermiş olur”.
Məhəmmədəli QƏRİBLİ