Yeganə Hacıyeva: “Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakı görüşündə Tramp administrasiyasının da iştirakı Vaşinqtonun Əfqanıstan siyasətinə necə önəm verdiyindən xəbər verir”
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib. Tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edir.
Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıblar. Son vaxtlar dünyanın ən qlobal problemlərinin məhz Bakıda müzakirə olunduğunun şahidi oluruq. Bundan əvvəl bir neçə dəfə NATO ilə Rusiya arasında ən yüksək səviyyəli təmaslara da məhz Bakı evsahibliyi etdi. Ölkəmizin bu önəmi nə ilə izah edilə bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, artıq uzun illərdir Azərbaycan sülhpərvər və humanist bir dövlət ənənəsinə sadiq olaraq, çoxsaylı beynəlxalq və regional formatlarda planetimizin qaynar ocaqları, konfliktli situasiyalarla üzləşən ölkələr və konfliktli situasiyaların həll və idarə olunmasında maraqlı olan tərəflər üçün beynəlxalq humanitar, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərə evsahibliyi edir: “Bakı regionlar və qlobal səviyyədə sabitlik və inkişafın təmin edilməsi yollarının müzakirəsi üçün bir platforma rolunu oynamaqla dünyada sülhün və əminamanlığın bərqərar olması üçün öz töhhfəsini verir. Bu həftə də rəsmi Bakı bu tip tədbirlərdən biri kimi, 2009-cu ildən formalaşmış Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun müxtəlif ölkələrin və beynəlxalq təşkilatların çoxlu sayda nümayəndəsinin qatıldığı toplantısına - "Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakı görüşünə" evsahibliyi edir. Daha öncə də rəsmi Bakı NATO və Rusiya komandanlarının Yaxın Şərq və Mərkəzi Asiya üzrə məsələlər barədə müzakirəsinə üç dəfə evsahibliyi edib və dünya güclərinin hərbi rəhbərlikləri qarşılıqlı mövzuların müzakirə yeri kimi məhz Azərbaycan paytaxtını seçmişlər.
İstər qlobal siyasi, iqtisadi, hərbi güc mərkəzlərinin cari məsələlər və xüsusilə həssas mövzuların müzakirəsi üçün Bakını seçməsi təsadüfi deyil. Tarixən istər müharibələr, istərsə də siyasi-iqtisadi münaqişələrdə tərəflərin müzakirə üçün görüşlərini strateji məkanlarda, təhlükəsiz və neytral zonalarda keçirmək adət-ənənəsi mövcuddur. Cənubi Qafqaz Avropa ilə Asiya və Yaxın Şərq regionu arasında mühüm nəqliyyat dəhlizi olan qitələrarası qovşaq, tampon zona və keçid adlandırdığımız strateji coğrafi regiondur. Bu regiona nəzarət edən istənilən qüvvə Asiya , Avropa və Yaxın Şərq arasında balansı qorumuş olur. Cənubi Qafqazın ən strateji ölkəsi isə Azərbaycandır. Regionun nüfuzlu iqtisadi, siyasi mərkəzi kimi Azərbaycan öz milli maraqlarına xidmət edən balanslı, çoxvektorlu xarici siyasət həyata keçirir.
Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsindən fərqli olaraq, müstəqil, qlobal güclər arasında balanslı siyasətini qoruyaraq öz maraqlarına uyğun siyasət yürüdür. Biz istər Rusiya, istərsə də ABŞ-la öz maraqlarımızın ətrafında qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq yürüdürük və buna israrlıyıq.
Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakı görüşündə Əfqanıstan və ümumilikdə, Mərkəzi və Cənubi Asiyanın mühüm mövzuları müzakirə olunur. Mərkəzi Asiya Rusiya və Çinin əhatəsindəki region olaraq ABŞ-ın uzunmüddətli xarici siyasət maraqları üçün xüsusi strateji əhəmiyyət kəsb edən regiondur.
ABŞ Mərkəzi Asiya regionunun sabitliyində, rifahı və təhlükəsizliyinin gücləndirilməsində, siyasi və iqtisadi modernləşməsində Qərbin təhlükəsizliyinə xidmət edən əsas faktor kimi son dərəcə maraqlıdır. Mərkəzi Asiya Rusiya və Çinin əhatəsindəki region olaraq, Vaşinqtonun uzunmüddətli xarici siyasət maraqları üçün xüsusi strateji əhəmiyyət kəsb edir. Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakı görüşü həmin ölkədə parlament seçkiləri keçirilməsi və əfqan parlamentinə gələcək seçkilər üçün hazırlıq öncəsi keçirilir. Seçki öncəsi ab-havanın istiləşməsi Əfqanıstanda mövcud daxili siyasi vəziyyətin həssas sabitliyinin fonunda baş verir, ölkənin indiki puştun başçısı ilə milli azlıqların, xüsusən də tacik, özbək və türkmən seçicisi arasında ziddiyyətlərin artması ilə, radikal etnik, dini, məzhəb və siyasi qruplararası münasibətlərinin kəskinləşməsi ilə müşayiət olunur.
Uzun illərdir Əfqanıstandakı müharibə ABŞ-ın iştirak etdiyi ən uzun hərbi münaqişədir. Əfqanıstanda siyasi hakimiyyətin bütün strukturunun sabitliyinin əsas təməli beynəlxalq koalisiyadan və əlbəttə, ABŞ-dan maliyyələşmədir. ABŞ Əfqanstanda maraqlı tərəf kimi uzun illərdir genişmiqyaslı maliyyələşdirmə siyasəti yürüdür. Bununla da, faktiki olaraq, bu ölkədə etnik, dini, hərbi icmaların və azsaylı cəmiyyət institutlarının daxil olduğu mürəkkəb sistemdə tək hakim rolunu oynayır. ABŞ-dan bu asılılıq, həmçinin, bu sistemi həssas edən əsas faktordur .
Əfqanıstanda bu seçki ABŞ-dakı Tramp administrasiyasının müşayiət etdiyi ilk seçkidir. Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakı görüşündə Tramp administrasiyasının da iştirakı Vaşinqtonun Əfqanıstan siyasətinə necə önəm verdiyindən xəbər verir. Hesab edirəm ki, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Elis Uelsin xüsusi missiyası var”.
Məhəmmədəli QƏRİBLİ