Rəsul Cahangirli: “Növbəti xarici borclanma ölkəni xilas edə bilməyəcək”
İyunun 27-də Ermənistanda hökumətin qapalı iclası keçirilib. Erməni mətbuatının yaydığı məlumata əsasən, gündəlikdəki iki məsələdən biri narkotiklə mübarizə mövzusunda olub, digəri isə açıqlanmır. Yalnız o bildirilir ki, maliyyə naziri A.Cancuqazyanın məruzəsi dinlənib.
Erməni mətbuatı iddia edir ki, iclasın qapalı keçirilməsi hökumətin pul axtarışına çıxması ehtimalını artırır. Bildirilir ki, aparılan korrupsiya ilə mübarizə “obşakı” dağıtdığından, hökumət ölkəni idarə etmək üçün vəsait tapa bilmir. Çünki buna qədər ölkə korrupsiyadan gələn gəlirlər hesabına idarə olunub.
Digər tərəfdən, hökumətin iclasından bir gün öncə baş nazir Nikol Paşinyan eyni gündə iki qadınla təkbətək görüşüb. Onlardan biri Avropa İttifaqının Ermənistandakı ofisinin rəhbəri Natalya Vutova, digəri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tmbon olub. Çox güman ki, Ermənistanda yeni hökumət vəziyyətdən çıxmaq üçün növbəti xarici borclanmaya gedəcək. Beynəlxalq maliyyə qurumlarının yerli nümayəndələri ilə eyni vaxtda görüşməsi yalnız bu məqsədə xidmət edir. Çünki ölkənin maliyyə durumu çox kritik səviyyədədir. Ancaq onu da nəzərə almaq lazımdır ki, növbəti dəfə xarici borclanmaya getmək heç də Ermənistan üçün yaxşı perspektiv vəd etmir. Çünki ötən il Ermənistan ölkəyə kapital cəlb olunmasından daha çox borc götürüb. 2017-ci ilin nəticələrinə görə, Ermənistanın dövlət borcu 6,675 milyard dollar təşkil edib. Burada hökumətin payı 6,173 milyard dollara çatıb. Ermənistanın maliyyə naziri A.Cancuqazyanın sözlərinə görə, hökumətin xarici borcu 4.893 milyard dollar olub, qalan borc isə daxili borcdur: “Dövlət borcunun ÜDM-ə nisbəti bir qədər artaraq 58,8 faizə çatıb”.
Belə olan halda, növbəti borclanma Ermənistanı xilas edə biləcəkmi? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli bunu istisna etdi. O bunu bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı xarici investorlar üçün cəlbedici deyil. Açıq dənizə çıxış yolu olmayan, mühüm nəqliyyat-kommunikasiya xətlərindən kənarda qalan bir ölkəyə xarici investorlar heç vaxt sərmayə yatırmaqda maraqlı olmayacaqlar. Onu da nəzərə almaq lazımdır ki, beynəlxalq qurumlar açıq bəyan etməsələr də, Ermənistanın təcavüzkar bir ölkə olduğunu bilirlər. Bütün bunlarla yanaşı, iqtisadi cəlbedicilik yoxdursa, investisiya da olmayacaq. Ermənistanın növbəti borclanmaya getməsi isə ölkəni fəlakətə sürükləyəcək. Hələlik məlum deyil ki, beynəlxalq maliyyə qurumları bununla bağlı Ermənistanın istəklərinə necə cavab verəcəklər. Çünki beynəlxalq maliyyə qurumları Ermənistanın artan borclarını görürlər. Eyni zamanda, borcları qaytara bilmədiyini də görürlər. Belə olan halda, çətin ki, növbəti dəfə Ermənistana borc verməkdə maraqlı olsunlar. Belə bir qərar versələr belə, əlverişli şərtlərlə kredit ayırmayacaqlar. Bir sözlə, gedən proseslər onu göstərir ki, Ermənistanda sosial-iqtisadi vəziyyət bundan sonra da ağırlaşmaqda davam edəcək. Növbəti xarici borclanma ölkəni xilas edə bilməyəcək”.
Vidadi ORDAHALLI