İbrahim Rüstəmli: “Ordunun silahlanmasında, şəxsi heyətinin komplektləşdirilməsində, döyüş hazırlığının artırılmasında, hərbi-texniki...”
İyunun 26-da keçirilən təntənəli hərbi parad ordumuzun hərbi potensialını, döyüş imkanlarını növbəti dəfə dünyaya nümayiş etdirdi. Göstərildi ki, ordumuz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və dünya standartlarına uyğun müasir ordu sistemi yaradılıb, silah təchizatında ciddi addımlar atılıb. Bir sıra ölkələrin arzuladığı müasir silahlar artıq Azərbaycan Ordusunun silah arsenalına daxil edilib.
Azərbaycan həm quruda, həm də havada düşməni məhv etmək üçün ən müasir silahlara malikdir. Müqayisə üçün işğalçı ölkə Ermənistanın keçirdiyi "parad” şousuna nəzər salaq. Ötən ayın sonunda cılız, dağınıq, köhnə silahlara malik nizamsız erməni ordusunun keçirdiyi "parad” onun nəyə qadir olduğunu göstərdi. Heç texniki vasitələri demirik, əsgər heyəti, döyüş hazırlığı baxımından da bu iki tərəfin orduları müqayisəyə belə gəlməz.
Zamanla hər iki ölkədə keçirilən hərbi paradların ümumi mənzərəsinə baxmaq kifayətdir ki, erməni ordusunun dövləti kimi necə kasad olduğunu görək. Hər dəfə bu paradlarda iştirak edən rus hərbçilərini də çıxsaq, erməni paradının miskinliyi daha da qabarıq görünər.
"Ermənistan ordusu döyüş qabiliyyətini ancaq Rusiyanın hesabına saxlayır”. Bu sözləri Ermənistanın "News.am" saytına müsahibəsində “Tsarukyan” blokundan deputat Napoleon Əzizyan bildirib.
Artıq hər kəs, düşmən belə qəbul edir ki, müasir Azərbaycan Ordusu 20 il əvvəlin ordusu deyil. Bu gün Azərbaycanın real, hər cür lazımi hərbi vasitələrlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş ordusu var. Təkcə Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsi qədərdir.
Bütün bunların fonunda, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin texniki təchizat və hazırlıq səviyyəsini indiki şəraitdə hərbi ekspertlər necə müqayisə edirlər?
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Azərbaycan Ordusu ilə Ermənistan ordusunu heç bir parametrə görə müqayisə etmək olmaz: “Çünki Azərbaycan Ordusu bütün parametrlərə görə üstün mövqedədir. Azərbaycan Ordusu, bəzilərinin düşündüyü kimi, 90-cı illərin əvvəlində gördüyümüz, çox ciddi problemlər içərisində vurnuxan bir ordu deyil. Bunu 1993-cü ilin ikinci yarısından orduda xidmət edən bir zabit kimi deyirəm. Ötən illər ərzində Azərbaycanda ordu quruculuğu prosesində bir revanş baş verdi. Belə ki, Azərbaycanda ordu vahid mərkəzdən idarə olunan mobil bir quruma çevrildi. Zaman-zaman ötən illər ərzində orduda bir sıra problemlər öz həllini tapdı. Çünki orduda çox ciddi problemlər var idi. Azərbaycan Ordusunun ən çətin günlərini görmüşəm və yaşamışam. Yəni bu aradan keçən müddət ərzində Azərbaycan Ordusunda o qədər böyük dəyişikliklər, heç kəsin gözləmədiyi o qədər irəliləyişlər baş verib ki, dönüb əvvəlki illərə baxanda biz özümüz belə təəccüb edirik. Bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin davamlı, fasiləsiz əziyyəti hesabına baş verdi. Çünki ordunun inkişafı üçün onun komandanının ümumi nəzarəti, vahid mərkəzdən idarə olunma və digər məsələlər burada çox mühüm strateji rol oynayır. Doxsanıncı illərin ikinci yarısından bizim strateji planlarımız, öhdəliklərimiz yenidən işləndi. Bu müddət ərzində strateji planlarımız, faktiki olaraq, yerinə yetirildi. Ona görə də bu gün üzərimizə düşən vəzifələri uğurla yerinə yetiririk. Artıq Azərbaycan Ordusunun silahlanmasında, şəxsi heyətinin komplektləşdirilməsində, döyüş hazırlığının artırılmasında, hərbi-texniki bazasının gücləndirilməsində heç bir problem yoxdur. Ötən illər ərzində ordu quruculuğu ilə bağlı böyük işlər görülüb. İlk növbədə Azərbaycan Ordusunun hüquqi bazası yaradılıb. Azərbaycanın hərb tarixində ilk dəfə olaraq Hərbi Doktrina təsdiq olunub. Hesab edirəm ki, bütün bunlar çox böyük uğurlardır. Bu gün ordunun silahlanmasında da çox ciddi irəliləyişlərə, uğurlara imza atmaqdayıq. Ancaq Azərbaycan Ordusunu güclü edən, Ermənistan ordusundan ön mövqeyə çıxaran onun silahı deyil. Bizi ön mövqeyə çıxaran Azərbaycan əsgəridir. Çünki bu əsgər haqq işi uğrunda silaha sarıldığını, əyninə əsgər libası geyindiyini çox gözəl bilir. Azərbaycan Ordusu heç bir ölkənin ərazisini işğal etməyib. Azərbaycan Ordusu sadəcə işğal altında olan əraziləri azad etmək üçün silahlanır. Bu onun hüquqi, siyasi və mənəvi haqqıdır. Azərbaycan Ordusunu Ermənistan ordusundan üstün edən amil həm də onun hüquqi bazasının olmasıdır. Ancaq Ermənistandan gənclərin zorla Qarabağa göndərilməsinin heç bir hüquqi bazası yoxdur”.
Vidadi ORDAHALLI