Fikrət Sadıqov: “Azərbaycan hər zaman Ermənistanın apardığı işğalçılıq siyasətini ifşa edib” Seyid Camal Əzimbəyli: “Məmməd-Quliyev çox layiqli səviyyədə Azərbaycanı təmsil edərək Ermənistanın işğalçılıq siyasəti apardığını İrəvanda bəyan etdi”
Xəbər verildiyi kimi, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iyunun 27-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Ermənistanda keçirilən iclasında iştirak edib.
İrəvanda keçirilən iclasda nazir müavini Mahmud Məmməd-Quliyev çıxış edərək hərbi münaqişə və davam edən işğalın regionun iqtisadi-ticarət potensialından tam istifadə etməyə imkan vermədiyini qeyd edib. M.Məmməd-Quliyev əlavə edib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğaldan azad etməməsi və öz qoşunlarını çıxarmaması, nəticə etibarilə, Ermənistanın özünü ticarət, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə regional əməkdaşlıqdan kənarlaşdırır. Azərbaycana qarşı davam edən işğalın Ermənistanın özünü iqtisadi artım və ticarət imkanlarından məhrum etdiyini deyən nazir müavini regionda dövlətlərin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında regional əməkdaşlıq və ticarət münasibətləri qurmalı olduğunu diqqətə çatdırıb. M.Məmməd-Quliyev Azərbaycana qarşı işğalın davam etməsinin bu gün regionda mövcud olan və təəssüf doğuran reallıq olduğunu qeyd edərək, məsələlərə düzgün yanaşılmasının və problemlərin öz adı ilə çağırılmasının vacibliyini gündəmə gətirib.
Aydın məsələdir ki, Azərbaycan zaman-zaman Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətini yüksək tribunalardan bəyan edib. Ancaq XİN rəsmisi olan Məmməd-Quliyevin İrəvanın özündə Ermənistanın işğalçılıq siyasətini ifşa etməsi diplomatik baxımdan böyük cəsarəti və uğuru özündə ehtiva edir. Yəni bir var öz ölkəndə və ya digər ölkədə, beynəlxalq qurumda qarşı tərəfi tənqid edəsən, bir də var işğalçı ölkənin özündə bütün bunları bəyan edəsən. O üzdən, bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan hər zaman Ermənistanın apardığı işğalçılıq siyasətini ifşa edib: “O cümlədən, Ermənistanın özündə belə bunu bəyan etməkdən çəkinməyib. Necə ki, iyunun 27-də növbəti dəfə bunun şahidi olduq. Bununla bağlı öz mövqeyimizi bəyan edəndə heç kəsdən çəkinməmişik. İstər öz ölkəmizdə, istərsə də xaricdə və düşmən ölkənin özündə, müxtəlif beynəlxalq tribunalardan dəfələrlə bəyan etmişik ki, Azərbaycan torpaqları işğal olunub. Beynəlxalq strukturlar buna diqqət yetirməlidirlər. O cümlədən, işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmalıdır. Eyni zamanda, həmin ölkəyə qarşı təzyiq göstərilməlidir. Bizim mövqeyimiz məhz bundan ibarətdir. Həm rəsmilərimiz, həm də cəmiyyətimiz bunu dəfələrlə bəyan edirlər. Xaricdə müxtəlif tədbirlərdə dəfələrlə bunu deyirik. Ona görə də biz bundan sonra da çəkinmədən bunu deməliyik. Çünki beynəlxalq ictimaiyyət bunu eşitməlidir. Eyni zamanda, bundan nəticə çıxarmalıdırlar. Məsələ ondadır ki, Azərbaycan beynəlxalq hüquq normalarının həyata keçirilməsinin tərəfdarıdır. Biz hansısa qruplaşmaların, separatçı rejimin ifşa olunmasından çəkinməyəcəyik. Bunu hər zaman deyəcəyik və səsləndirəcəyik”.
Şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, M.Məmməd-Quliyev təcrübəli diplomat olduğu üçün erməniləri tutarlı arqumentlərlə öz ölkəsində ifşa etdi: “Hesab edirəm ki, bu onun peşəkar və təcrübəli diplomat olmasından irəli gəlir. O çox layiqli səviyyədə Azərbaycanı təmsil edərək Ermənistanın işğalçılıq siyasəti apardığını İrəvanda bəyan etdi. Düşünürəm ki, diplomatik müstəvidə Azərbaycan Ermənistana yönəlik hücum siyasətini daha da artırmalıdır. Hər fürsət düşəndə biz bu məsələni beynəlxalq tribunalarda bəyan etməliyik”.
Vidadi ORDAHALLI