Gələn ay Ermənistanda baş nazir postunu kimin tutacağı fonunda ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsi müşahidə edilməkdədir. Erməni mediasının yazdıqlarından isə belə bəlli olur ki, indiki prezident Serj Sarksiyanın hökumət başçısı vəzifəsini tutması o qədər də asan olmaya bilər.
Bu onunla izah edilir ki, Serj Sarkisyanın Rusiyanın təsir dairəsindən çıxmaq cəhdləri Moskvada xoş qarşılanmır. Hətta qeyd olunur ki, Serj Sarkisyanın Qərbin adamı kimi tanınan Aram Sarksiyanı prezident kürsüsünə əyləşdirməsi də Moskvanın narazılığı ilə qarşılanıb. Elə bu səbəbdən Kremlin Sarkisyanın baş nazir vəzifəsini tutumasını əngəlləməsi də gözləntilər sırasındadır.
Qeyd edək ki, Ermənistanın yeni prezidenti aprelin 9-da səlahiyyətlərinin icrasına başlayacaq. Həmin gün hökumət istefaya gedəcək və hazırkı prezidenti Serj Sarkisyanın səlahiyyət müddəti başa çatacaq. Belə bir vaxtda bəlli olub ki, hakim Respublika Partiyası Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək.
Ermənistanın diasporlarla iş üzrə naziri Qranuş Akopyan artıq bunu təsdiq edib. Serj Sarkisyan özü də artıq baş nazir kürsüsünü tutmaq niyyətini indi daha açıq şəkildə dilə gətirir. O, “tert.am“ saytına müsahibəsində ikinci prezidentlik müddətinin başa çatmasından sonra siyasi gələcəyinin necə olacağına aydınlıq gətirib. Bu xüsusda bildirib ki, reallıqla barışmaya bilməz və ölkənin inkişafına görə məsuliyyət daşıdığını başa düşür. Ermənistan prezidentinin dediyinə görə, gələcək hakimiyyət mövzusu hazırda hakim Respublika Partiyasının və ortağı “Daşnaksütyun“ partiyasının daxilində fəal müzakirə olunur. Lakin bu müzakirələr hələ partiya-institutsional meydançaya gəlib çatmayıb: “Bilmirəm bu müzakirələr nə zaman yekunlaşacaq, lakin sonda mənim namizədliyimin irəli sürülməsi barədə qərar qəbul edilsə, bu mənim tərəfimdən bir şərtlə mümkün ola bilər - konstitusion səlahiyyətlərin reallaşması ilə paralel olaraq mən təcrübəmi gənc liderlərə ötürməyə böyük zaman ayırmalıyam”.
Qeyd edək ki, Ermənistanda yeni baş naziri parlament seçəcək. Bununla da Ermənistan parlamentli idarəetmə sisteminə keçəcək. Serj Sarkisyan və Karen Karapetyan yeni baş nazir postuna əsas namizədlər hesab edilir. Erməni mediası yazır ki, Moskva sürətli gedişlər edərək Karen Karapetyanın indiki vəzifəsində qalmasını təmin edə bilər. Avropanın Erməni İttifaqları Forumunun sədri Aşot Qriqoryan da bunu istisna etmir. Bunun səbəblərini o belə izah edir: “Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir. Bu gün bizdə qanuni hökumət və prezident yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”. Onun sözlərinə görə, ölkədə rus və qərbmeylli qüvvələr arasında çox ciddi toqquşma var. Qriqoryanın sözlərinə görə, toqquşmanın əsas səbəbi ondan ibarətdir ki, ölkənin prezidenti adlandırılan şəxs daxili və xarici proseslər üzərində nəzarəti tamamilə itirib: “Anqlosakslar Ermənistana öz nümayəndəsini, yəni Armen Sarkisyanı göndərdilər və bizim daxili həyatımıza yalnız Birləşmiş Ştatlar deyil, həm də Böyük Britaniya qarışmağa başladı. Baş nazir Karen Karapetyan Moskvanı təmsil edir. Ermənistanın daxili siyasi həyatının zirvəsində oturan insanlar çıxış yollarını görə bilmir. Belə davam edəcəksə, bizim gələcəyimiz çox təhlükəlidir. Parlamentdə baş verənlərdə böyük təhlükələri görürəm. Dəqiqdir ki, Karen Karapetyan vəziyyətdən çıxa bilməyəcək, amma problem Karen Karapetyan deyil, hədəfi yalnız baş nazir postu olan Serj Sarkisyandır. Bu hədəfin yalnız bir izahı var: ona baş nazir olmaq imkanları özünü və ailəsini xilas etmək üçün lazımdır. Bütün dünyanın erməni cəmiyyəti bu haqda qəzəblə danışır. Serj Sarkisyan öz sözünün sahibi olardısa, bu qəzəb və gərginlik bir qədər yumşala bilərdi”. Aşot Qriqoryan qeyd edir ki, hakimiyyət daxilində çox ciddi mübarizə gedir. O, Ermənistanın ətrafında qərbyönümlü güclərlə deyil, qərbyönümlü güclər arasında mübarizənin getdiyini bildirib. Forumun rəhbəri Ermənistanda antirus əhval-ruhiyyələrin heç vaxt belə səviyyədə olmadığını vurğulayıb: “Bu gün hətta Rusiya və rusiyayönlü xadimlərə qarşı bizim siyasətçilərimizin analizi məntiqsizlik həddinə çatır. Mütləq razılıq yoxdur və belə davam edəcəksə, ciddi üsyanlar mümkündür”. Aşot Qriqoryan qeyd edir ki, ölkənin daxilində partlayış təhlükəsi olan vəziyyətə əsaslanaraq, hamını öz çətiri altına toplaya biləcək üçüncü gücün ortaya çıxacağını əminliklə söyləmək olar: “Ola bilər, Sarkisyan baş nazir olmaq niyyətindən imtina edəcək. Amma bu hansı güclər olacaq? Təəssüf ki, bu, xarici güclər olacaq. Ermənistan xarici güclərin şəxsi maraqlarını reallaşdırması üçün səhnəyə çevrilib. Düşünürəm ki, indi məxfi razılaşmalar var və bütün tərəflər toqquşmalar nəticəsində Ermənistanda qələbəyə hazırlaşır. Mən dərindən əminəm ki, baş nazir seçkilərində böyük toqquşmalar baş verəcək”. Aydındır ki, bu vəzityyət qarşıdakı günlər ərzində Ermənistanı heç də yaxşı günlər gözləmədiyini deməyə əsas verir. Eyni zamanda onu göstərir ki, Ermənistan yenə kimin üçünsə forpost olaraq qalacaq.
Tahir TAĞIYEV