Vüqar Qədirov: “Avstraliyadakı hansısa ştatın belə bir qərar verməsi və açıq formada qondarma qurumu dəstəkləməsi birbaşa terrorizmə, separatçılığa verilən dəstək kimi qiymətləndirilə bilər”
Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri ermənilər öz pis əməllərinə haqq qazandırmaq üçün bütün vasitələrlə əl atırlar. Hətta dünyanın ən kiçik və ucqar ölkələrinin parlamentlərində belə bu münaqişə ilə bağlı hansısa təxribatçı əməllərin həyata keçirilməsinə cəhdlər edirlər.
Doğrudur, onların bu tip təxribatçı əməllərinə Azərbaycan diplomatiyası layiqli cavab verir, ancaq, necə deyərlər, onların ürək bulandırması nəticəsində biz əlavə zamanımızı onlara sərf etməli oluruq. Ermənistan mətbuatında onların bu sayaq növbəti həyasızlığından bəhs olunub. Bildirilir ki, Avstraliyanın Yeni Cənubi Uels ştatı ilə Ermənistan parlament dostluq qrupu arasında gedən müzakirələrdən sonra həmin ştatın parlamenti qondarma “Dağlıq Qarabağ Respublikası” ilə münasibətlərin möhkəmlənməsi barədə qərar qəbul edib. Həmçinin, qeyd olunur ki, həmin qərarda Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını təyin etməklə bağlı apardığı mübarizəyə haqq qazandırılıb. Qəbul olunan qətnamədə bildirilir ki, bu əməkdaşlığın əsası 2012-ci ildə qoyulub və həmin vaxt Avstraliya ştatı qondarma qurumla əlaqələrin başlanmasına start verib. Avstraliya ştatının bu addımına hansı formada reaksiya vermək lazımdır?
Politoloq Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, artıq bizdə bu cür təxribatlara qarşı ciddi immunitet yaranıb: “Təəssüflər olsun ki, bəzi ölkələr bu istiqamətdə məsuliyyətsiz davranışlar nümayiş etdirirlər. Bu istiqamətdə olan təxribatlara, qəbul edilən saxta mahiyyətli qərarlara biz hər zaman ciddi reaksiyalar vermişik. Qabaqlar Dağlıq Qarabağ ərazisinə başqa ölkə vətəndaşlarının səfərləri də adi hal kimi qarşılanırdı. Yəni onlara bu iradı bildirəndə, sanki bizi borclu çıxarırdılar. “Qara siyahı” tərtib olunandan və həmin əməllərə görə tanınmış bir blogerin həbs edilib Azərbaycana ekstradisiyası təmin ediləndən sonra bu hal azalmağa başladı. Sonra biz bəzi böyük dövlətlərin ayrı-ayrı şəhərlərinin qondarma qurumun şəhərləri ilə dostlaşması ilə bağlı qərarlar verdiyinin şahidi olduq. Hətta həmin ölkələrin sırasında ATƏT-in Minsk Qrupunun həmsədri olan da vardı. Tərəfimizdən bildirilən iradlara onların qəribə reaksiyası olurdu. Deyirdilər ki, həmin şəhərlərin yerli bələdiyyələri müstəqildirlər və qərarlar onlar tərəfindən verilib. Təbii ki, biz bu arqumentlərlə razılaşa bilmərik. Hazırda bu istiqamətdə də bizi narahat edən hallarda azalma hiss olunur. Avstraliyadakı hansısa ştatın belə bir qərar verməsi və açıq formada qondarma qurumu dəstəkləməsi birbaşa terrorizmə, separatçılığa verilən dəstək kimi qiymətləndirilə bilər. Bu istiqamətdə ilkin olaraq məlumatın dəqiqləşdirilməsi lazımdır. Çünki Ermənistan mətbuatının yazdığı materilallar çox vaxt dezinformasiya olur və təsdiqini tapmır. Bir müddət əvvəl biz bunun şahidi olduq. İranın hansısa dini liderinin adından Xocalı faciəsilə bağlı bəyanat yaydılar. Bir gün sonra həmin lider məlumatın onun adından yalan kimi tirajlandığını bəyan etdi. Bu baxımdan da məlumatın dəqiqliyi yoxlanılmalıdır. Təsdiqini taparsa, Avstraliyaya rəsmi etiraz və lazım gəlsə nota verilməlidir. Həmin ölkənin bizdə diplomatik missiyası varsa, XİN-ə dəvət edib, etiraz olunmalıdır. Çünki heç bir ştatın Azərbaycanın ərazisində yaradılan separatçı bir qurumla müstəqil əlaqə qurmaq səlahiyyəti yoxdur”.
Məhəmmədəli QƏRİBLİ