Şimal qonşumuzla Qərb ölkələri arasında getdikcə pisləşən münasibətlərin dünya nizamına necə təsir göstərəcəyi indi araşdırma mərkəzləri, ekspertlər tərəfindən müzakirə olunan başlıca məqamlar sırasında yer alır. Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi fonunda 24 Qərb ölkəsindən rus diplomatların qovulması isə vəziyyəti daha da qəlizləşdirir.
Moskva bu təzyiqlər qarşısında geri çəkilməyərək, baş verənlərə adekvat cavab verəcəyini bəyan edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Qərb ölkələrinin kobudluğuna dözməyəcək və diplomatların deportasiyasına cavab verəcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə rusiyalı diplomatların deportasiyasını rusofobiya kursunun davamı adlandırıb: “ABŞ və Avropa İttifaqının bütün hərəkətlərinə adekvat cavab veriləcək. Söhbət Rusiya diplomatlarının deportasiyası və ABŞ-dakı baş konsulluğun bağlanmasından gedir”.
Beləliklə, baş verənlər qarşıdakı dövr ərzində də Rusiya ilə Qərb dövlətləri arasında münasibətlərin daha da gərginləşəcəyini göstərir. Bundan isə Qərbə və ya Rusiyaya bağlı müəyyən dövlətlərin zərər görməsi qaçılmaz sayılır. Belə ölkələrdən biri qismində isə Ermənistan çıxış edir. Ümumiyyətlə, qarşıdakı müddət ərzində Ermənistanın Rusiya-Qərb qarşıdurmasının dərinləşməsi fonunda çox ciddi problemlərlə üzləşməsi qaçılmaz sayılır. Xüsusən də ilk növbədə İrəvanın ABŞ sanksiyaları altına düşmə ehtimalı sürətlə artır. Məsələ bundadır ki, Kremllə münasibətlərin kəskinləşməsi ilə bağlı olaraq ABŞ ilin əvvəlində anons etdiyi yeni sanksiyaları Rusiyaya qarşı tətbiq etməyə hazırlaşır. Söhbət ilk növbədə Rusiyanın hərb sənayesinə tətbiq edilməsi gözlənilən sanksiyalardan gedir. Elə bu da Ermənistanın ABŞ sanksiyaları altına düşməsi ehtimalını xeyli artırır. Bunu İrəvanda da yaxşı anlayırlar. Eyni zamanda, bu şəraitdə Ermənistanın Rusiya ilə əməkdaşlığa son qoyması da mümkünsüz sayılır. Ermənistan müdafiə nazirinin müavini, Hərbi Sənaye Komitəsinin rəhbəri David Paxçanyan bildirir ki, yaranmış durumda ölkəsi Rusiyadan silah almaqla öz maraqlarına xidmət edir və bundan sonra da sanksiya təzyiqlərinə rəğmən əməkdaşlığı davam etdirəcək: “Sözsüz ki, sanksiyalar problemdir. Bizim qarşımızda təhlükəsizliyin təminatı məsələsi dayanır və biz öz maraqlarımızdan çıxış edəcəyik. Rusiya ilə münasibətlər kifayət qədər effektiv inkişaf edir. Birinci müdafiə krediti ilə bağlı tədarük, demək olar ki, tam başa çatıb. Bu işin davamı ilə bağlı razılaşma var. Bu bizim ordunun təchizatının ciddi hissəsidir”.
Amma yuxarıda qeyd olunduğu kimi, Ermənistanın Rusiyadan silah alması da sanksiyalar fonunda ciddi sual altına düşür. Məsələ burasındadır ki, 2017-ci ilin iyulunda Konqresdə qəbul olunan “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) qanuna əsasən, Rusiya şirkətləri ilə böyük həcmdə əməkdaşlıq edən, bu ölkədən iri məbləğdə maliyyə vəsaiti hesabına silah alan üçüncü ölkələrin uyğun qurumları və şirkətləri də ABŞ-ın sanksiyasına məruz qalacaq. Yeri gəlmişkən, bu ilin yanvarında Rusiyanın 33 təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər qüvvəyə minib. Həmin şirkətlərin çoxu Rusiya Hərbi Müdafiə Sənayesi Kompleksinə aiddir. Rusiyalı hərbi ekspert Aleksandr Perenciyev bunların Ermənistana təsirinin qaçılmaz olduğunu bildirir. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistan rəhbərliyinin bu risqin öhdəsindən necə gələcəyi çox maraq doğurur: “Ermənistan rəhbərliyi risqin hesabatını aparmalı və bunu nəzərə almalı olacaq: Rusiya silahı almasalar, Amerika silahı alacaqlar, lakin bu artıq tamam fərqli qiymət siyasətidir. Xüsusən də Rusiyanın Ermənistana silahları daxili qiymətlərlə satdığı nəzərə alınarsa. Demək ki, Amerikadan keyfiyyətli silah almaq alınmayacaq və məncə Ermənistan, sanksiyalara baxmayaraq, Rusiyadan silah almağa davam edəcək. Bu da Ermənistanın ABŞ sanksiyaları altına düşməsinə əsas yaradacaq”.
Digər ekspertlər isə diqqəti həm də ona yönəldir ki, Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqidir, ikincisi isə ölkənin başqa mənbələrdən silah almaq üçün pulu yoxdur. İstənilən halda, vəziyyət Ermənistan üçün pisləşir. Ekspertlərin fikrincə, Ermənistandan fərqli olaraq, Azərbaycanın qarşısında belə sərt seçim etmək zərurəti yoxdur. Belə ki, Bakının maliyyə vəziyyəti ona digər mənbələrdən lazımi qədər silah almaq imkanı verir. Ermənistan isə Qərblə Rusiyanın münasibətlərinin kəskinləşməsi fonunda gedərək daha ağır duruma düşür.
Tahir TAĞIYEV