Dünyanın geosiyasi və geoiqtisadi müstəvisində baş verən olayların Cənubi Qafqazda da hadisələrin inkişaf axarına təsir göstərməsi qaçılmaz hal sayılır. Xüsusən də regionda mövcud münaqişələr, o cümlədən Dağlıq Qarabağ məsələsində müəyyən yeniliklərin olması istisnalıq təşkil etmir.
Qeyd olunanlar fonunda diqqət yetirilən başlıca məqamlardan biri budur ki, Qərb ölkələri ilə münasibətləri getdikcə gərginləşən Rusiyanın diqqət yetirəcəyi əsas məqamlardan biri Türkiyə ilə münasibətlərin daha da dərinləşməsinə nail olmaqdan ibarət olacaq. İlk növbədə o baxımdan ki, Türkiyə artıq Yaxın Şərq məsələsində Rusiyanın əsas tərəfdaşlarından biri qismində çıxış edir. Digər tərəfdən, hər iki ölkənin iqtisadi müstəvidə reallaşdırmağa hazırlaşdıqları yeni mühüm layihələr mövcuddur. Bütün bunlar Moskva və Ankaranın daha da yaxınlaşmasını istisna etmir.
Belə vəziyyətdə Türkiyənin Cənubi Qafqazda fəaliyyət dairəsini genişləndirmək niyyətinə Rusiyanın hansısa maneə yaratması gözlənilmir. Elə erməniləri də ciddi şəkildə narahat edən əsas məqamlardan biri məhz budur. Düşmən ölkədə hesab edilir ki, baş verənlər Rusiyanın Türkiyə və Azərbaycanla daha da yaxınlaşmasına rəvac verəcək. Aydındır ki, belə vəziyyət Dağlıq Qarabağ münaqişəsinin gedişinə də müəyyən formada öz təsirini göstərəcək. “Lragir.am” saytına açıqlamasında erməni politoloq Stepan Qriqoryan da bildirir ki, son olaylar Ermənistanın vəziyyətini daha da pisləşdirəcək. Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçovun, ardınca rusiyalı deputat Konstantin Zatulinin İrəvanda verdiyi açıqlamaları da ekspert qeyd olunanların təzahürü kimi dəyərləndirir. Xatırladaq ki, hər iki Rusiya rəsmisi Moskvanın Bakıya silah satışını müdafiə edib və bunun müvafiq müqavilələrə uyğun olduğunu bildirib. Konstantin Kosaçov qeyd edib ki, rus silahının Azərbaycana satılması 2016-cı ilin aprelinə qədər əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilib. Erməni jurnalistlərin “niyə Rusiya Ukraynaya silah satışına qarşı çıxır, amma müttəfiqi Ermənistanın düşməni Azərbaycana özü silah satır” sualına cavab verən Kosaçov Ukraynadakı konfliktin qaynar fazada olduğunu bildirib: “Xoşbəxtlikdən Dağlıq Qarabağ konflikti bu fazada deyil. Biz başa düşürük ki, situasiya partlayış həddindədir. Rusiya 2016-cı ilin aprel ayına qədər imzalanan müqavilələri icra edir və biz kontraktın müddəalarına uyğun olaraq bunu icra etməyə məcburuq”. Digər rusiyalı deputat Konstantin Zatulin də İrəvanda çıxışı zamanı Moskvanın Aprel savaşından nəticə çıxardığını və Azərbaycana yalnız 2016-cı ildən öncəki müqavilə əsasında silahlar tədarük edildiyini bildirib. Stepan Qriqoryan isə geosiyasi proseslər fonunda bu açıqlamaların təsadüfi olmadığını qeyd edir. Onun fikrincə, Rusiyanın rəsmi şəxsləri Ermənistan ictimaiyyətinin fikrini yayındırmağa cəhd edir: “Həm Zatulin, həm də Kosaçov sistem adamıdır. Onların arxasında hakimiyyət dayanır və dedikləri hər şey tam ciddidir. Bu cür bəyanatlar təsadüfən verilmir. Rusiya Qarabağı verməyi planlaşdırır. Rusiyanın bu addımı seçkidən sonra atacağını gözləyirdim. Rusiya özünü çox gözlətmədi. Bu səfərlər cəmiyyətin diqqətini dağıtmağa yönəlib.
Moskva artıq Qərbin superdüşməni olub. Moskva üçün hazırda Türkiyə çox vacibdir. Rusiya Rəcəb Tayyip Ərdoğana onun istədiklərini verməyə hazırdır. Türkiyə çalışır ki, Rusiya ona Suriyada kürdlərlə mübarizədə və Qarabağda mane olmasın. Onlar Ermənistanı Qarabağı qaytarmağa məcbur edir. Ruslar deyir ki, nəticə çıxarmışıq, Azərbaycana silah satmırıq. Bu gülməlidir. Çünki onlar satıla biləcək hər şeyi artıq satıblar. Rusiya balansı Azərbaycanın xeyrinə dəyişib”. Rus ekspert Konstantin Makienko isə qeyd edir ki, Ermənistan Qarabağ məsələsində yeni reallıqlar və güc balansını mütləq şəkildə nəzərə almalıdır. Makienko 2008-ci ildən Bakının hərbi idxalın modelini dəyişdirdiyini, yüksək texnologiyalı silahların alınması üzrə sifarişləri artırdığını, yalnız postsovet respublikaları deyil, həm də İsrail və Qərbdən silah aldığını bildirib: “Nəticədə 2014-cü ildə Azərbaycan ordusunun Ermənistan ordusu üzərində hərbi-texniki üstünlüyü əzici oldu. Tanklar və kalibri 100 millimetrdən yuxarı olan artilleriya üzrə üstünlük ikiqat, reaktiv yaylım atəş sistemləri üzrə üstünlük üçqat oldu. Bu üstünlük 300 millimetrlik kalibrli ən güclü reaktiv yaylım atəş sistemi üzrə mütləq oldu. Məhz ağır uzaqvuran raket sistemlərində nəhəng üstünlük stabilliyi pozan əsas amildir”. .
O hesab edir ki, tarixi təcrübə güc balansının kəskin dəyişdiyi vaxtda silahlı konflikt risqinin ciddi artdığını göstərir: “Azərbaycan son 10 ildə silahların alınmasına və ordunun müasirləşməsinə, demək olar ki, 25 milyard xərcləyib. 2016-cı ilin aprelində onun hərbi-texniki üstünlüyü nəticəsində itkilərin nisbəti erməni tərəfi üçün qəbuledilməz oldu. Bu halda, uzunmüddətli demoqrafik və iqtisadi trendlər Azərbaycanın xeyrinədir. Bu o deməkdir ki, güclərin yeni toqquşması ehtimalı yüksək qalır”. Onun sözlərinə görə, məsələnin geosiyasi tərəfləri də var: “Məsələn, məlumdur ki, yalnız Qərb və Rusiya deyil, həmçinin İran da Qarabağ münaqişəsində vahid mövqedən çıxış edir. Bu unikal razılıq əla ilkin şərtdir, amma əfsus ki, yenidən qan tökülməsinin qarşısının alınmasının zəmanəti çox deyil”. Qeyd olunan fikirləri şərh edən erməni ekspert Sarkis Artsruni də Azərbaycanın hərbi və diplomatik sahədə böyük uğurlar qazanmasına diqqət çəkir. Onun sözlərinə görə, ötən müddətdən Ermənistanda yeni keyfiyyətli dövlətin formalaşması üçün istifadə edilmiş olsaydı, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması üzrə İrəvanın siyasətinə haqq qazandırıla bilərdi. Erməni ekspert Azərbaycanın beynəlxalq meydanlarda böyük uğurlar qazandığını və silahlanma sahəsində balansı dəyişdiyini qeyd edib: “Ermənistanın birinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin siyasi və mənəvi effekti iki onillikdə dağıdıldı. Qələbə qanunsuz sərvətə sahib olan və saxta seçkilərlə yaradılan elita tərəfindən mənimsənildi. Ermənistan elitanın xəsisliyi və fərasətsizliyinə görə öz keyfiyyətlərini itirdi”. Bu durumda Sarkis Artsruni Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə Azərbaycanın istədiyi formada həllini tapacağını da xüsusi olaraq diqqətə çatdırır. Onun sözlərinə görə, ya hərb, ya da sülh yolu ilə Bakı istəyinə nail olacaq. Ehtiyatda olan polkovnik Şair Ramaldanov da Qarabağ məsələsinin həlli istiqamətində Azərbaycanın bütün lazımi potensiala malik olduğunu vurğulayır. Polkovnik qeyd edir ki, Azərbaycanla bağlı məlumatları Ermənistan cəmiyyəti izləyir və bu məlumatlar onları qorxu içərisində saxlayır: “Beynəlxalq analitiklər üstünlüyün Azərbaycan tərəfində olduğunu deyir. Əsaslandırırlar ki, Azərbaycan silah gücünə Qarabağ məsələsini həll etmək istəsə, buna nail olacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin inkişafı Ermənistanla müqayisədə bunu deməyə əsas verir. Siyasi qurumlar Qarabağla bağlı məsələdə ehtiyat edirlər ki, Azərbaycan güc yolu ilə torpaqlarını azad etmək istəsə, buna imkanları daha çoxdur. Azərbaycan son zamanlar ən müasir silahları alır. Həmçinin Azərbaycanın hərbi sənayesi haqqında geniş məlumatlar var. Bu yaxınlarda Azərbaycan ordusu irimiqyaslı təlimlər keçirdi. Bu təlimlərlə bağlı Ermənistanın birinci şəxsindən tutmuş digər qurumların nümayəndələrinə kimi hamısı narahatlığını bildirdi. Bununla bağlı beynəlxalq qurumlara müraciət etdilər. Təlimləri danışıqlara təzyiq kimi qiymətləndirdilər. Bütün bunlar Ermənistan rəhbərliyinin ciddi təşviş içində olduğundan xəbər verir. Gözəl bilirlər ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə öz yeri var. Həmçinin Rusiya bizim strateji tərəfdaşımızdır.
Hər bir dövlətin müharibə aparmaq üçün iqtisadi potensialı olmalıdır. Bugünkü iqtisadi vəziyyətin müqayisəsi göz qabağındadır. Əhalimiz onların əhalisindən bir neçə dəfə çoxdur. Ermənistanda 1,5 milyon əhalinin qaldığı deyilir. Əhalinin sayı gələcək müharibədə vacib faktordur. Digər tərəfdən, Qarabağ məsələsi Ermənistan cəmiyyətini parçalayıb. Orada keçirilən bütün mitinqlərdə bildirilir ki, Qarabağ məsələsini həll etmək lazımdır. Azərbaycan cəmiyyətində isə Qarabağ məsələsi birləşdirici rol oynayır. Hamı bir nəfər kimi Qarabağın azadlığı üçün hazırdır. Bunu bizim cəmiyyət daim göstərir. Aprel döyüşlərində bu bir daha sübut olundu. Bu gün Azərbaycan müxtəlif ölkələrdən ən müasir silahlar alır. Aprel döyüşlərindən sonra Serj Sarkisyan özü də etiraf etdi ki, Ermənistan ordusu 1970-80-cı illərdə buraxılan silahlarla döyüşür. Həmin döyüşlərdən bugünə kimi olan müddətdə onlar silah parkını müasirləşdirə bilməz. Onların bunun üçün maddi imkanları yoxdur. Rusiya hərbi parkını təzələmək məqsədilə anbarlardan çıxarılan silah və texnikanı güzəştli kreditlə Ermənistana verir. Krediti qaytarmaq imkanları olmadığı üçün mütəmadi olaraq diaspor təşkilatlarına müraciət edirlər. Heç kimə sirr deyil ki, ermənilər Qarabağda xidmət etmək istəmir. Erməni əsgərlərin valideynləri bununla bağlı şikayət edir. Bizim gənclər isə torpaqların işğaldan azad edilməsi üçün hər an döyüşə hazırdır”.
Məhz bütün bunlar Qarabağ məsələsinin həllini tezləşdirən amillər sayılır. Yəni qeyd edilənlərdən aydın görünür ki, geosiyasi, hərbi, siyasi müstəvidə vəziyyət birmənalı şəkildə Azərbaycanın lehinədir. Təbii ki, bu şəraitdə Azərbaycan Qarabağ konfliktinin həllinin uzanmasına heç bir vəchlə imkan verə bilməz. Bunu erməni tərəfi də yaxşı bilir. Bu mənada, yaxın tezlikdə zəruri addımlar atılmayacağı halda düşmənin Azərbaycan ordusunun gücünü yenidən hiss etməsi qaçılmaz olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.