Məhərrəm Zülfüqarlı: “Reallıq ondan ibarətdir ki, son illər bu istiqamətdə xeyli iş görülüb”
Seçki hər bir ölkənin tarixində əhəmiyyətli hadisədir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu tarixi hadisəyə dəfələrlə şahidlik edib. Azərbaycan bu sahədə kifayət qədər təcrübə əldə edib. Nəticədə ölkədə seçki qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılıb. Seçkinin düzgün təşkili, barmaqların boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması və digər məsələlər Mərkəzi Seçki Komissiyası rəhbərliyinin bu prosesi ədalətli və şəffaf təmin etməsinin bariz göstəricisidir.
O da məlumdur ki, seçkilərdə şəffaflığın təmin olunmasında müşahidəçilərin rolu böyükdür. Hər seçkidə həm yerli, həm də beynəlxalq müşahidəçilərə seçkini izləmək üçün əlverişli şərait yaradılmasında da əsas məqsəd məhz şəffaflığın təmin olunmasıdır. Bütün bunların nəticəsidir ki, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərinə yönəlik fəallığı artmaqdadır. Xarici müşahidəçilərin seçkiyə marağı bu prosesin şəffaf və demokratik keçirilməsi ilə əlaqələndirilir. Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür. Artıq MDB müşahidə missiyası, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası seçki müşahidə missiyası, müxtəlif beynəlxalq QHT-lər ölkədə keçirilən seçki prosesini müşahidə edirlər. İndiyədək MSK-da 383 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 37 beynəlxalq təşkilatı təmsil etməklə 49 ölkənin vətəndaşlarıdır. Ümumilikdə, indiyədək 53 min 366 yerli müşahidəçi də akkreditasiyadan keçib. Onlardan 1139-u MSK-da, 52 min 227-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.
Bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 4909 məşvərətçi səs hüquqlu üzv təyin olunub.
Bütövlükdə, 49 ölkəni təmsil edən 383 beynəlxalq müşahidəçinin akkreditasiyadan keçməsi seçkiyə olan yüksək marağın göstəricisidir. Maraqlıdır, bəs ekspertlər buna necə yanaşırlar?
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu, seçkiyə olan yüksək marağın göstəricisidir: “Həm xaricdən, həm də ölkə daxilindən seçkilərə maraq yüksəkdir. Ona görə də akkreditasiyadan keçən müşahidəçilərin sayı artır. Aprelin 1-nə qədər bu proses davam edəcək və ola bilsin ki, bu say bir qədər də artsın. Xaricdəki beynəlxalq təşkilatlar görürlər ki, Azərbaycanda seçki qanunvericiliyi ilbəil təkmilləşdirilir və müasir dövrün tələblərinə uyğunlaşdırılır. Reallıq ondan ibarətdir ki, son illər bu istiqamətdə xeyli iş görülüb. Hesab edirəm ki, bütün bunlar çox mühüm məsələlərdir və beynəlxalq təşkilatların diqqətindən yayınmır. Nəzərə almaq lazımdır ki, seçkinin şəffaf keçməsini şərtləndirən faktorlardan biri də orada yerli və beynəlxalq müşahidəçilərin iştirak etməsidir. Yəni prezident seçkiləri Azərbaycan üçün ən əhəmiyyətli seçkilərdir. Ona görə ki, sözügedən seçkilər ölkənin, millətin gələcək taleyini həll edir. O üzdən də həm ölkə daxilində, həm də ölkə xaricində seçkilərə maraq yüksəkdir. İndiyə qədər 383 beynəlxalq müşahidəçinin akkreditasiyadan keçməsi də seçkilərə olan yüksək marağı bir daha sübut edir. Bir daha qeyd edim ki, həm xarici, həm də yerli müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi hələ başa çatmayıb. Çox güman ki, müşahidəçilərin sayı daha da artacaq”.
Vidadi ORDAHALLI