Əliməmməd Nuriyev: “Onların bunu xarici ölkələrdə etməsi həmin şəxsləri məsuliyyətdən kənarda qoymur”
Sosial şəbəkələrin statusu, yaratdığı imkanlar o demək deyil ki, kim nə gəldi yaza bilər. Bu o demək deyil ki, sözügedən imkanlardan sui-istifadə edərək kimisə təhqir edib alçaldasan. Son dövrlər Avropada yaşayan bir qrup Azərbaycan vətəndaşının hakimiyyətə qarşı mübarizə adı altında söyüş ritorikasının ən vulqar formalarına əl atması, bütün milli-mənəvi dəyərlərin üstündən xətt çəkərək çirkin kampaniyanı getdikcə daha da genişləndirməsi cəmiyyətdə ikrah hissi ilə qarşılanır.
Məsələ ondadır ki, xarici ölkələrə, əsasən də Avropaya müxtəlif qeyri-leqal ad və bəhanələrlə sığınan, oradan sosial şəbəkələr vasitəsilə Azərbaycan əleyhinə, dövlət məmurları və onların ailə üzvləri haqqında təhqiramiz, etikadan kənar ifadələr səsləndirən bir qrup şəxsin hərəkətləri ciddi narahatlıq yaradıb. Cəmiyyətdə onların qanuna müvafiq olaraq cəzalandırılması ilə bağlı fikirlər səslənir.
O da məlumdur ki, Azərbaycan qanunları ilə şərəf və ləyaqəti təhqir olunan şəxs məhkəməyə müraciət edib, məsələni hüquqi yolla həll edə bilər. Bu, ağır cinayət də deyil, sırf əxlaq və mənəviyyat məsələsidir. Çünki söz azadlığından heç bir halda sui-istifadə etmək olmaz. Özünə hörmət edən şəxslər bu cür təhqirlər səsləndirməməlidirlər. Qeyd edək ki, böhtan, təhqir, şərəf və ləyaqətin alçaldılmasına görə qanunda 5 ilədək həbs cəzası nəzərdə tutulur. Ona görə də sosial şəbəkələrdə söyüş, təhqirdən istifadə edən şəxsləri hüquq-mühafizə orqanları cəzalandırmalı, bunun tendensiya halına keçməsinin qarşısını almalıdırlar. Ancaq nəzərə alsaq ki, bu xoşagəlməz işlə məşğul olanlar xaricdə yaşayırlar, o zaman onları məsuliyyətə cəlb etmək bir az çətinləşir. Lakin bu o demək deyil ki, onlar məsuliyyətdən kənarda qalmalıdırlar. Bütün bunların fonunda, xaricdə oturub söyüş söyənlərə qarşı yerli məhkəmələrin çıxardığı qərarların hüquqi baxımdan icra olunması nə dərəcədə mümkündür? Bunun perspektivlərini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, prinsipcə, bu mümkündür: “Milli, dini ayrıseçkiliyi təbliğ etmək və yaxud da ayrı-ayrı şəxslərə hədə-qorxu gəlmək və s. bunların hamısı cinayət məsuliyyəti yaradan hallardır. Çox təəssüf ki, biz mütəmadi olaraq bu cür “virtual əsgərlərin” söyüşlərinin şahidi oluruq. Əlbəttə, onlara qarşı cinayət işi qaldırmaq mümkündür. Çünki onların çıxışlarında söyüşlə yanaşı, ayrı-ayrı şəxslərə hədə-qorxu gəlmələri də özünü göstərir. Bunlar da müəyyən cinayət işi qaldırılmasına əsas verən hallardır. Bəziləri elə fikirləşirlər ki, onlar xaricdə olduğu üçün bu mümkün deyil. Ancaq bu belə deyil. Onlar faktiki olaraq cəmiyyətin dəyərlərinə qarşı geniş hücuma başlayıblar. Bütün bunlar qanunla məsuliyyət yaradan hallardır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə onlara qarşı cinayət işi qaldırmaq mümkündür. Onların bunu xarici ölkələrdə etməsi həmin şəxsləri məsuliyyətdən kənarda qoymur. Onların əxlaqdan, milli dəyərlərdən uzaq ifadələr işlətməsi, bir sıra şəxsləri təhqir etməsi məsuliyyət yaradır. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti onlara layiqli cavab verir. Onların məsuliyyətə cəlb olunması ilə bağlı yəqin ki, müvafiq qurumların hansısa qərarları olacaq. Çünki şəxsi toxunulmazlığa münasibətdə onların çıxışları heç bir çərçivəyə sığmır. Bu da qanunla müəyyən məsuliyyət yaradır. Güman edirəm ki, bununla bağlı müvafiq qaydada qərarlar qəbul oluna bilər və yerli məhkəmələr hüquqi prosedurlar çərçivəsində addımlar atacaqlar”.
Vidadi ORDAHALLI