Ceyhun Hacıbəyov 1891-ci il fevral ayının 3-də Şuşa şəhərində anadan olub. Atası Əbdülhüseyn bəy, anası Şirinbəyim xanımdır. Ceyhun bəy ilk təhsilinə Şuşada başlayıb, sonra Bakıda rus-tatar məktəbində davam etdirib. Ali təhsil almaq üçün milyarder Murtuza Muxtarovun yardımı ilə Peterburqa gedib, Peterburq Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra Fransaya gedib və Sorbonna Universitetində təhsilini davam etdirib, ərəb, fars, alman və fransız dillərini öyrənib.
Ceyhun Hacıbəyov Parisdə oxuduğu zaman maraqlı məqalələr yazaraq Bakıda çıxan “Baku” və “Kaspi” qəzetlərində çap etdirib. Eyni zamanda Parisdə nəşr olunan mətbuat orqanlarında da məqalələr çap etdirib. O öz yazıları ilə Avropa xalqlarını Azərbaycan ədəbiyyatı və incəsənəti ilə tanış edirdi. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib. “Kaspi” qəzetinin fəal əməkdaşlarından olan Ceyhun bəy burada da çoxlu məqalələr çap etdirib. O, məqalələrinin əksəriyyətini “Dağıstani” imzası ilə yazırdı. Onun bu qəzetdə çap olunan qiymətli məqalələrindən biri “Azərbaycanın rəngləri” adlanır. 1911-ci ildə işıq üzü görən bu məqalədə yeddi Azərbaycan şairəsi haqqında dəyərli məlumatlar verilir.
Ceyhun Hacıbəyovun böyük əsərlərindən biri “Hacı Kərim” povestidir. Müəllif bu əsəri 1909-1910-cu illərdə rus dilində yazıb. Əsər “Kaspi” qəzetinin on nömrəsində verilib, 1911-ci ildə kitab şəklində buraxılıb və tezliklə fransız dilinə tərcümə edilib.
Ceyhun Hacıbəyov həm də məşhur tərcüməçi kimi tanınıb. O, Azərbaycan ədəbiyyatının ən məşhur ədiblərinin əsərlərini rus və fransız dillərinə tərcümə edib. Məhz onun tərcüməsində Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsəri 1921-ci ildə fransız dilində səhnəyə qoyulub.
Ceyhun Hacıbəyovun yaradıcılığının iki mərhələyə – mühacirətə qədərki və mühacirətdən sonrakı dövrə bölünərək tədqiq edilməsi məqsədəmüvafiqdir. Onun yaradıcılığının birinci mərhələsi 1905-ci ildən başlanan ilk qələm sınaqlarından 1920-ci ilədək olan mühacirətəqədərki dövrü əhatə edir. O, ilk bədii əsərlərini – kiçik həcmli felyetonlarını, hekayələrini, eləcə də ayrı-ayrı hekayələrindən ibarət “Hacı Kərim” povestini “Bakı” və “Kaspi” qəzetlərində çap etdirib. Həmin əsərlərin qəhrəmanları müxtəlif əsrlərdə yaşasalar da, müxtəlif millətləri və fərqli sosial təbəqələri təmsil etsələr də, onları birləşdirən ortaq və ümumi cəhətlər çoxdur. Bir tərəfdən cəhalətin, biganəliyin, fanatizmin, mədəni geriliyin, elmə, təhsilə, tərəqqiyə xor münasibətin, digər tərəfdən də çar üsul-idarəsinin mənfur milli siyasətinin tənqidi Ceyhun Hacıbəyovun mühacirətəqədərki bədii əsərlərinin başlıca xüsusiyyətlərindəndir.
Ceyhun Hacıbəyov “Müsəlmanlıq”, “İzvestiya” və “İttihad” qəzetlərinin redaktoru olub. Azərbaycan Xalq Cumhuriyyəti dövründə bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb.
Ceyhun Hacıbəyovun “Azərbaycan” qəzetində redaktorluq fəaliyyəti xüsusilə qeyd olunmalıdır. O, bütün çətinliklərə baxmayaraq, hələ Gəncədə “Azərbaycan”ın ilk nömrəsini çıxarıb, sonra Bakıda onun davamı üçün əlindən gələni əsirgəməyib. “Azərbaycan” qəzetinin 1919-cu ilin 16 yanvar tarixinə qədər nəşr edilən 88 nömrəsi, özünün də etiraf etdiyi kimi, onun həyat salnaməsində unudulmaz bir xatirəyə çevrilib. Ceyhun Hacıbəyov Versal Sülh Konfransından bir neçə gün əvvəl oxucularla belə vidalaşıb: “Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəni qəzetimizin müdiri sifətilə ifayə məşğul ikən, Vətən övladlarının xahişi və əmrinə müti olaraq Cahan Sülh konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm dostlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb, əziz vətənimiz uğrunda var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularıma səmimiyyətlə xüdahafiz deməyi özümə borc bildim”.
Ceyhun Hacıbəyov Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib, orada ciddi fəaliyyət göstərib. 1920-ci ilin aprel ayında Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacir həyatı yaşayıb. Burada o, ictimai-siyasi fəaliyyətini davam etdirib, Qərb oxucularını Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə tanış edib. O, xatirələrində bu səfərin nəticələrini belə nəql edir: “Bundan 32 il əvvəl idarə etdiyim milli “Azərbaycan” qəzetimizi istəkli qardaşım Üzeyirə həvalə edərək Azərbaycan dövlətinin başqa mədəni millətlər və Sülh konqresinə toplanan dövlətlərin ali məclisi tərəfindən rəsmən tanınmasına nail olduq. Missiyamızın üç ay müddətinə sona yetəcəyini düşünürdük. Həm bizim özümüzə, həm də vətəndə qalanlarımıza üç ayın başa çatması çox uzun görünürdü. Bilmirdik ki, bir çoxumuz gözəl vətənimizi bir daha görməyəcəyik.”
Vətənindən ayrı düşən Ceyhun Hacıbəyov Parisdə nəşr olunan müxtəlif jurnallarda çıxış edərək sovet totalitarizminin, Stalin rejiminin antidemokratik olmasını tənqid edən və ölkənin nəhəng bir həbs düşərgəsinə çevrildiyini pisləyən çox sayda yazılar çap etdirib. O, filoloji və tarixi mövzularda, xüsusən də Azərbaycanın Rusiya tərəfindən işğalına aid, həmçinin qədim Azərbaycanın tarixi və şəhərləri ilə bağlı çox sayda məqalələr çap etdirib. Vətənin pərvəri bu dəyərli insan məqalələrinin birində: “Bu gün Azəri türklərinin hamısını üçrəngli bayrağımızın altında toplanıb bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik...” yazırdı.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cumhuriyyətinin qısa tarixi mövcudluğuna son qoyulduqdan və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycandan mühacirət durmadan artmağa başlayıb. Mühacirət etmiş insanların həyatı yad ölkələrdə heç də yaxşı keçməyib, onlar ya bolşeviklərin məxvi idarələri tərəfindən məhv edilib, ya təqiblərə məruz qalıb, ya da uzun müddət ehtiyac içində yaşayıblar. Həmin mühacirət həyatını yaşamağa məcbur olanlardan biri də milli istiqlal hərəkatının öncülərindən və Azərbaycanın təkcə türk ellərində deyil, bütün İslam aləmində ilk respublika kimi tanınmasında böyük rol oynayan yazıçı, jurnalist, politoloq Ceyhun Hacıbəyov olub.
İkinci Dünya müharibəsinin ağrıları Ceyhun bəyin ailəsindən də yan keçməyib. Üzeyir bəyin hər bir məktubunda xatırlanan və əzizlənən Ceyhun bəyin Bakıda dünyaya gəlmiş oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirdikdən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedib. Düşmənlə döyüşmək üçün təyyarəsi ilə səmaya qalxan Ceyhun bərabər olmayan vuruşda qəhrəmanlıqla həlak olub. 23 yaşlı oğlunu itirən Ceyhun Hacıbəyov çox kədərli sarsıntılar keçirib. Bir tərəfdən Vətən həsrəti, digər tərəfdən də oğlunun faciəsi uzun zaman onu rahat buraxmayıb.
Ceyhun Hacıbəyov Fransada yaşayarkən Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Həsənbəy Zərdabi, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı və başqa görkəmli Azərbaycan ədibləri haqqında məqalələr və əsərlər yazıb. O, Mirzə Fətəli Axundov haqqında yazdığı “M.F.Axundovun ideal və sənət dünyası” adlı kitabında böyük ədibi belə xarakterizə edir: “Dövrünün qabaqcıl, gözüaçıq, hərtərəfli inkişaf etmiş şəxsiyyətlərindən biri olan, xalqını, vətənini dərin məhəbbətlə sevən, onunla fəxr edən, onu dünyanın inkişaf edən mədəni xalqları arasında görmək arzusu ilə yaşayan M.F.Axundov, hər şeydən əvvəl, böyük ictimai xadim, vətənpərvər, bəşəriyyətin dostu, yorulmaz əqidə, məslək mübarizi olub. O, nədən yazırsa-yazsın, ictimai fikrin hansı sahəsinə müraciət edirsə-etsin, vahid bir amala – Vətənini, xalqını, bütünlükdə bəşəriyyəti azad, xoşbəxt görmək arzusuna xidmət edirdi.”
Tarixi şəxsiyyət Ceyhun Hacıbəyov hesab edirdi ki, vətəninin, xalqının taleyini düşünən, dərdinə şərik olmaq istəyən yazıçı nə qədər ağır şəraitdə çalışırsa-çalışsın, nə qədər çətin vəziyyətə düşürsə-düşsün, öz əqidəsindən, tutduğu ədalətli mübarizə yolundan heç vaxt geri çəkilməməlidir. Təsadüfi deyil ki, o bütün əsərlərini müasir mövzuda yazıb, əlinə qələm aldığı ilk gündən ömrünün sonuna qədər dövrünün qüsur və nöqsanlarına qarşı amansız mübarizə aparıb. Ceyhun Hacıbəyov təkcə maarifçi ziyalı, yazıçı deyil, həm də son dərəcə nəcib, ali insani keyfiyyətlərin daşıyıcısı olub. Onun bir fərdi şəxsiyyət kimi simasını, xarakterini müəyyənləşdirən əsas ali keyfiyyətlərindən biri, bəlkə də birincisi sadəlik və saflıq idi. O zamanlar ustadları haqqında xoş və dəyərli sözləri ancaq Ceyhun müəllim yaza bilərdi.
Geniş təfəkkür tərzinə sahib xadimin sovet rejimi və kommunist ideologiyasının hökmranlığı illərində xalqdan gizlədilməsi təbii idi və təsadüfi deyil ki, sovet hakimiyyəti illərində heç bir mənbədə Ceyhun Hacıbəyovun adına rast gəlinmir.
Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan Ceyhun Həcıbəyov mühacirətdə yaşadığı bütün dövrdə əqidə və amalından dönməyib, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparıb, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməyib.
Hələ Bakıda olarkən Ceyhun bəy böyük bir tədqiqat işinə başlamış, araşdırmalarının nəticələrini “Babək və qədim Aran dövləti” adlandırmış və kitab şəklində Parisdə nəşr etdirmişdi. Onun digər bir işi “Bakı və Bərdə şəhərlərinin tarixi” idi. Dilçilik sahəsində onun əsas əsəri isə “Qarabağ dialekti və folklor” sayılır. Bu əsər 1934-cü ildə Parisdə, “İki dünyanın jurnalı”nda çap olunub.
Azərbaycan tarixində ziyalıların böyük hissəsinin ölkəni tərk etdiyi bir dövr var. Bu, ötən əsrin 20-ci illərinin əvvəllərinə təsadüf edir. O zaman ölkəni tərk edib gedənlər arasında Ceyhun Hacıbəyov da olub. Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərinədək Azərbaycanda bu insan haqqında, demək olar ki, heç bir məlumat yox idi. Məsələ ondadır ki, Ceyhun Hacıbəyov Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məmməd Həsən Hacınski kimi şəxslərlə birlikdə Azərbaycan Demokratik Respublikasını yaradanlardan biri idi. Ceyhun Hacıbəyovun ən yaxşı dövrü XX əsrin 18-20-ci illərinə təsadüf edir.
Tarixdə qalmaq, xalqın yaddaşında yaşamaq üçün təkcə sanballı elmi araşdırmalar aparmaq, bədii əsərlər yazmaq yetərli deyil. Alim, şair, yazıçı, ziyalı haqqın, ədalətin yanında durmağı bacarmalı, şəxsi keyfiyyətləri ilə başqalarına nümunə olmalıdır. Tarixi şəxsiyyət Ceyhun Hacıbəyov belə şəxsiyyətlərdən olub.
Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyov Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyada tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərib.
Yüzlərlə məqaləsi, onlarca bədii əsəri, xeyli tərcümələri olan, mətbuat və ədəbiyyat tarixində misilsiz xidmətləri ilə yadda qalan Ceyhun Hacıbəyov 1962-ci ildə Parisdə vəfat edib və orada dəhn olunub.
Ceyhun Hacıbəyovun vəfatı ilə bağlı yaxın dostlarından doktor Əziz Alpaut Parisdə türk dilində çıxan “Mücahid” adlı aylıq ictimai fikir məcmuəsinin 1963-cü il tarixli yanvar-favral sayında “Bir böyük itkimiz daha” sərlövhəli vida məqaləsində yazırdı: “Vətən səni unutmayacaq, bir gün bağrına basacaqdır.” Bəli, həmin gün gəldi. Vətən Ceyhun bəyi bağrına basdı. Azad, nüstəqil Azərbaycan uğrunda yenilməz mübariz Ceyhun Hacıbəyov heç zaman unudulmayacaq, daim qəlblərdə, ürəklərdə yaşayacaq. Vətəni və xalqı üçün etdikləri isə zaman-zaman özünə qayıdacaq, haqq yerini tutacaq.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU Professor