Daşdəmir Əliyev: “Ermənistanın özündə etiraf edirlər ki, cəbhə xəttinə daha çox kasıb ailələrin övladları göndərilir”
Rusiyanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin hesabatında bildirilir ki, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü getdikcə daha çox nəzərə çarpır. Hesabatda qeyd olunur ki, 2000-ci illərdə neftin qiyməti kəskin qalxdıqdan sonra Azərbaycanın artan gəlirləri hərbi xərcləri çoxaltmağa və ordunu genişləndirməyə imkan verdi.
Əgər 2001-ci ildə ölkənin hərbi büdcəsi 300 milyon dollar təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 3,7 milyard dollara çataraq Ermənistanın dövlət büdcəsinə bərabər olub. “Military Balance” təşkilatının hesabatına əsasən, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin say tərkibi 126 min nəfərə çatıb. Ancaq Ermənistan ordusunun say tərkibi 2002-ci ildən dəyişməz qalır. Ermənistan Silahlı Qüvvələri 45 min nəfərə yaxın hərbçidən ibarətdir.
Hesabatda deyilir: “Neft gəlirlərinin artması Azərbaycan Ordusunun geniş miqyasda silahlanmasına imkan verdi. Çoxlu sayda müasir tanklar, zirehli döyüş maşınları, zenit-raket kompleksləri, təyyarələr, helikopterlər, tank əleyhinə idarə olunan raketlər, artilleriya sistemləri, müşahidə qurğuları, pilotsuz uçuş aparatları əldə olundu. Bakının yeni imkanları aprel döyüşləri zamanı nümayiş etdirildi”.
Göründüyü kimi, Ermənistan ordusunun say tərkibi son 15 il ərzində dəyişməz olaraq qalıb. Bunun səbəbini nə ilə izah etmək olar?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, bunun bir neçə vacib səbəbi var: “Bu məsələdə daha mühüm rolu Ermənistanda demoqrafik böhran oynayır. Demoqrafik tendensiya dəyişməsə, Ermənistan əhalisi 2050-ci ilə qədər 2,7 milyon nəfər həddinə kimi azala bilər. Araşdırmalar göstərir ki, Azərbaycan əhalisinin sayı həmin müddətədək 11 milyon nəfərə çata bilər. Bu problemin əsası hələ ötən əsrin 90-cı illərindən qoyulub. Əsgər çatışmazlığı Ermənistan ordusunun bir nömrəli probleminə çevrilib və getdikcə bu problem daha ciddi hal almaqdadır. 90-cı illərdə ölkədə doğulan oğlan uşaqlarının sayının az olması, habelə orduya çağırış sistemində neqativ hallardan, rüşvətxorluq, xidmətdən yayınmaya münbit şəraitdən yararlanan insanlar öz övladlarını hərbi xidmətdən yayındırmağa, maksimum şəkildə Ermənistandan kənara çıxarmağa çalışırlar.
Ermənistanda həqiqi hərbi xidmətə çağırış yaşı 18-27 yaş, orduda xidmət müddəti isə 2 ildir. Hərbi xidmətə çağırış ildə iki dəfə olmaqla 6 aydan bir həyata keçirilir. Erməni mediasında yer alan məlumatlara görə, 2004-cü ildən başlayaraq, demək olar ki, hər il Ermənistanda çağırış zamanı hərbi hissələrin çağırışçılarla tam şəkildə komplektləşdirilməməsi ciddi problem olaraq ortaya çıxır. Nəticə etibarilə hərbi xidmətdən tərxis olunanların evlərinə buraxılması bəzi hallarda aylarla ləngiyir. Bununla da daha çox döyüş bölgəsində yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər üzləşirlər. Nəticədə səngərdə xidmətdən “yorulan” əsgərlər tərəfindən gənc əsgərlərə qarşı amansız rəftarların edilməsi, atəşkəs pozuntuları zamanı “evə getməyə hazırlaşan” əsgərlərin həlak olması kimi hadisələr yaşanır. Bundan əlavə, Ermənistandan toplanan əsgərlərin böyük əksəriyyəti xidmət etmək üçün Dağlıq Qarabağ ərazisinə göndərilir. Bu da müharibə zonası anlamına gəlir və olduqca risqli sayılır. Ermənistanın özündə etiraf edirlər ki, cəbhə xəttinə daha çox kasıb ailələrin övladları göndərilir. Buna görə də orduya inam azalıb, fərarilik isə durmadan artır. Hesab edirəm ki, Ermənistan ordusunda nəzərəçarpan geriləmənin başlıca səbəbi bununla bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ