Yeganə Hacıyeva: “Hətta belə çağırışın olacağı halda Azərbaycanın bunu etməmək üçün əsaslana biləcəyi ciddi arqumentləri mövcuddur”
ABŞ, Kanada və Aİ ölkələri ilə yanaşı, daha bir neçə dövlət Rusiyanın keçmiş casusu Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqədar rus diplomatlarını ərazisindən çıxarır. Rusiya mətbuatı xəbər verir ki, ümumilikdə 106 rusiyalı diplomat həftə ərzində iş yerini tərk etməlidir.
Bundan əlavə, daha 12 rus diplomatı BMT yanındakı nümayəndəlikdən qovulacaq. Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, "Skripal işi"nə görə rus diplomatları ümumilikdə 14 ölkəni tərk edəcəklər. Tusk əlavə tədbirlərin görüləcəyini və digər qovulmaların da olacağını istisna etməyib.
ABŞ istisna olmaqla, Kanada rus diplomatlarını ərazisindən çıxaran Aİ üzvü olmayan yeganə ölkədir.
Qeyd edək ki, "Skripal işi" ilə əlaqədar rus diplomatlarını ərazilərindən çıxaran dövlətlər bunlardır: Böyük Britaniya (23 rus diplomatını qovub), ABŞ (48 diplomat və BMT missiyasının 12 əməkdaşını ərazisindən çıxarır), Ukrayna (13 diplomat), Fransa (4 diplomat), Polşa (4 diplomat), Kanada (səfirliyin və baş konsulluğun 4 əməkdaşı), Litva (3 diplomat, o cümlədən 2 hərbi attaşe), Danimarka (2 diplomat), İtaliya (2 diplomat), Hollandiya (2 diplomat), Almaniya (4 diplomat), Çexiya (3 diplomat), Estoniya (hərbi attaşe), Latviya (1 diplomat və "Aeroflot"un 1 əməkdaşı), Finlandiya (1 diplomat), Rumıniya (1 diplomat), Xorvatiya (1 diplomat).
Qeyd edək ki, ABŞ da "Skripal işi" ilə əlaqədar 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarmaq və Rusiya Federasiyasının Sietldəki baş konsulluğunu bağlamaq barədə qərar qəbul edib.
Göründüyü kimi, rus diplomatlarını çıxaran ölkələrin sırasında Azərbaycanın adı yoxdur. Proses artıq ciddi rəng almağa başlayıb. Bu məsələdə onlarla eyni sırada yer almaq üçün Azərbaycana Aİ və ABŞ-dan hansısa formada təzyiqlər ola bilərmi? Məlumdur ki, Azərbaycanın Rusiya ilə çox normal münasibətləri mövcuddur. Belə olan təqdirdə, bizim diplomatiyamız necə davranmalıdır?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Qərbin Rusiya ilə gərginləşən münasibətlərinə yalnız indiki zaman kontekstindən yanaşmaq doğru deyil: “Qərb-Rusiya münasibətləri ən gərgin fazaya 2014-cü ildən sonra qədəm qoydu. Bilirsiniz ki, həmin vaxt Rusiya Krımı anneksiya etdi. Həmin zamandan bəri münasibətlər pisləşməyə doğru gedir. ABŞ-da keçirilən son prezident seçkilərində isə Rusiyanın texnoloji vasitələrlə həmin ölkədəki nəticələrə müdaxilə etməsi Moskvanın Vaşinqtonla münasibətlərini də zərbə altına qoydu. Skripal və onun qızının zəhərlənməsi hadisəsinin baş verdiyi zamana diqqət edək. Həmin hadisə Rusiya üçün olduqca həssas olan prezident seçkiləri ərəfəsində baş verdi. Onda sual yaranır: belə bir halın yaşanması Rusiyaya nə dərəcədə lazım idi? Rusiya rəsmiləri bunu etiraf etməsələr də, ancaq Sergey Skripal Putinə birdəfəlik əfv olunmaq xahişi ilə bağlı müraciət edib. Belə olan təqdirdə, Rusiyanın bu cür radikal addıma getməsi məntiqli sayıla bilməzdi. Ancaq ola bilərdi ki, Skripalın Rusiyaya qayıtmaq ehtimalı daha çox Qərbi narahat edib. Çünki onlar daha çox sirlərin açılmasından narahat ola bilərdilər. Hadisənin baş verməsindən sonra ABŞ və Aİ sanki fürsət gözləyirmiş kimi rus diplomatlarını kütləvi şəkildə ölkədən çıxarmağa başladılar. Onlar öz orbitlərinə düşmüş bütün şəxsləri yaranmış vəziyyətdən istifadə edərək ölkədən çıxardılar. Prosesin sürətlə aparılması müəyyən şübhələrin yaranmasına əsas vermiş oldu. Bu prosesdə, əslində, diplomatiyanın deyil, xüsusi xidmətlərin müharibəsi gedir. Mən Qərbin bu yöndə Azərbaycana təzyiq göstərəcəyinə qətiyyən inanmıram. Məsələ bundadır ki, Azərbaycan istər Rusiya, istərsə də Qərblə balanslı siyasət yürüdür. Azərbaycan Cənubi Qafqazda güclərarası balansı qoruyan tərəfsiz bir aktordur. Bizdən fərqli olaraq, Cənubi Qafqazın digər iki ölkəsi belə müstəqilliyə malik deyil. Onlardan biri Qərbin, digəri isə Rusiyanın forpostu rolunu oynayır. Bunun da bir çox üstünlükləri var. Eyni zamanda, Rusiya ilə bizim aramızda dostluq və dərin strateji tərəfdaşlıq münasibətləri var. Həmin ölkədə iki milyondan artılq soydaşımız yaşayır. Ölkələrimiz arasındakı ticarət münasibətləri kifayət qədər böyükdür. Bunun fonunda, Azərbaycan üçün Rusiya ilə münasibətləri korlamaq zəruri sayıla bilməz. Bizim Rusiya ilə münasibətlərimiz buna imkan vermir. Hətta belə çağırışın olacağı halda Azərbaycanın bunu etməmək üçün əsaslana biləcəyi ciddi arqumentləri mövcuddur”.
Məhəmmədəli QƏRİBLİ