Elşən Həsənov: “Vəziyyət belə davam edərsə, Ermənistan ordusu qarşıdakı 7 il ərzində nəinki modernləşməyəcək, daha da acınacaqlı duruma düşəcək”
Ermənistan Müdafiə Nazirliyi ordunun 2018-2024-ci illər üzrə modernləşməsi proqramını dərc edib. Daha çox hədələyici mahiyyət daşıyan həmin proqramda ordunun qarşıdakı 7 illik müddətdə hansı addımları atacağına diqqət ayrılır.
Bildirilir ki, Dağlıq Qarabağ konflikti tam həllini tapmadığı üçün, Ermənistan bundan sonra da ordu quruculuğu və onun inkişafına xüsusi önəm verəcək. Həmçinin, qeyd edilir ki, qarşıdakı müddət ərzində Ermənistan hərbi sahədə yalnız Rusiya ilə deyil, həm də ABŞ və Çinlə yaxından əməkdaşlıq edəcək. Əslində, adını modernləşdirmə qoyduqları bu 7 illik proqram diqqəti məsələnin əsl mahiyyətindən kənarlaşdırmağa hesablanıb. Çünki Ermənistan ordusunda real vəziyyətin açınacaqlı olması hamıya bəllidir. Ola bilərmi ki, bu cür qəribə adlı proqramlarla Ermənistan ordudakı neqativlikləri ört-basdır etməyə çalışır?
Ekspert Elşən Həsənovun sözlərinə görə, Ermənistan ordusu, demək olar ki, can verir: “Ölkə rəhbərliyi bundan çıxış yolları axtarır. Təsəvvür edin ki, iqtisadi resursları olmayan, özünü ətraf aləmdən təcrid edən, iqtisadi çətinliklər səbəbindən demoqrafik problemlə üzləşən bir ölkə üstəlik də müharibə vəziyyətində yaşayır. Bununla belə, işğalçı siyasətindən əl çəkmək istəmir. Hazırda Ermənistan ordu daxilində yaşanan neqativlikləri müəyyən proqramların həyata keçirilməsi adı ilə kompensasiya etməyə can atır. Bundan əvvəl onlar ortaya “ordu-xalq” adlı bir konsepsiya atdılar. Bunun mahiyyəti ondan ibarət idi ki, ordu ilə xalq arasında bir inam yaratsınlar, “yandırılmış körpüləri” bərpa etsinlər. Ortaya heç bir nəticə qoyulmadı. Əksinə, həmin sahədə olan vəziyyət daha da pisləşdi. Xoş təsəvvür yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil. Bugünkü mənzərəyə baxdıqda görmək olur ki, Ermənistan ordusundakı korrupsiya halları bu münasibətlərin qurulması yolunda böyük səddir. Orduda islahat adı ilə atılan bütün addımlar kosmetik xarakter daşıyır. Silahlı qüvvələrin modernləşməsi üçün böyük vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti göz qabağındadır. Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək templə artır. İslahatların reallaşdırılması üçün qanunverici baza da yoxdur. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir. Bəli, müxtəlif cəlbedici adlarla onlar ictimai rəyi səhv istiqamətdə yönləndirməyə çalışırlar. Hesab edirəm ki, vəziyyət belə davam edərsə, Ermənistan ordusu qarşıdakı 7 il ərzində nəinki modernləşməyəcək, daha da acınacaqlı duruma düşəcək”.
Məhəmmədəli QƏRİBLİ