Ramil Hüseynov: “Nə qədər dilənmək olar?!”
Məlum olduğu kimi, ötən həftə Qarabağ separatçılarının rəhbəri Bako Saakyan Livana səfər edib. Saakyan Livanın Antilias şəhərində Böyük Kilikiya Evi Katolikosluğunun rəhbəri I Aramla görüşüb. Görüşdə əsas müzakirə mövzusunun diaspor ilə əlaqələr məsələsi olduğu vurğulanıb. Saakyan Antiliasla bərabər Beyrutda da olub.
O burada Azərbaycan və Türkiyəyə qarşı teraktlarda aktiv iştirak edən, eləcə də Qarabağa özünün terrorçularını göndərən “Daşnaksütyun”, “Hnçak” və “Ramkavar-Azatakan” partiyalarının rəhbərləri ilə görüşüb. Ermənilərin Böyük Kilikiya Evi Katolikosluğunun mərkəzi Antilias şəhərində yerləşir.
Məlumat üçün qeyd edək ki, Saakyan bundan öncə ABŞ-a səfər edib və burada bir sıra konqresmenlərlə və erməni lobbisinin nümayəndələri ilə görüşlər keçirib. Görünən odur ki, Saakyanın ABŞ-da ianə toplama kampaniyası iflasa uğradığı üçün, ermənilərin köhnə sığınacaq mərkəzi olan Livana gedib. Nəzərə almaq lazımdır ki, tarixən ermənilərin əsas dayaq məntəqələrindən biri Livanda olub. Livanda çoxsaylı erməni yaşayır və erməni lobbisi bu ölkədə ciddi təsir imkanlarına malikdir. Bir sıra erməni terrorçuları məhz Livanda fəaliyyət göstərən düşərgələrdə hazırlanıblar. Həmin terrorçular sonralar Dağlıq Qarabağa gələrək bir sıra terror aktlarının törədilməsində fəal iştirak ediblər. Livanın özü işğala və terrora məruz qalan ölkədir. Buna baxmayaraq, erməni terrorizminə qucaq açıb və işğalçı Ermənistanı dəstəkləyir. O baxımdan Livanın separatçıya məlum münasibəti təəssüf doğurur. Bütün bunlara rəğmən, görünən odur ki, erməni separatçıları əvvəlki kimi dilənə bilmirlər. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var.
Maraqlıdır, Saakyanın ianə ilə bağlı Livandan gözləntiləri özünü doğruldacaqmı?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynov buna bir neçə prizmadan yanaşdı: “Təəssüflər olsun ki, ABŞ hər il separatçı quruma müəyyən maliyyə vəsaiti ayırır. Digər separatçı qurumlara münasibətdə daha sərt mövqe ortaya qoyan rəsmi Vaşinqton erməni separatçılarına fərqli müstəvidən baxır. O da məlumdur ki, əvvəllər əsasən Birləşmiş Ştatların bəzi böyük şəhərlərində erməni lobbisi separatçı qurum üçün ianə kampaniyası təşkil edirdi. Həmin kampaniyalarda milyonlarla vəsait toplanırdı. Düzdür, bənzər kampaniyalar indi də təşkil olunur, amma əvvəlki effektini vermir. Bundan başqa, Azərbaycan dəfələrlə diplomatik müstəvidə buna öz iradını bildirib. Eyni zamanda, erməni yalanlarının ifşa olunmasında bir sıra işlər görülüb. Bununla yanaşı, ABŞ-da yaşayan ermənilər də bu kimi kampaniyalara pul ödəməkdən beziblər. Yəni nə qədər dilənmək olar?! Saakyan bu dəfə ABŞ-a səfəri zamanı ermənilərə yaxın olan müəyyən dairələrlə görüşdü, ancaq yardımla bağlı istədiyi nəticəni əldə edə bilmədi. Ona görə də indi Livandan bununla bağlı müəyyən gözləntiləri var. Ümumilikdə, Livanda erməni icması aparıcı mövqeyə malik olsa da, düşünmürəm ki, bu, separatçıların maliyyə problemlərinin həllinə yardım göstərsin. Çünki artıq erməni lobbisi də fərqindədir ki, bu kampaniyalarla əlaqədar toplanan vəsait təyinati üzrə xərclənmir. Həmin vəsait həm separatçılar, həm də Sarkisyan rejimi tərəfindən mənimsənir. Ona görə də ianə adı altında kampaniya keçirib kimlərisə aldatmaq əvvəlki kimi asan deyil. Bu baxımdan Saakyanın Livanla bağlı gözləntilərinin iflasa uğrayacağı qənaətindəyəm. Düşünürəm ki, bu məsələdə də separatçılar məyus olacaqlar. Çünki artıq erməni yalanları ilə kimlərisə aldatmaq əvvəlki qədər asan deyil. Dünyadakı reallıqlar dəyişir. Buna rəğmən, Azərbaycan diplomatik və diaspor müstəvisində aktivliyini artırmalıdır”.
Vidadi ORDAHALLI