Məhəmməd Əsədullazadə: “ATƏT-in monitorinq qrupunun fəaliyyətinin dayandırılması məqsədəuyğundur”
Məlum olduğu kimi, ATƏT 2017-ci il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçirdiyi fəaliyyət barədə hesabat açıqlayıb. Hesabatda bildirilir ki, ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi və onun komandası münaqişə ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər.
Sənəddə qeyd olunur ki, Anjey Kasprşikin ofisi sülh prosesinin davam etdirilməsini təmin etmək üçün ATƏT-in fəaliyyətdə olan sədri və Minsk Qrupunun həmsədrlərinin işinə fəal şəkildə təsir göstərib. Hesabata əsasən, tərəflərin dəstəyi ilə ötən il 24 monitorinq aparılıb ki, bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-i isə təmas xəttində olub. Bu tədbirlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinə regiona 4 dəfə yüksək səviyyəli səfər etməyə imkan verib.
Bütün bunlara rəğmən, bu cür hesabatlar münaqişə zonasında real vəziyyəti əks etdirmir. Bunu təmas xəttində atəşkəsin pozulması hallarının artması da göstərir. Reallıq ondan ibarətdir ki, bu sənəd münaqişənin həlli istiqamətində konkret nəticələr əldə olunmasına hesablanmayıb və keçirilən monitorinqlər heç bir nəticə vermir. Ötən il ATƏT ofisinin genişləndirilməsi, həmsədrlərin sayının artırılması ilə bağlı qaldırılan məsələ isə Ermənistan hakimiyyətinin münaqişənin uzadılması, status-kvonun qorunub saxlanması planlarına tam uyğundur və dolayısı ilə onların mövqeyinin dəstəklənməsi deməkdir.
ATƏT-in Minsk Qrupunun yaradılmasından 26 il ötür. Qrupun yaradılması haqqında qərar Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş görüşündə verilib. Bu illər ərzində münaqişənin həllinə dair təkliflər tərtib edilsə də, hər iki tərəfi qane edəcək təşəbbüs irəli sürülməyib. Qurum bu illər ərzində Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri, eləcə də ən yüksək-prezidentlər səviyyəsində görüşlərin keçirilməsi ilə bağlı vasitəçilik edib. Halbuki, 1992-ci ildə fəaliyyətə başlayan ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edəcəyi ilə bağlı böyük ümidlər olsa da, bunlar özünü doğrultmayıb. Bu illər ərzində təşkilatın fəaliyyəti münaqişəni müşahidə etməklə məhdudlaşıb və formal xarakter daşıyıb. Qurum Azərbaycanın ədalətli mövqeyini nəinki müdafiə etmir, əksinə, bəzi hallarda onu saymamazlıqla qarşılayır.
Bütün bunlarla yanaşı, ATƏT-in keçirdiyi monitorinqlərin praktiki olaraq hansısa nəticəsi, əhəmiyyəti varmı?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bütün bunların heç bir faydası olmayıb: “ATƏT-in Ermənistan və Azərbaycan təmas xəttində monitorinqlərindən cavabdeh olan, 20 illik fəaliyyəti dövründə heç bir işə yaramayan Anjey Kasprşikin dedikləri gülüncdür. Bu monitorinqlər 100 dəfə də keçirilə bilər. Bunun heç bir əhəmiyyəti yoxdur. Anjey Kasprşikin fəaliyyəti yalnız özünün komfortlu yaşamasını təmin etmək üçündür. Başqa heç nə. Deyərdim ki, o, erməni kəşfiyyatının agentidir. Çünki monitorinq olan yerlərdən məlumatı işğalçı ölkəyə ötürə bilər. Ümumiyyətlə, monitorinq qrupunun olması hesab edirəm ki, işğalın davam etməsinə şərait yaradır və Ermənistanın maraqlarına cavab verir. Ermənistan çalışır ki, belə monitorinqlər vasitəsilə Azərbaycanın əks hücumundan sığortalansın. Azərbaycan hesab edirəm ki, işğalı legitimləşdirməyə xidmət edəcək belə addımlardan çəkinməlidir. ATƏT-in monitorinq qrupunun sayının artırılması barədə razılıq əldə olunub. Tutaq ki, müşahidəçilərin sayı artırıldı. Bu, təmas xəttində nəsə müsbətə doğru hərəkətə zəmin yarada biləcəkmi? Əlbəttə ki, yox. Onsuz da Ermənistan mütəmadi şəkildə atəşkəsi pozur. Nə qədər ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilən ərazilərindədir, heç bir atəşkəsin qorunmasından söhbət gedə bilməz. Ermənistanın işğalçı siyasəti davam etdikcə, regionda sülh və təhlükəsizlikdə risqlər davam edəcək. Vurğulayım ki, ölkəmizin hərbi qüdrəti imkan verir ki, əraziləri işğaldan azad edək. Qeyd edim ki, 2016-cı il 2 aprel hərbi toqquşmasında monitorinq qrupu nəyə nail oldu ki, bundan sonar da nəsə bir iş görsün?! ATƏT-in monitorinq qrupunun fəaliyyətinin dayandırılması məqsədəuyğundur”.
Vidadi ORDAHALLI