Azərbaycan və İran arasında genişlənən əlaqələr bu gün işğalçı Ermənistanda getdikcə daha çox narahatlığa rəvac verir. Məsələ burasındadır ki, son dövrlərə qədər Ermənistanın ayaqda qalmasında İranın rolu kifayət qədər yüksək olub. Amma Azərbaycanla dərinləşən əməkdaşlıq şəraitində Tehran indi ölkəmizlə iqtisadi layihələrin həyata keçirilməsinə daha çox diqqət yetirməyə başlayıb.
Elə iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana son səfəri fonunda bu məqam yenidən özünü qabarıq surətdə büruzə verdi.
Bir daha məlum oldu ki, ticarət, sənaye, nəqliyyat-tranzit, maliyyə, səhiyyə və digər sahələrdə mövcud əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi təkcə 2017-ci ildə 16 faiz artıb. İran Azərbaycana 3,1 milyard dollar investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Azərbaycan və İranın birgə iştirakı ilə ölkəmizdə reallaşdırılan avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir. Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə işlər davam edir. Şahin Mustafayev burada diqqətə çatdırıb ki, energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqları, İmişli-Parsabad elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb.
Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 kilometr, İranda 1,4 kilometr dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir.
Yuxarıda qeyd olunduğu kimi, bütün bunlar Ermənistanda ciddi narahatlığa yol açır. Çünki bu gedişlə erməni tərəfi İranın onlara diqqətinin azalacağından çox qorxur. Bu hal özünü, xüsusən də ötən həftə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə etməsindən sonra daha qabarıq formada büruzə verir. Hind və Atlantik okeanlarını birləşdirməyə imkan verən bu nəqliyyat dəhlizi İranın ölkəmizə marağını artırmaqla yanaşı, Ermənistanın təcridinin daha da dərinləşməsi deməkdir. Məsələ ilə bağlı erməni politoloq Conni Məlikyan Azərbaycanın iştirakı ilə yeni dördtərəfli formatın bir yenilik olduğunu və Ermənistana müsbət heç nə vəd etmədiyini qeyd edib. Onun sözlərinə görə, son zamanlar regionda infrastruktur layihələri fəal şəkildə həyata keçirilir. İran isə hazırda getdikcə daha çox Azərbaycan yoluna tərəf meyllənir. Conni Məlikyan vurğulayır ki, erməni diplomatiyası əks addımlar atmalıdır: “Məhz “Şimal-Cənub” dəmiryolu xəttinin açılmasına cəhd edilirsə, biz “Şimal-Cənub” avtomagistral layihəsini gerçəkləşdirə bilərik, alternativ avtomobil yolu aça bilərik. Lakin mən bu layihəni sürətlə həyata keçirə biləcəyimiz və İran tərəfinə nəsə təklif edəcəyimizlə bağlı fikrə bədbin yanaşıram”. Əslində, Ermənistan mətbuatı da yazır ki, bu ölkə üçün mühüm əhəmiyyət kəsb edən “Şimal-Cənub” avtomagistralı layihəsinin reallaşması artıq şübhə doğurur. Bildirilir ki, 2009-cu ilin sentyabrında Ermənistan Asiya İnkişaf Bankı ilə bu yolun tikintisi üçün kredit müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, magistral yolun tikintisi 2016-cı ildə başa çatdırılmalı idi. Amma tikinti işlərinə müqavilə imzalandıqdan üç il sonra başlanıb. 2012-ci ildə yolun az bir hissəsi tikilib, layihənin qiyməti isə artıb. 2012-ci ilin sentyabrında layihənin qiyməti 1 milyard dollar olsa da, indi onun qiyməti 2 milyard dollardır. Buna isə İrəvanın imkanı yoxdur.
Ermənistan hökuməti hesab edir ki, beynəlxalq maliyyə təşkilatları artıq bu layihəyə investisiya yatırmaq istəmir. Beləliklə, qeyd olunan avtomagistralın tikintisi artıq sual altındadır. Demək olar, artıq bu yol ümumiyyətlə mahiyyətini itirir. Ona görə ki, bu yol Azərbaycanın nəqliyyat şəbəkəsi ilə rəqabətə davam gətirə bilməz. Məhz bu səbəbdəndir ki, region ölkələri, o cümlədən İran məhz Azərbaycanla birgə layihələrin həyata keçrilməsiən daha çox diqqət yetirir. Qeyd olunanlar fonunda bu günlərdə erməni politoloq Sarkis Artsruni də belə bir etirafla çıxış etmişdi ki, belə vəziyyətdə yeni, dördtərəfli Azərbaycan–Türkiyə-Gürcüstan-İran əməkdaşlıq formatının yaranması Ermənistan üçün ciddi zərbədir: “Dördtərəfli format Bakıda Ermənistanın təcrid edilməsi faktını bəyan etmək üçün növbəti səbəbdir. Həqiqətən narahatlıq doğuran budur ki, Ermənistan bütün mümkün regional inteqrasiya layihələrindən kənarda qalıb”. Onun fikrincə, bütün bəla ondadır ki, Ermənistanın öz qonşuları Gürcüstan və İranla münasibətləri ikitərəfli formatla məhdudlaşır, regional komponent kənarda qalır: “Ermənistanın xarici siyasəti cari problemlərlə məhdudlaşır, Bakıda isə bundan bacarıqla istifadə edirlər”.
Bütün bunlar isə qarşıdakı dövr ərzində Ermənistanı daha çox problemlərin gözləməsi deməkdir.
Nahid SALAYEV