Son dövrlərdə Ermənistanda Rusiya əleyhinə müəyyən fikirlər səsləndirilməsi, hətta aksiyalar təşkil edilməsi ekspert dairələrində ən çox müzakirə olunan başlıca məqamlardan birini təşkil edir. Digər tərəfdən, ötən ilin noyabrında Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlıq barədə saziş imzalaması İrəvanın Moskvaya növbəti xəyanəti kimi dəyərləndirilir.
Hesab olunur ki, indiyə qədər Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsinin əsas səbəbkarı olan Rusiyaya qarşı belə addımlar İrəvanın artıq Kremlə xəyanətkar addımlarının bariz təsdiqidir. Bu günlərdə yayılan məlumatlardan isə belə bəlli olur ki, Ermənistantanda Qərbin, xüsusən də ABŞ-ın təsir daiərsinə düşən yüksəkçinli erməni məmurlarının sayının artması hadisələrin məhz qeyd olunan səpkidə inkişaf etməsində az rol oynamır. Bu xüsusda Rusiyanın “Maksalexandrov.livejournal.com” bloqunda yer alan məlumatlar hələ də əsas müzakirə mövzularından birini təşkil edir.
Həmin bloqda ABŞ-ın Ermənistan və Gürcüstan ərazisində fəaliyyət göstərən rezidenturasının siyahısı təqdim edilib. Burada ABŞ-ın Ermənistanda özünün təsir dairəsinə saldığı şəxslər sırasında isə ən yüksək vəzifədə olanlar aşağıdakılardır: 1. Vigen Sarkisyan - Ermənistan müdafiə naziri. Təsir dairəsinə 2000-ci ildə Massaçusetsdə Fletçer adına Diplomatiya və Hüquq Məktəbində oxuyan zaman salınıb. Kuratorları Riçard Mils və Bryus Mörfidir; 2. David Tonoyan - fövqəladə hallar naziri. 2005-ci ildə Ermənistanın NATO-da daimi nümayəndəsi olanda ələ alınıb. Ermənistanda Amerika biolaboratoriyalarının yaradılması layihəsinin koordinatorudur. Vigen Sarkisyanla sıx əlaqədədir. Kuratoru E.Larsendir;3. Hayk Kotancyan – Müdafiə Nazirliyinin Milli Tədqiqatlar Universitetinin rəisidir. 1998-ci ilə Marşal adına Təhlükəsizlik Problemlərinin Tədqiqatı üzrə Avropa Mərkəzində staj keçən zaman təsir dairəsinə salınıb. Ermənistanın prezidenti Serj Sarkisyan tərəfindən ona qarşı açılması planlaşdırılan dövlətə xəyanət maddəsi üzrə işin qarşısı alınıb; 4. Mikayıl Minasyan - Ermənistanın Vatikan və Maltadakı səfiridir. Ermənistanın prezidenti Serj Sarkisyanın kürəkənidir. Xatırladaq ki, o, həm də Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin əsas müəllifi hesab olunur; 5. Ara Saqatelyan – Milli Məclis aparatının rəhbəridir. Mediya nəzarət edir; 6. Samvel Fərmanyan – hakim Respublika Partiyasının üzvü, Avropaya İnteqrasiya üzrə Daimi Parlament Komitəsinin sədr müavinidir; 7. Aleksan Arutyunyan – Ermənistan Prezident Administrasiyasının sədr müavinidir. Bloq həmçinin Ermənistanda qanunsuz kəşfiyyat fəaliyyəti həyata keçirən qeyri-hökumət təşkilatlarının da siyahısını təqdim edib. Siyahıda İnformasiyalı Vətəndaşlar İttifaqı, Asparez Jurnalistlər Klubu, Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzi, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi, Erməni Helsinki Komitəsi, İrəvan Dövlət Universitetinin Avropa Tədqiqatları Mərkəzi, Pink Ermənistan, Ermənistan Açıq Cəmiyyət Fondu yer alıb. Belə ki, bu təşkilatlara 2016-2017-ci illər ərzində 1,5 milyard dollar vəsait ayırılıb. Bloq xarici kəşfiyyat xidmətləri ilə əlaqədə olan KİV-lərin sırasına “Civilnet.am”, “Lragir.am”, “1in.am”, “Sut.am”, “Aravot.am”, “Azatutyun.am” saytlarını və “Armenian Tayms” qəzetini daxil edib. Məsələ ilə bağlı rus politoloq və analitik Oleq Kuznetsov bildirib ki, kəşfiyyatin real vəziyyətini ancaq kəşfiyyatçıların özləri, rezidentlər və onlara nəzarət edən mərkəz bilir: “Şəxsən mən əminəm ki, bu “sızma” Rusiya xüsusi xidmət orqanlarının Cənubi Qafqaz regionunda ABŞ xüsusi orqanlarının mövcudluğu və fəaliyyəti barədə analitik məlumatlar hazırlayıb, sistemləşdirmiş əks-kəşfiyyat fəaliyyətinin nəticəsidir. Xüsusilə qeyd etmək istəyirəm ki, məqalədə söhbət Gürcüstan və Ermənistandan gedir və Azərbaycan haqda bir kəlmə belə yoxdur. Bu heç də o anlama gəlmir ki, Azərbaycanda ABŞ-ın casus şəbəkəsi və bu ölkənin təsir agentləri yoxdur. Onlar mövcuddur, bəzi azərbaycanlı jurnalistlər qeyri-rəsmi şöhbətlərdə mənə bəzi həmkarlarının adlarını çəkmişdilər ki, onların Azərbaycan informasiya məkanında fəaliyyətini bir-iki il öncəyə qədər Tiflis vasitəsilə ABŞ maliyələşdirirdi. Lakin Azərbaycanın Gürcüstan və Ermənistandan prinsipial əhəmiyyətli fərqi var. Azərbaycanın dövlət məmurları ABŞ xüsusi xidmət orqanlarının maddi təminatında deyil. Gürcüstan və Ermənistanda isə bu, hər addımbaşı belədir. Gürcü və erməni məmurlar öz xidməti vəzifələrindən və inzibati resurslardan istifadə edərək, az qala açıq şəkildə ABŞ xüsusi xidmət orqanlarına işləyir. Bunu təkcə dövlət idarələrinə deyil, həmçinin təhlükəsizlik orqanlarına şamil etmək olar, xüsusilə də Gürcüstanda. Belə əməkdaşlığa dəlalət edən konkret faktlar təkcə məlum deyil, həmçinin sübuta yetirilib. Bu da müvafiq tendensiyanın mövcudluğunu təsdiq etməyə əsas verir. Bu aspektdən şərh etdiyimiz məqalə tamamilə gerçəkdir və həqiqətə uyğundur. Sadəcə, təfərruatlarda, məsələn, konkret şəxslərlə bağlı səhvə yol verilə bilər. Qalan məsələlərdə məruzə çox, amma çox həqiqətə uyğundur”.
Aydındır ki, hadisələrin bu səpkidə inkiaşfı, Ermənistanda ABŞ-ın təsir daiərsinin genişlənməsi Moskvanın xoşuna gələn hal deyil. Bu mənada istisna olunmur ki, Moskva Ermənistanda hakimiyyət dəyişikliyi üçün hərəkətə keçib əsas postlara sadiq saydığı şəxsləri gətirsin. ABŞ-ın təsir dairəsində olanların buna müqaviməti isə Erməistanda Moskva-Vaşinqton savaşının başlanması deməkdir.
Tahir TAĞIYEV