Arzuxan Əlizadə: “ABŞ rəsmiləri çox gözəl bilirlər ki, Ermənistan Rusiyanın forpostudur”
Bir sıra dövlətlərin yedəyində getməyə adət etmiş ermənilər öz ənənələrinə sadiq qalaraq bu siyasəti davam etdirirlər. Tarix boyu kim güclü olubsa, ermənilər də onun yanında olublar. Bu günlərdə bir qrup erməni deputat ABŞ-da səfərdə olub. Səfər zamanı erməni deputatlar Konqres üzvləri və Birləşmiş Ştatların digər siyasiləri ilə görüşlər keçiriblər. Erməni deputatlarının əsas missiyası ondan ibarət olub ki, Ermənistan Rusiya ilə Qərb arasında yaşanan qarşıdurmada hansısa təzyiq və təsirlərə məruz qalmasın, seçim edilməyə məcbur edilməsin.
Belə ki, ABŞ-a səfər edən erməni deputatlarının nümayəndə heyətinin rəhbəri Arpine Hovhannisyan əsaslandırmağa çalışıb ki, Ermənistan çoxvektorlu xarici siyasət nümayiş etdirir. Onun fikrincə, Ermənistan elə bir regionda yerləşir ki, çoxvektorlu siyasət yeritməyə məcburdur. O üzdən, Ermənistanın İran, Çinlə əlaqələri və eləcə də Rusiya ilə strateji tərəfdaşlığı davam edəcək. Erməni deputatları qeyd ediblər ki, mövcud coğrafi şərtlər daxilində Rusiya ilə Ermənistanın strateji müttəfiqliyinin heç bir alternativi yoxdur. O səbəbdən Ermənistanın sanksiyalardan uzaq tutulmasını istəyiblər.
Belə məlum olur ki, erməni deputatlar amerikalı həmkarlarına mədəni şəkildə yalvarıblar. O mənada ki, ABŞ onları seçim qarşısında qoymasın. O da məlumdur ki, ABŞ-ın Rusiya ilə müqayisədə İrana münasibəti daha sərtdir. Ancaq Birləşmiş Ştatlardan pul dilənən Ermənistan İranla əlaqələri maksimum genişləndirir. Hətta yeri gələndə leqal olmayan əlaqələr belə qurulur. Rusiya-ABŞ münasibətləri də hər keçən gün daha da pisləşməyə doğru gedir. Birləşmiş Ştatların Rusiyaya yönəlik sanksiyaları genişləndirməsi, Suriyada geosiyasi mübarizənin kəskinləşməsi buna əyani sübutdur. Belə olan halda, Ermənistanın çoxvektorlu siyasət yeritməsinin və bu kontekstdə erməni deputatların ABŞ-da keçirdikləri görüşlərin hansısa səmərəsi ola bilərmi?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu istisna etdi: “Düşünmürəm ki, ermənilərin bu siyasətinin hansısa nəticəsi olsun. Məsələ ondadır ki, hələlik Ermənistan konkret seçim qarşısında qoyulmur. ABŞ rəsmi İrəvanı seçim qarşısında qoysa, o zaman Sarkisyan hakimiyyəti “oynaya” bilməyəcək. Ancaq Ermənistan nə geosiyasi, nə də digər aspektlər baxımından xüsusi önəm kəsb etmədiyi üçün, Vaşinqton bununla bağlı qərar verməyə tələsmir. Əvvəla ABŞ rəsmiləri çox gözəl bilirlər ki, Ermənistan Rusiyanın forpostudur. İrəvan müstəqil xarici siyasət yeritmək iqtidarında deyil. Ermənistanı Qərbə tərəf çəkmək daha çox Türkiyə vasitəsilə mümkündür. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması isə yaxın perspektivdə mümkün görünmür. Bundan ötrü Ermənistan birinci növbədə Azərbaycanın işğal etdiyi əraziləri azad etməlidir. Digər tərəfdən, Birləşmiş Ştatlar Cənubi Qafqazda fəaliyyət göstərir və bundan ötrü Ermənistana ehtiyac yoxdur. ABŞ-ın Gürcüstandakı fəaliyyəti və bu ölkəyə verdiyi dəstək göz qabağındadır. Bununla yanaşı, Birləşmiş Ştatlar Azərbaycanın regionda orbitr rolu oynadığını görür və həyata keçirilən enerji, nəqliyyat dəhlizlərinə davamlı olaraq dəstək verir. Ermənistanın alternativ olaraq təklif edəcək nəyisə yoxdur. Reallıq bundan ibarətdir. Sadəcə, uzun illərdir erməni lobbisinin ABŞ-da fəaliyyət göstərməsi və az-çox güclü olması Ermənistanı vəziyyətdən çıxarır. Yoxsa erməni lobbisi güclü olmasaydı, Ermənistan belə manevr edə bilməzdi. Ancaq hesab edirəm ki, bu da bəlli bir yerəcən olacaq. Həlqə daraldıqca, ermənilər ABŞ-ı aldada bilməyəcəklər. Bütün bunlar da regionda gedən geosiyasi proseslərin nəticələrindən asılı olan məsələdir”.
Vidadi ORDAHALLI