Elşən Mustafayev: “Dünyada silah satandan çox, silah bazarı axtaran ölkələr və bu istiqamətdə qızğın rəqabət var”
Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev İrəvana səfəri zamanı Azərbaycana silah satışına dair suallarla qarşılaşıb. Kosaçev Rusiyanın Azərbaycana silah satışına dair son məlumatların “2016-cı ilin aprelinə qədər bağlanmış müqavilələrlə” bağlı olduğunu deyib.
Habelə bildirib ki, onun informasiyasına görə, Rusiya Azərbaycana daha əvvəlki miqyasda silah satmayacaq. “Rusiya 2016-cı ilin aprelinə qədər imzalanmış müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirir. Və biz bunu etməliyik, çünki müqavilənin şərtləri var. Lakin bu situasiya həmin kəskinləşmə ərəfəsinə qədər idi və məndə olan informasiyaya görə, daha indiki miqyaslarda həyata keçirilməyəcək. Şübhəsiz ki, biz 2016-cı ilin aprelində baş verən situasiyaya reaksiya veririk. Buna heç bir şübhə yoxdur” .
Rusiya rəsmisinin verdiyi açıqlamada diqqəti iki aspekt çəkir. Birincisi, guya 2016-cı ilin aprel hadisələrindən sonra Rusiya Azərbaycanı cəbhədə əldə etdiyi uğurlara görə bu yolla cəzalandırır. İkincisi, guya Rusiya iki ölkəyə münasibətdə Azərbaycana silah satışını kəsərək, Ermənistana üstünlük verəcək. Kosaçevin bu açıqlamasını nə dərəcədə həqiqətə uyğun saymaq olar?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, dünyada silah satışına görə Rusiya öncül yerlərdən birini tutur: “Rusiya kimi ölkələrə qaynar konfliktlər eyni zamanda silah satmaq üçün lazımdır. Onlar bu vasitə ilə həm siyasi maraqlarını təmin edir, həm də iqtisadi gəlirlərini artırırlar. Rusiyanın marağında hər iki tərəfə silah satmaq durur və onlar bunu da edirlər. Silah satışı həm də belə əməliyyatdır ki, onun heç də bütün detalları ictimaiyyət üçün açıqlanmır. Kosaçevə gəldikdə isə, o, deyilən sahə üzrə məsul şəxs sayılmır. Bu yaxınlarda açıqlanan bir beynəlxalq hesabatda qeyd olunur ki, Ermənistan Rusiyadan 124 milyon dollarlıq silah alıb. Bura 6 vahid “Smerç” reaktiv yaylım atəşi sistemi, 200 “Verba” daşınan zenit raket kompleksi və “Kornet” tank əleyhinə raket kompleksləri daxildir. Azərbaycan isə hesabat dövründə az qala 5 dəfə çox -551 milyon dollarlıq silah alıb. Bunlar institut tərəfindən hələ açıq mənbələrdən götürülmüş məlumatlar əsasında açıqlanan rəqəmlərdir. Görürsünüz ki, real faktlar tamamilə fərqli bir mənzərəni ortaya qoyur. Mən bu məsələyə iki aspektdən yanaşıram. Ola bilər ki, həmişə olduğu kimi, erməni mətbuatı Rusiya rəsmisinin fikirlərini öz xeyirlərinə uyğun şəkildə interpretasiya edib. Belə hallarla biz mütəmadi olaraq rastlaşırıq. İkinci versiyam isə bundan ibarətdir ki, Kosaçev ermənilərin həssas yerlərindən tutub, onlara xoş gəlsin deyə, Rusiyanın onlara guya aprel hadisələrinə görə mühüm jest etdiyini deyib. Bir faktı da qeyd edim ki, dünyada silah satandan çox, silah bazarı axtaran ölkələr və bu istiqamətdə qızğın rəqabət var. Rusiya bu addımı atarsa belə, ziyanı özünə dəyəcək. Azərbaycan silah almağa yer tapar”.
Məhəmmədəli QƏRİBLİ