Aqşin Əliyev: “Bizim üçün bu formatın daha bir əhəmiyyəti Ermənistanın bu prosesdən kənarda saxlanması ilə bağlıdır”
Martın 15-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-İran-Türkiyə xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.
Nazirlər regionda sülhün, sabitliyin, rifahın möhkəmlənməsinə xidmət edəcək dərin tarixi köklərə və mədəni əlaqələrə əsaslanan dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirməklə bağlı sadiqliklərini bildiriblər.
Nazirlər, həmçinin, enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramları icra etməklə investisiyalar və ticarətin təşviqi məqsədilə mövcud potensialdan istifadə etmək, eləcə də əməkdaşlığın təşviqini dəstəkləməklə bağlı iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi barədə razılığa gəliblər. Milli nəqliyyat infrastrukturunun beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiya edilməsi məqsədilə coğrafi cəhətdən beynəlxalq tranzit dəhlizlərində əlverişli mövqe tutmuş dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əhəmiyyətli addımların atıldığı vurğulanıb. Görüşdə qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlıq edilməsinin vacibliyi qeyd olunub. Nazirlər terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, silah, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiqliklərini bir daha bəyan ediblər. Həmçinin, ölkələr arasında insanlararası təmasları daha da genişləndirmək məqsədilə mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə ediblər.
Görüşdə ümumi maraq kəsb edən sahələrdə dördtərəfli sahəvi əməkdaşlığa dair fəaliyyət planının hazırlanmasının vacibliyi vurğulanıb. Dördtərəfli formatda müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti bir daha qeyd olunub.
Göründüyü kimi, ilk dəfə olaraq bu dörd region ölkəsi arasında bütün sahələri əhatə edən geniş əməkdaşlıq razılaşması əldə edilib. Bu amil 4 ölkənin gələcək münasibətlərinə hansı formada təsir edəcək?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü ölkələrimiz arasında regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə regionda Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəməri, TAP, TANAP kimi iri, faydalı layihələri həyata keçirirlər. Bu layihələr təkcə bizim region üçün deyil, dünya üçün faydalı, mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, zəngin karbohidrogen ehtiyatlarına malik olan İranın iştirakı ilə yeni siyasi formatın yaranması çox böyük işlərə vəd verir. Üçtərəfli siyasi formatın genişlənməsi, İran kimi ölkənin bu formata qoşulması regionun iqtisadi inkişafı ilə yanaşı, təhülkəsizlik və sülhə də yol açacaq. Türkiyə və İran regionda çox böyük gücə malikdirlər. Onların Azərbaycan və Gürcüstanla birgə layihələrdə iştirakına böyük ümidlər bəsləmək olar. Bizim üçün bu formatın daha bir əhəmiyyəti Ermənistanın bu prosesdən kənarda saxlanması ilə bağlıdır. Ola bilsin ki, Gürcüstanla Ermənistan və ya İranla İrəvan arasında ticarət və iqtisadi əlaqələr var. Amma strateji baxımdan Azərbaycan həmin ölkələr üçün əhəmiyyətli və güclüdür. Hesab edirəm ki, Gürcüstan rəsmilərinin də son vaxtlar Ermənistana tez-tez getməsi simvolik xarakter daşıyır. Qonşu ölkə kimi balansı qorumaq naminə o bunu etməlidir. Məlumdur ki, biz olmasaq, bölgədə heç bir geosiyasi layihə baş tuta bilməz. Reallıq budur. Bizi birləşdirən, strateji maraqlarımıza cavab verən istiqamətlər dünya səviyyəli layihələrdir. Hesab edirəm ki, yeni əməkdaşlıq formatı ölkələrin hər biri üçün həm təhlükəsizlik, həm də iqtisadi baxımdan çox faydalıdır. Bunun regionun inkişafına da ciddi təsiri olacaq”.
Məhəmmədəli QƏRİBLİ