Şəlalə Cəsur: “Əminəm ki, ölkəmiz bu istiqamətdə ciddi uğurlara imza atmağı bacaracaq”
Azərbaycan Prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən 6-cı Qlobal Bakı Forumunun açılış mərasimində bildirib ki, Forumda beynəlxalq gündəliyin aktual məsələləri müzakirə ediləcək, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürüləcək. Dövlət başçısı qeyd edib ki, Bakıda keçirilən beynəlxalq tədbirlər, Avropa və İslam Həmrəyliyi Oyunları müxtəlif millətlərin nümayəndələrini, müxtəlif fikirli insanları bir araya gətirir.
Azərbaycanda tolerantlıq mühitindən söz açan dövlət başçısı qeyd edib ki, Azərbaycan bu sahədə dünyaya nümunə göstərir. Diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Prezident İlham Əliyev bildirib ki, azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıblar. İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələr dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini tapıb. “Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin regional əməkdaşlığı uğurla davam edir: "Keçən ilin oktyabrında açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə iki həftə ərzində Asiyadan Avropaya yükləri daşımaq mümkündür. Asiya və Avropadan olan tərəfdaşlar artıq bu dəmir yolundan istifadə edirlər və dəmir yoluna maraq artmaqdadır. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın məramı Asiya və Avropa, müsəlman və xristian dünyası arasında anlaşmanı gücləndirməkdir. Azərbaycan regionda sabitləşdirici rol oynayır və onun bu rolu yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bildirib ki, gələn ay Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına evsahibliyi edəcək. İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edən Azərbaycan hazırda Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi üzərində işləyir. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, bütün bunlar Azərbaycanın məqsədinin dostluq və tərəfdaşlığa yönəldiyini göstərir. Qazanılan nailiyyətlər göstərir ki, Azərbaycan düzgün yoldadır.
Göründüyü kimi, ölkə başçısı Azərbaycanın məramının Asiya və Avropa, müsəlman və xristian dünyası arasında anlaşmanı gücləndirməkdən ibarət olduğunu bildirib. Azərbaycanın səyi ilə belə böyük bir anlaşma baş tutsa, nə baş verəcək?
Ekspert Şəlalə Cəsur qəzetimizə bildirdi ki, Prezident Azərbaycanın yürütdüyü mühüm siyasətin məhz bu aspektinin konturlarından qısa danışıb: “Ölkəmizin yürütdüyü siyasətin məhz bu sahəsi bütün dünya ölkələri üçün örnək yaradacaq səviyyədədir. Biz barışı, birgəyaşayışı, dini dözümlüyü dövlət siyasətimizin tərkib hissəsi elan etmişik. Bu, bəşəri bir ideyadır. Ölkəmiz bu ideyaların yalnız öz daxilimizdə bərqərar olmasında maraqlı deyil. Biz bunun dünyaya yayılması və sivilizasiyaların yaxınlaşmasında maraqlıyıq.
Ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və əminamanlıq şəraitində yaşayırlar. Azərbaycan Şərqlə Qərb arasında təbii körpüdür və Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu mənada Azərbaycan Avropa ilə İslam dünyası ölkələri arasında əlaqələndirici rol oynamağa, dialoqun, tərəfdaşlığın dərinləşməsinə öz töhfəsini verməyə çalışır.
2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olundu. Bu çərçivədə çoxsaylı tədbir keçirildi. Azərbaycanın lV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi dünyada islam həmrəyliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə stimul verdi. Sivilizasiyaların toqquşması son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyllərini artırır. Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və ya qeyri-leqal qurumlar fəaliyyət göstərirlər. Bu sırada neofaşistləri, skinxedləri və digər millətçi təşkilatları göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır.
Tolerantlıq hər bir ölkənin demokratik səviyyəsini müəyyən edən başlıca amillərdən biridir. Bu gün həm islam, həm də xristian “pərdəsi altında gizlənərək” məkrli niyyətlərini həyata keçirməyə, gərginlik yaratmağa çalışan terrorçu qruplaşmalar, təşkilatlar var. Azərbaycanın tutduğu mövqe məhz bu zərərli meyllərin aradan qalxmasına yardımçı olur. Azərbaycan bu təşəbbüsü ilə böyük bir missiyanın altına girib. Təsəvvür edin ki, bütün dünyanı narahat edən sivilizasiyaların qarşıdurmasının qarşısının alınması istiqamətində az da olsa irəliləyişə nail olunsa, bu, ölkəmizin dünyadakı nüfuzunu bir qədər də artırmış olacaq. Əminəm ki, ölkəmiz bu istiqamətdə ciddi uğurlara imza atmağı bacaracaq”.
Məhəmmədəli QƏRİBLİ