Hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparan bir qrup şəxs – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərini dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub. Avropada fəaliyyət göstərən diaspor dairələrindən əldə olunan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yuxarıda adları çəkilən şəxsləri bir araya gətirərək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.
Özlərini söyüş istehsal edən bir makinaya çevirən insanlara havadar çıxan və onlara verdikləri pul müqabilində istənilən mahnını çaldıranların adı yalnız “Quska” ilə bitmir. Bu sırada ölkədə etdiyi dələduzluqlara görə nəzərdə tutulan məsuliyyətdən yaxa qurtarmaq üçün Avropaya qaçmış Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin, erməni lobbisinin təsiri altına düşmüş sabiq səfir Arif Məmmədovun və etdiyi cinayətə görə yalvararaq ölkə rəhbərliyindən əfv diləyən, ona qarşı edilən humanistliyin müqabilində azadlığa qovuşan, sonra müalicə adı ilə xaricə gedib oradan xislətində olanları yenidən büruzə verən Leyla Yunusun adı çəkilir. Bildirilir ki, Azərbaycanın simvollarını, mənəvi dəyərlərini hədəf kimi seçən həmin kampaniyanı aparmaq üçün Leyla Yunus ABŞ-ın NED adlı təşkilatından külli miqdarda qrant alıb. Hətta alınan pulun məbləği də deyilir. Bu, 94 min avro təşkil edir. Əvvəlki adətinə uyğun olaraq, həmin məbləğin böyük hissəsini mənimsəyən Leyla Yunus yerdə qalan kiçik bir məbləği söyüş söyənlərə ayırıb.
Vaxtilə Azərbaycanda başıqırxıq idmançılardan ibarət olan dəstələri ətrafına toplayaraq insanlara qarşı reketlik edən və buna görə quldurbaşı kimi ad çıxaran “Quska” ləqəbli Hüseyn Abdullayev həmin vaxt topladığı sərvəti hazırda öz ölkəsinə qarşı istifadə edir. “Quska” verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərindən Azərbaycan Prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda, dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edir.
“Quska” başladılacaq kampaniyalar üçün həmin təxribatçıların lazımi qədər vəsaitlə təmin olunacağına söz verib. Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı “düşmən” obrazı yaradılsın. Daha sonra “Quska” Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı, Orduxan Teymurxanın dayanmasını istəyib.
Müzakirələrdən sonra adları çəkilən şəxslər Hüseyn Abdullayevin bu təkliflərini qəbul edərək, hərəkətə keçiblər.
Mənbənin məlumatına görə, artıq “Quska” ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb. O, vəsaitin davamlı olacağını söz verib. Emin Milli Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyası aparan “Meydan TV” adlanan “media” resursunun rəhbəridir. Hüseyn Abdullayev kimdir?
Qeyd edək ki, Azərbaycan cəmiyyətində kriminal “Quska” obrazı yaratmış Hüseyn Abdullayev vaxtilə ölkəmizdə jurnalistlərə, vətəndaş cəmiyyətinin üzvlərinə saxladığı “qoçu dəstələri” ilə hücum çəkməyi ilə yadda qalıb.
2007-ci ildə Milli Məclisin iclası zamanı deputat həmkarına nalayiq söyüşlər söyən və sonra da ona hücum edən Hüseyn Abdullayevin deputat mandatı əlindən alınıb və həbs olunub. Bundan sonra isə Hüseyn Abdullayev müalicə almaq adı ilə Azərbaycanı tərk edərək Almaniyaya qaçıb.
Bu məlumatların doğru olduğunu Avropanın müxtəlif ölkələrində yaşayan mühacir soydaşlarımız da təsdiq edirlər. Onlarla Avropadakı soydaşımız sosial şəbəkələr vasitəsilə bu faktları ifşa edən statuslar paylaşıblar. Onların sırasında müxalif mövqeli adamlar da az deyil. Çox maraqlıdır ki, bu məsələdə onlar Azərbaycan dövlətilə həmrəylik nümayiş etdirir, mənəvi sapıqları lənətləyirlər.
Təqdim olunan faktlardan aydın görünür ki, son günlər ölkəmizə qarşı vüsət alan bu çirkin kampaniyanın arxasında böyük maraqlar durur. Bu işdə Azərbaycan dövlətilə düşmən olan dairələrin də əlinin olmasına qətiyyən şübhə yoxdur. Ancaq Vətəndən oğurladıqları pullarla öz dövlətinə qarşı təxribatla məşğul olan “Quska”lar, Elşadlar, Leylalar, Ariflər bilsinlər ki, bu cür avantüralarla nəyəsə nail ola bilməyəcəklər. Çünki Azərbaycan dövləti çox güclüdür. Onun əsas ilham aldığı mənbə isə sonsuz olan xalq sevgisidir.
Məhəmmədəli QƏRİBLİ