Məlum olduğu kimi, bu günlərdə Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixail Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.
Görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığın tamamlanaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi diqqət mərkəzində yer alıb. Eyni zamanda iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Nazir Elmar Məmmədyarov ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyini, təhlükəsizliyin gücləndirilməsini, separatçılığa qarşı mübarizənin vacibliyini qeyd edib. İran XİN başçısı Məhəmməd Cavad Zərif bu görüşü bir çox sahələrdə, həmçinin energetika, nəqliyyat, turizm sektorlarında yeni əməkdaşlığa başlamaq və regionda sülhün qorunması üçün yaxşı fürsət adlandırıb.
Qeyd edək ki, 2017-ci il sentyabrın 6-da Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, dekabrın 20-də isə Azərbaycan - İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. İndi görüş artıq dördtərəfli formata keçrilir. Bu isə ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir və baş verənlərin regionda iqtisadi müstəvidə mühüm yeniliklərə səbəb olacağı qeyd olunur. Bütün bunlar isə, iştirakçı ölkələr üçün yeni üstünlüklər vəd etdiyi halda, Ermənistanda çox ciddi narahatlıqla qarşılanır. Çünki yaranmış durumda Ermənistanın təcridinin daha da dərinləşməsi gözlənir. Erməni politoloq Sarkis Artsruni ölkəsinin bu gedişlə daha acınacaqlı vəziyyətə düşəcəyini bəyan edir. O qeyd edir ki, Azərbaycanın təşəbbüsü ilə formalaşmış Azərbaycan-İran-Rusiya və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatları Ermənistanın təcridinin daha da dərinləşməsinə gətirib çıxaracaq. Artsruni vurğulayır ki, Azərbaycanın əsas məqsədi Ermənistanı qlobal regional layihələrdən kənarlaşdırmaqdır: “Azərbaycan ardıcıl olaraq Ermənistanın təcrid edilməsi siyasətini həyata keçirir. Bu məqsədlə ikitərəfli və çoxtərəfli imkanlardan istifadə olunur”.
Xatırladaq ki, Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində dəfələrlə aydın şəkildə bəyan edilib ki, Ermənistan işğal altında saxladığı əraziləri azad etməyincə, bütün regional layihələrdən kənarda qalacaq. Artsruni isə bildirir ki, belə vəziyyətdə yeni, dördtərəfli Azərbaycan–Türkiyə-Gürcüstan-İran əməkdaşlıq formatının yaranması da Ermənistan üçün ciddi zərbədir: “Dördtərəfli format Bakıda Ermənistanın təcrid edilməsi faktını bəyan etmək üçün növbəti səbəbdir. Həqiqətən narahatlıq doğuran budur ki, Ermənistan bütün mümkün regional inteqrasiya layihələrindən kənarda qalıb. Belə düşünmək olar ki, Ermənistanın xarici siyasətində heç bir məntiq yoxdur”. Onun fikrincə, bütün bəla ondadır ki, Ermənistanın öz qonşuları Gürcüstan və İranla münasibətləri ikitərəfli formatla məhdudlaşır, regional komponent kənarda qalır: “Ermənistanın xarici siyasəti cari problemlərlə məhdudlaşır, Bakıda isə bundan bacarıqla istifadə edirlər”. Bütün bunlar onu göstərir ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz xarici siyasətini dürüst formalaşdırır və bunu düşmən ölkədə də aydın sezirlər. Bu məsələdə Azərbaycan yalnız öz imkanlarına, səmərəli iqtisadiyyatı, tarazlaşdırılmış xarici siyasəti sayəsində yaranmış böyük potensialına güvənir. Bu fonda isə Artsruni öz ölkəsinin hökumətinə regionda əməkdaşlığın yeni formatlarının yaradılması barədə düşünməyi tövsiyə edir: “Belə formatlar Azərbaycanın siyasətinin nəticələrini neytrallaşdırmağa imkan verər. Amma indiki vəziyyətdə hadisələrin bu səpkidə inkişaf edə biləcəyinə ümid yoxdur. Ermənistan regionda zəif bənddir. Rusiyanın “balaca anbarı” sayılan bir ölkə ilə bağlanmağa kimin həvəsi olar? Əməkdaşlıq isə imkanların bərabər olmasını nəzərdə tutur. Ermənistann imkanları çox zəifdir. İrəvanın qeyri-adekvat siyasəti Ermənistana marağı zəiflədir”. Proseslər göstərir ki, həm Türkiyənin, həm İranın, həm də Gürcüstanın siyasi elitasında üstünlük təşkil edən praqmatiklər məsələyə sayıqlıqla yanaşır. Onlar bilirlər ki, Azərbaycanla əməkdaşlıq həmin ölkələrə Ermənistanla müqayisəyəgəlməz dərəcədə artıq fayda gətirir və gətirəcək. Digər tərəfdən aydın görünür ki, İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı sayəsində Tehran tezliklə Avropa bazarlarına çıxış imkanı əldə edəcək. Özünü çıxılmaz vəziyyətə salmış Ermənistan isə İrana bu cür imkanlar yarada bilməz. Bu mənada region ölkələrinin Azərbaycanla artan əməkdaşlığı paralel olaraq Ermənistanın təcridinin daha da dərinləşməsinə rəvac verir.
NAHİD