Cari il ərzində Azərbaycanın daha bir problemli məsələnin çözümünə birdəfəlik son qoyması gözlənir. Söhbət keçmiş SSRİ-nin dağılması ilə Azərbaycana miras qalan ən böyük problemlərdən biri sayılan Xəzərin hüquqi statusundan gedir. Amma son rəsmi açıqlamalardan belə bəlli olur ki, ilin ikinci yarısında artıq bu məsələ də çözümünü tapa bilər. Belə ki, son məlumatlara görə, Xəzər dənizinin statusu barədə konvensiya artıq hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da qeyd edir ki, Xəzər dənizinin statusu barədə konvensiya bu il imzalanacaq.
Nazir bildirib ki, konvensiya bu il Qazaxıstanda keçiriləcək beşinci sammit zamanı imzalanacaq: “Dekabr ayında Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərləri toplandı və bu konvensiyanın bütün maddələri razılaşdırıldı. Hazırda hər üzv ölkənin dilində olan mətnlərin tutuşdurulması prosesi gedir”.
Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov isə qeyd edir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti bu ilin ikinci yarısında keçiriləcək. O bildirib ki, sammitdə Xəzərin statusuna dair konvensiyanın imzalanması gözlənir: “Bu, Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasında imzalanacaq bir sənəddir. Tərəflər bütün detallarda razılaşıblar. Sənədin mətni, demək olar ki, hazırdır”. Nazir qeyd edib ki, hazırda bəzi daxili prosedurların başa çatması gözlənir, bundan sonra sammitin dəqiq vaxtı açıqlanacaq. Xəzərin hüquqi statusunun müəyyən edilməsi nəticə etibarı ilə Azərbaycana və digər sahilyanı ölkələrə burada mübahisəli yataqlar probleminə də birdəfəlik son yqomağa imkan verəcək.
Hazırda Azərbaycanın bu məsələdə problem yaşadığı ölkələr Türkmənistan və İrandır. Artıq Aşqabad bu məsələdə Azərbaycanla ortaq mövqedən çıxış etməyə hazır olduğunu bildirib. Eyni mövqenin İran tərəfindən də sərgilənməsi gözlənir. Yeri gəlmişkən qeyd edək ki, Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bu xüsusda müəyyən maraqlı açıqlamalar verib: "Biz İranla energetika sahəsində uğurla əməkdaşlıq edirik. Azərbaycan İranla birlikdə Xəzər dənizində birgə neft və qaz hasilatı sahəsində də əməkdaşlıq etmək niyyətindədir". Yaranmış durumda Xəzərdə məşhur “Transxəzər” boru kəmərinin reallaşması istiqamətində də əməli addımlar atılması gözlənir. Məsələ ilə bağlı Rusiyanın “rosbalt” portalı yazır ki, artıq Türkmənistan qazının Azərbaycandan keçməklə Avropaya nəqli qaçılmaz olacaq: “Azərbaycan təbii qazının Avropaya ixracatı üzrə TANAP layihəsinin gerçəkləşdirilməsi praktik olaraq bitib. Azərbaycan qazının TANAP üzrə altı milyard kubmetr həcmində ilk tədarükləri, gözlənildiyi kimi, artıq bu il başlanacaq, TAP isə sırf Avropanın ehtiyacları üçün 2020-nin başlanğıcında işə düşəcək. Onunla tədarük həcmi ildə 10 milyard kubmetr qaz təşkil edəcək. Qərb TANAP və TAP layihəsinin gerçəkləşdirilmə tərəqqisindən məmnundur və energetik güvənliyin təminatında Avropanın səylərini həmişə dəstəkləyib. Enerji təchizatı qaynaqlarının şaxələndirilməsi güclü Avropanın varlığı üçün həlledici önəmə malikdir. TANAP və TAP layihələrinin gerçəkləşdirilməsi Avropa güvənliyini gücləndirəcək. Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç isə ümumiyyətlə hesab edir ki, Avropa Azərbaycan qazının sayəsində həmişəkindən daha güclü olacaq. İndilikdə maraqlısı odur ki, Avropa Birliyi İranın da “Cənub Qaz Dəhlizi”nə qoşulmaq imkanlarını müzakirə etməyə hazırdır. İran qazına maraq təbiidir: qaz tədarükünün tam şaxələndirilməsi üçün Avropa Azərbaycandan başqa digər mənbələrə də maraq göstərir. Avropa bu fonda artıq Türkmənistanın da “Cənub Qaz Dəhlizi”nə qoşulması imkanını nəzərdən keçirir. Şefçoviçin sözlərinə görə, Avropa Birliyi Aşqabadla bu məsələ üzrə danışıqlar aparmaq üçün bir neçə il əvvəl “mandat alıb”. İndiyə qədər problem Xəzər dənizinin dibi ilə boru kəmərinin inşasına dirənir – Rusiya və İran “ekoloji təhlükə” üzündən buna qarşı çıxış edirdi. Lakin Xəzər dövlətləri artıq məsələni həll edib və uyğun konvensiya layihəsi hazırdır. Onu bu ilin axırına qədər Astanada təsdiqləmək planlaşdırılır. Ayrıntılar hələlik elan olunmur, amma artıq məlumdur ki, su hövzəsi sektor prinsipilə bölünəcək. Türkmənistanı Azərbaycanla birləşdirən ”Transxəzər” sualtı boru kəmərinin inşası isə bu layihənin gerçəkləşməsinə yardım edəcək. Hazırda Azərbaycan qazının Bolqarıstan üzərindən Cənub-Şərqi Avropanın başqa bazarlarına tranziti üçün əlavə marşrutların inşası imkanları araşdırılır”. Belləiklə, Xəzərdə statusla bağlı mövqelərin razılaşdırılması “Transxəzər”in yolunda əsas maneənin aradan qalxması deməkdir. Amma həmin kəmər olmasa belə, artıq məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizlyində böyük rol oynayacaq.
Tahir TAĞIYEV