Ramil Hüseynov: “Heç cür imkan vermək olmaz ki, separatçı qurum hansısa formada təbliğ olunsun”
Məlum olduğu kimi, işğal altındakı Dağlıq Qarabağda oyuncaq rejimin başçısı Bako Saakyan, rəsmi Bakının etirazlarına rəğmən, ABŞ-a gedib. Halbuki, o cür separatçı qurum rəhbərinə viza verməyin özü böyük səhvdir. Baxmayaraq ki, ABŞ sözügedən separatçı qurumu tanımır. Digər tərəfdən, o da bir reallıqdır ki, postsovet məkanında olan digər separatçı qurumlara münasibətdə rəsmi Vaşinqton daha sərt mövqe sərgiləyir.
Bütün bunlar azmış kimi, yayılan məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Meriland prospektinin adı dəyişdirilərək “Artsax” adlandırılacaq. Bu barədə Amerika Erməniləri Milli Komitəsinin rəsmi səhifəsində məlumat verilir. Qərar şəhər şurasında səsvermə nəticəsində yekdilliklə qəbul olunub.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl ABŞ səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib. Notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub.
Bütün bunlardan sonra Kaliforniya ştatının Qlendeyl şəhərində küçələrin birinə “Artsax” adının verilməsi təşəbbüsünü anlamaq mümkün deyil. Separatçı qurumu bu formada təbliğ etmək nə deməkdir?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, həqiqətən belə bir istək varsa, bunun qarşısını almağa çalışmaq lazımdır: “Əvvəla nəzərə almaq lazımdır ki, sözügedən məlumatı Amerika Erməniləri Milli Komitəsi yayıb. Hesab edirəm ki, birinci növbədə məlumatın nə dərəcədə doğru olub-olmadığını yoxlamaq lazımdır. Belə bir məlumat doğrudursa, dərhal istər rəsmi, istərsə də qeyri-rəsmi formada buna etiraz edilməlidir. Qeyri-rəsmi forma deyəndə lobbi qurumlarının etiraz etməsini nəzərdə tuturam. Eyni zamanda, bunun qarşısını almağa çalışmalıyıq. Bir məqamı diqqətdən qaçırmaq olmaz ki, Kaliforniya ABŞ-ın ən böyük ştatıdır. Həmçinin, sözügedən ştat Birləşmiş Ştatlarda aparıcı mövqeyə malikdir. Ən pisi odur ki, erməni lobbisi məhz Kaliforniya ştatında böyük nüfuza və çəkiyə malikdir. Çünki sözügedən ştatda çoxsaylı erməni yaşayır və bu səbəbdən də erməni lobbisinin əsas özəyi Kaliforniyada təmərküzləşib. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələyə son dərəcə ciddi yanaşmaq və prosesləri izləmək lazımdır. Bütün mümkün vasitələrlə bunun qarşısını almaq lazımdır. Heç cür imkan vermək olmaz ki, separatçı qurum hansısa formada təbliğ olunsun. Ermənilərin də məqsədi, zatən, təbliğat kampaniyasını genişləndirməkdir. İnformasiya siyasətlərini yalan üzərində quran ermənilər, bəzi hallarda dünya ictimaiyyətini aldada bilirlər. Ona görə də qətiyyən buna yol vermək olmaz. Hesab edirəm ki, Birləşmiş Ştatlarda fəaliyyət göstərən diaspor qurumları, o cümlədən türk diaspor təşkilatları da bunun qarşısını almaq üçün səylərini birləşdirməlidirlər. Vaşinqtonla yanaşı, Kaliforniyadakı müvafiq qurumlara müraciət olunmalı və məsələnin mahiyyəti onlara izah edilməlidir”.
Vidadi ORDAHALLI